Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Varlı Və Kasıb

Vaxtilə çox varlı bir adam vardı. O qədər varlı idi ki, malının və pulunun hesabını bilməzdi. Yenə də son dərəcə xəsis idi.

Günlərin bir günü qapısına bir kasıb gəldi kömək üçün.
- Allah xətrinə qarınımı doyurun, deyərək yalvardı. Mərhəmətsiz varlı:
- Rədd ol qapımdan. İşləyib qazanmaq əvəzinə dilənirsən, utanmırsanmı? Rədd ol dedim...
Kasıb boynunu bükdü.
- Nə qəribədir. Mən kasıb olduğum üçün üzümü buruşdururam, sən varlı olduğun halda gülməyi, gözəl söz söyləməyi unutmusan.
- Rədd ol dedim, rədd ol..
- Qürurlanma, nə kasıblıq, nə zənginlik əbədidir.. Bir gün bütün malını itirib kasıb ola biləcəyini heç düşündünmü?
Mərhəmətsiz varlı tamamilə əsəbiləşdi. Xidmətçisinə qışqırdı:
- Rədd et bunu başımdan! Xidmətçi əzilə-əzilə kasıbı qovdu. Bir neçə il keçdi...

Mərhəmətsiz xəsis varlının işləri pozuldu. Hər şey tərs getməyə başladı. Sanki qızılı tutsa kömür olurdu. Bütün pulu qısa müddət içində ərimiş, əlində ovucunda heç bir şey qalmamışdı.

Və bir gün xidmətçisi qarşısında dayandı:
- Mənə icazə ver,-dedi. Pulumu verə bilmədiyin üçün yanında işləyə bilmərəm. Özümə başqa bir ev axtarıram.
Köhnə varlı qışqıra-qışqıra xidmətçini qovdu. Xidmətçi getdi, mərhəmətli bir varlının yanında iş tapdı. Yeni müdiri çox yaxşı ürəkli idi. Qapısına gələn hər kasıbın qarnını doyurar, paltar verər, cibinə də bir miqdar cibxərcliyi qoyub duasını alar, elə göndərərdi.

Bir gün yenə qapısına bir kasıb gəldi. Adam pərişan halda idi. Günlərcə yemək yemədiyi ilk baxışda məlum olurdu. Qapıdan əlini uzatdı:
- Allahın razılığı üçün bir dilim çörək verin.
Yaxşı ürəkli, mərhəmətli və comərd varlı xidmətçisini çağırdı. Qapıdakı dilənçini göstərib:
- Yemək ver,-deyə əmr etdi, kürəyinə paltar geydir, cibinə cibxərcliyi qoy...
Xidmətçi qapıdakı dilənçiyə yemək apardı. Amma üzünü görəndə heyrət içində qaldı. Varlıya tərəf qaçdı təngnəfəs:
- Bəy,-deyə danışdı, qapıdakı dilənçi kimdir, bilirsinizmi?..
- Kimdir?..
- Mənim köhnə müdürüm! Yanından ayrıldığım xəsis varlı!..

Mərhəmətli varlı gülümsədi.
- Bəs məni tanıdınmı?-deyə soruşdu. Sən onun yanında işləyərkən qapısına gəlmişdim. Məni qovmağını söyləmişdi. İşlə və qazan, dilənməyə utanmırsanmı? demişdi. Allahın hikmətinə bax ki, o kasıblaşdı mən varlı oldum. Kimsə sərvətinə güvənməməlidir, kimsə də kasıblığından utanmamalıdır. Allah hər kəsin Rəbbidir, bol xəzinəsindən istədiyinə verər. Qul özünə verilən sərvəti Allah yolunda xərcləməlidir...

Gəlin heç vaxt pula aldanmayaq!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 118 Bölmə: Sevgi varmı?
loading...