Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tenha Xanima Gece Oxusu..Cadugizleden

Təzə aldığı qara, donuzburun tufliləri çıxarıb taxta pilləkənin altına –dərnəyə qoydu, üzü bozarmış rus qaloşlarını götürüb geyindi, şalvarının balaqlarını coraba keçirib dikəldi. Bibisi artırmada dayanıb bəzi məsləhətlər verdikdən sonra əlindəki qara parçadan tikilmiş dördbucaq bir şeyi onun ovcuna basıb ərəbcə nəsə oxudu.
Belə işə gedərkən çox vaxt tufli geyməzdi. Tuflidə qaçmaq, hasarı hoppanmaq olmurdu. İndiki ayaqqabıları keyfiyyətli düzəltmirlər, hamısını Bakının rütubətli zirzəmilərində hazırlayıb üstünə xarici markaların etiketlərini yapışdıraraq göndərirlər aeroportun rastabazarlarına. Heç adamın inanmağı da gəlmir ki, “Bekkor”, “Jinjatao”, “Xwolker”, “Lettomios” məhşur ayaqqabı markaları ola bilər. Keçən ay aldığı “Arametto” ayaqqabını 3 dəfə pinəçiyə apardıqdan sonra isə yalnız toydan-toya, gəzməkdən-gəzməyə, özü də əlahiddə ehtiyatla geyinirdi. Ən rahatı rus qaloşlarıdır.
Həyətdən çıxarkən pələdin köhnə dəmir qapısı həmişəki kimi bərkdən cırıldadı.
Küçə qaranlıq və bomboş olsa da göydə saysız ulduzlar parıldayırdı, ay görünmürdü. Evlərdən gələn zəif lampa işıqları da qaranlıqda parça-parça olub yox olurdu. Ətraf bomboz idi. Bəzi axşamlar, o hələ yeməyini yeyib çayxanaya uşaqlarla laqqırtı vurmağa getməmişdən qabaq bibisi taxçadan qalın kitablardan birini götürüb vərəqləyər, ərəbcə anlaşılmaz cümlələr oxuyardı. Ramazan ayı ərəfəsində isə axşamçağıları rahat yerindən durğuzub çöldə aya baxmağa vadar edərdi. Bibi ay görünməmiş iftar açmazdı, deyirdi ki, indiki mollalara inam yoxdu, təqvimləri kefləri istəyən kimi necə gəldi tuturlar. Sonra elə həmən qalın kitablardan oxuyub davam edirdi ki, ayın müxtəlif formaları olur. Sən demə onun bir çox dəfə gördüyü ərəb qılıncı kimi əyri, top kimi yumru formaların hərəsinin öz adı var imiş. Müsəlmanlar ayın əsasında təqvim də düzəldiblərmiş. Onun isə nə ayın müxtəlif formalarının hərəsinin öz adının olmasından, nə də ay təqvimindən xəbəri yox idi, əslinə qalsa ay heç onun vecinə də deyildi. Vecinə olan isə başqa şeylər idi, qızlar, seks, əyləncə və bir də ulduzlar.
Bir də ulduzlar. Daha doğrusu “kvadrat başlı it” bürcü. Bir-birindən bərabər məsafədə kvadrat formasında düzülmüş 4 ulduz və həmən ulduzları ətrafdakı yaxın ulduzlardan uyğun gələnləri ilə xəyali xətlərlə birləşdirdikdə qabaq ayaqlarını havaya qaldırmış kvadrat başlı it alınırdı. Əsgərlikdə kəşf etmişdi o bürcü. Kişilər ömürlərinin yalnız bir fazasında ulduzları doyunca seyr edə bilərlər, o da əsgərlikdə gecə növbəsində olduqları zaman. Gecə gözətçisi olduğu günlər o yan bu yana gəzişməkdən yorulanda bir yerə söykənib ulduzlara tamaşa edərək növbənin bitməsini gözləyərdi. Beləcə dayanıb ulduzları seyr edər, onların yaranması haqda cürbəcür fərziyyələr irəli sürərdi: ulduzlar eramızdan əvvəl naməlum planetlərdə bayram günlərində yad planetli şəhər merlərinin təşkil etdikləri atəşfəşanlıq üçün Avropa malı adıyla ucuz qiymətə aldıqları zay Çin fişənglərinin partlayandan sonra havada asılıb qalmış sönmüş qığılcımlarıdır. Və bir dəfə yenə o yan bu yana hərlənməkdən yorulub ulduzlu səmanı seyr edərkən “kvadrat başlı it”i kəşfini etmişdi və elə o andan da azərbaycanlı olduğuna görə özünə nifrət etmişdi. Nyuton azərbaycanlı olsaydı onun “Ümumdünya cazibə qanunu”nuna heç cırt atan da olmazdı. Təxris olunan günə qədər gecə növbələri zamanı öz sevimli “kvadrat başlı it”inə tamaşa edir, bu kəşfi dünya ictimaiyyətinə çatdırmağın yollarını düşünürdü, boğazında kəpənək qalstuk əynində dirijorların geydikləri qaranquş quyruq kostyum şax dayanıb Nobel mükafatı alırdı.
Təxrisdən sonra bütün təmtəraqlı təltif mərasimlərini və “kvadrat başlı it”i yadından çıxardı. Amma bir gecə yarı əsgərlikdən dönməsi şərəfinə təşkil olunmuş qonaqlıqların birindən qayıdarkən necə oldusa başını qaldırıb səmaya baxdı və “kvadrat başlı it”i görər-görməz uşaqlıq dostu ilə rastlaşmış kimi könüldən sevinərək “kvadrat başlı it”in kənd səmalarına necə gəlib çıxdığına təəccüb etdi və sonra qəhqəhəylə dedi: “HƏQİQƏTƏN DÜNYA FIRLANIRMIŞ”.
O gecədən sonra hər axşam evdən çıxarkən birinci başını qaldırıb ulduzlu səmaya baxır, “kvadrat başlı it”inə tamaşa etdikdən sonra yoluna davam edərdi. “Kvadrat başlı it”i qabağına çıxanda bütün işləri düz gətirirdi.
İşi-gücü çayxanada taytuşlarilə laqqırtı vutrmaqdan, nərd, domino oynamaqdan, gündə 3 dəfə heyvanları yemləməkdən, çöldə-bayırda yulğun qırıb qışa odun tədarükü görməkdən ibarət idi. Anadan olan qış ilk dəfə olaraq qazları gəlmədi – Sovet hökuməti dağılandan bir il sonra doğulduğu üçün, atası müstəqillik şərəfinə oğlunun adını Azad qoydu- bibisinin dediyinə görə həmən qışı elektrik cihazları ilə evləri bir təhər isidiblər, keçən il kənddəki bütün evlərə qaz sayğacları quraşdırılsa da hələ də qazları gəlmirdi, hər dəfə odundan qayıdanda qabağına çıxana yaşlı kənd adamlarının cümlələrini eyzən təkrar edərdi; “o boyda Sovet hökumətində ən ucqar dağ kəndlərində bir dənə də olsun qazı gəlməyən ev yox idi… köpək oğlunun rusu, qiyamət idi də”. Həftə sonları Rayon Mədəniyyət Mərkəzinin mərkəzi xiyabanda təşkil etdiyi konsert proqramına tamaşa etməyə də gedərdi. 6-cı günlər saat 3-də xiyabanda təşkil olunan konsertdə hər dəfə vətənpərvərliyə həsr olunmuş eyni mahnılar və bir də 50 – 70 –ci illərin musiqiləri səsləndiyindən konsertə yaşlı adamlardan və dövlət idarə və müəssisələrindən konsertə məcburi çağırılmış işçilərdən başqa heç kəs gəlməzdi. İşçilərin arasında isə gəl-gəl deyən cananlar çox olduğu üçün xüsusilə onun yaşındakı kişilər bu konserti qaçırmazdılar.
Bir qədər hekayəmizə ara verərək qalxıb çəkməcədən xətkeş və karandaşı götürməyi rica edəcəyik. Karandaşla kitabın son hissəsindəki qeydlər bölməsindəki səhifədə üfüqi istiqamətdə bir-birindən 1.5-2 sm aralı 2 paralel xətt çəkin. Çəkdiyiniz birinci xəttin sol yan tərəfindən 0.5 sm aralı 1 dənə şaquli xətt çəkin və istədiyiniz qədər uzadın. Yerdə qalan hissənin tən ortasından bir dənə də şaquli xətt çəkin. Əgər dediklərimizə düzgün əməl edərək nəsə cızdınızsa o zaman öncə çəkdiyiniz 2 üfüqi xəttin arasında biri balaca qalan ikisi eyni boyda olmaqla 3 dördbucaqlı alınmalıdır. Birinci dördbucaqlının içinə “sayı”, ikinci və üçüncü dördbucaqlıların içinə isə müvafiq olaraq “ismətli” və “ismətsiz” (kim istəsə bu xanaya “qəhbə” də yaza bilər) kəlmələrini qeyd etməliyik. Çəkib qurtardınızsa xətkeşlə karandaşı bir kənara tullaya bilərsiniz.
İndi həmən cədvəli diqqətlə nəzərdən keçirin. Bıy, sizin cədvəliniz təkcə cızıqlardan ibarətdir axı, necə də yaddan cıxmışdı? Eybi yox tədricən özünüz doldurarsınız. Amma kənd cavanlarındakı cədvəl çoxdan dolub, ucu-bucağı belə bilinmir. Təbii ki, heç kəs belə bir cədvəl tutub cibində gəzdirmir, bu mücərrəd cədvəllər cavanların beyinlərinə Mendeleyevin “Elementlərin dövrü cədvəli”ndən də möhkəm həkk olunub. Cədvəllərin içi heç də eyni şəkildə doldurulmurdu, əvvəla cədvəldəki bütün qeydlər subyektiv idi, yəni hər cədvəlin “ismətli” qrafasında ilk sıralarda cədvəl sahibinin ana-bacısının, qadın qohumlarının adları qeyd olunurdu. Bəzən bir cədvəldə “ismətli” qrafasında olan isim başqa birinin cədvəlində “ismətsiz” qrafasında idi, bu da əsasən iki nəfərin söhbəti düşərkən birinin digərinə “qəhbənin balası”, “bacısı qəhbə” “peysər” kimi küfürlər işlətməsi üçün gərək olurdu. Elə olurdu ki, uzun müddət “ismətli” qrafasında reytinq cədvəlinə başçılıq etmiş xanımın adı bir saatın içində pozulub “ismətsiz” qrafasında yazılırdı, bununla da həmən isimli xanımın yaşadığı kənddə və onun ətrafında kiməsə ərə getmək şansı sıfıra enirdi. Bir məhəllənin uşaqlarının telefonlarında eyni pornolar olduğu kimi cədvəlləri də bir iki nəfər istisna olmaqla eyni olurdu. Cədvəlin sağ qrafasında adı yazılmış qadınlara girişib onunla flirt etmək mümkündür. Hər şey fərasətdən asılıdır. Bizim cəmiyyətdə monoqam ailə üstünlük təşkil etdiyi üçün sol qrafa demək olar ki, hər kəsin ömründə yalnız bircə dəfə işə yarayırdı, sol qrafada adları yazılmış xanımlar saf-çürük edilir, içlərindən babı seçilib elçi göndərilirdi. Beləcə evlənməyə və əylənməyə namizəd bütün cavanlar mücərrəd cədvəldən mütəmadi yararlanırdılar.
Bu yaxınlarda onun cədvəlinin sağ qrafasına yeni bir ad əlavə olunmuşdu. Son günlər işi peşəsi yalnız həmən qızla uğraşmaq idi. Yaxın tanışı əvvəlllər həmən qızla fırlanırmış, yenisini tapandan sonra qızın nömrəsini buna vermişdi. Azad da bir-iki gün telefonda qızla çənə-boğaza verdikdən sonra – srağagün səni Əminağanın dükanında görər-görməz aşiq oldum, gecələri həsrətindən yata bilmirəm, nə olar gəl tanış olaq,… bilirəm heç vaxt oğlanla tanış olmamısan, heç kişilərlə doğru-dürüst danışmağı belə bacarmırsan (YALANSA!)… söyüdlükdə niyə görüşə bilmərik ki, qorxma adına söz çıxarmazlar, onsuz da əvvəl-axır alacağam da səni,… hə bibimlə danışmışam, bir aya elçini göndərəcəm (YALANSA!),… niyə də verməsinlər, məndən artığına verəcəklər,… oldu, gecə saat 12-də həyətinizdəki üzümlükdə görüşərik, mən orda olanda sənə qısa zəng edəcəm… valla mən də qızla birinci dəfədir görüşə çıxıram (YALANSA!),… qorxmurame, sadəcə ehtiyat edirəm, sən də qorxma… sevgilim, tay çox gözlətmə ha, oldu? – nəhayət qız görüşə razılıq vermişdi. Hər gün gecədən keçmiş gizlincə yeni məşuqəsinin həyətlərinə girib üzümlükdə gizlənərək qıza qısa zəng edib görüş yerində olduğunu xəbər verir, qız da hamı yatandan sonra 5 dəqiqəlik adı ilə görüşə gəlir, mərəkdə dan yeri sökülənədək mazaqlaşardılar.
Başqa vaxtı bibisinin tapşırığı olanda xeyli deyinsə də bu gün dinməzcə cadunu alıb cibinə soxuşdurdu, hətta qaloşları geyməzdən qabaq təraş edib odekolonlanmış, axşamçağı da bərbərə baş çəkmişdi. Flakonununun üzərinə Arnold Şvarsnegerin “Terminator-2” filmindən yarımetal üzlü şəkli yapışdırılmış odekolonun iyi balaca aşxananı başına götürdükdə bibisi o dəqiqə gecə aşnasıyla görüşəcəyini anladı, ucuz odekolonun başağrıdıcı sarımtıl qoxusundan gicişən burun pərəklərini ovuşduraraq uşaqlıqdan böyütdüyü yetim qardaşoğlunu tezliklə baş-göz etmək üçün tanrıya dua etdi. Çıxarkən qardaşoğluna səsləndi:
- Ay bala, bilirəme qadın qardaşdan irəlidir, amma sən allah işini ehtiyatla, yerli-yerində gör, sonra get o lotuşkanın yanına.
Bir dəfə yayda – onda hələ bibisi qara əlbisələr deyil, al-əlvan donlar, mini yubkalar geyirdi, çadraya da bürünməzdi, yalnız arada gündən qorunmaq üçün sarı ipək yaylıq örtərdi, kip donunun altından ətlicə əndamı hiss olunar, əyilib pambıq kollarının dibini kətmənləyərkən sallanmış yumru döşləri donun açıq yaxasından bərq vurardı – nahardan sonra çölçülərin sərinlənmək üçün kölgəliklərə çəkildikləri vaxtda həmişə işçilərlə xoş rəftarda olan briqadir Namus tarlanın gözdən iraq bir yerində bibinin ətli əndamını qucaqlayıb kolların arasına yıxdı. Briqadir Namusun gündən qaralmış qalın zənci dodaqları incə boynuna toxunduqca bibi sudan tamarzı quru torpaqlar kimi onun bütün ağırlığını məsudluqla içinə çəkirdi. İri, qabarlı əllərin incə sızıltılı qırmızı cızıqlar açdığı şişmiş döşlərini zorla lifçikə yerləşdirib, baldırlarına yapışaraq dərisini qızartmış torpaq qırıntılarını təmizləyib üst başını tarazlayarkən yerə hopmuş qan izini torpaqlayan briqadirə bu haqda kimsəyə bir kəlmə də deməməsi üçün and içdirdi. Pambıq yığımı bitdikdən sonra hər şey unuduldu, onların bu görüşündən heç kəs xəbərdar olmasa da, həmən mövsümdən sonra bibiyə elçi gələn olmadı.
Qardaşı ilə gəlinləri Bakı-Ələt magistralında yol qəzasında öləndən sonra Azadı böyütmək işi onun üzərinə düşdü. Ali təhsili olmayan, əlindən heç bir iş gəlməyən cavan qadın üçün balaca yetim uşağı saxlayıb böyütmək hər dəfə qardaşoğlunu çimizdirərkən pambıqlıqdakı son və yeganə sevişməni xatırlamaq qədər çətin və acınacaqlı idi.
Bibi bir dəfə səhərə yaxın yuxudan təngnəfəs ayıldı. Həmən gecəni yatağında boğula-boğula xeyli ağladıqdan sonra yuxuya getmişdi. Bütün günü havalı kimi həyət-bacanı gəzdi, sandıqdan qəhvəyi naftalin iyi verən kəlağayını çıxarıb yaşmandı, qonşulara dedi ki, gecə yuxusuna ağ çalmalı nurani sifətli, saqqallı qoca girib – qurbanolduqlarımızdan imiş- deyib ki, sən də bizim nəslimizdənsən, sənə vergi verirəm. Həmən gün günortadan sonra bibi rayon bazarına gedib topuqdan qara yubka, don, 2 ədəd zilqara çarşab və “1001 şəfa”, “Məcməud-dəvəd”, “Cin, şeytandan qaçmağın yolları”, “Qarımış qızı ərə vermək üçün dualar məcmuəsi”, “Ruzini artıqmağın yolları”, “40 sual-cavab” “Möcüzələr, dualar” adlı bir qucaq kitab aldı. Namaz qılmağa başladı. Sonra qonşulara yeni bir yuxu danışdı; səhər ibadətindən sonra aşxananın bir küncündə sərələnib yatıbmış, birdən göyün üzünü qara buludlar bürüdü, ətrafa zülmət qaranlıq çökdü, qəfildən qara buludlar yarıldı, ətrafa səpələnmiş göqamaşdırıcı işıq şölələrinin üzəri ilə bəyaz, ildırım sürətli ərəb atlarının belində əllərində uzun, əyri qılınclar parıltıldayan ağ libaslı, üzləri niqablı adamlar endilər, gəlib bibinin ətrafında dövrə vurdular, ən axırıncı atlı əyilərək bibinin incə belindən yapışıb tərkinə aldı və yenidən şölələrin üzəri ilə qalxaraq nurlar aləmində yox oldular …Ayılanda görür ki, dibində yatdığı boyaqsız, təzə suvanmış nəm divarın üstündə ərpdən cürbəcür cizgilər əmələ gəlib; cizgilərə diqqətlə baxdıqda atlılara bənzər fiqurları aydın seçmək olurdu. Bibi aşxana divarının ərp bağlamış hissəsini üzərinə qara parçalar dolanmış kəndirlə sərhədlədi, divarın dibində şam yandırdı, şamın istisi divarı qurutduğu, ərpi əridib yox elədiyi üçün səhəri gün şamı yığışdırdı yerinə, müqəddəslərin şəkillərin, üzərlik və başqa dini-mistik əşyalar düzdü. İlk müştəri də peyda oldu, anası sınıq qolu əyri bitmiş oğlunu gətirib bir gün “möcüzə divarı”nın dibində yatızdırdı…
Müştərilərin sayı artdıqca həyət-bacada toyuq-cücənin, qoyun-quzunun da sayı artırdı. Kənddə bibiyə fala baxdırmağa, nəzər, cadu götüzdürməyə gəlməyən qalmamışdı. Xəstəsi olan, oğlu olmayan, sonsuz, cinvurmuş, dəlisi olan, evdə qarımış qızı olan, gəliniylə dolanmayan, güzəranı ağır keçən qoltuğunda pay-parça ilə bibinin ocağına gəlirdi. Bibi işinə o qədər aludə olmuşdu ki, hətta ərəbcə öyrənir, hər gün mütaliə edirdi. Bir neçə günlüyə paytaxta səfər edib məşhur ekstrasens, falçı, münəccim, ostroloq, cadugər, “Taleh qolları” verlişinin aparıcısı İ.K. Babayevlə görüşərək ondan peşəsi ilə əlaqədar bir sıra məsləhətlər öyrənməyə belə ərinmədi.
Qəfildən işlər dayandı, fala baxdırmağa gələnlərin sayı azalmağa başladı. Bu Azad əsgərlikdən döndükdən sonrakı dövrə təsadüf edirdi. İşləri gətirməyən ərinin falına baxdırmaq üçün gəlmiş qadına- “həyətinizdəki qoca qaysı ağacının dibinə baldızların cadu yazdıtdırıb basdırıblar”- demişdi. Qaysının dibindən cadu çıxmadıqda inadkar qadının təkidi ilə əri metryarımlıq gövdəsi olan ağacı traktora bağlayaraq kökündən sürütdürüb çıxartdırsa da cadu tapılmadı. Bibinin kəramətini sarsıdan o olaydan sonra müştərilər azalmağa başladı.
Bir dəfə bibi həmişəki kimi bekarçılıqdan aşxananın bir küncündə yerdən əyləşərək təsbeh çevirirdi. Birdən Azad uzandığı yerdən dik atılıb bibisinə səsləndi; bibisi öncədən cadu yazıb hazırlayacaq, o da həmən caduları bir – iki həftə öncədən gizlicə falabaxtıranın həyətinə girib münasib bir yerdə – onun kənddə tanımadığı ev yox idi, hər həyətdə neçə, hansı növ ağacların olduğunu, damdaşın necə yerləşdiyini əzbərdən bilirdi – yerləşdirəcək, sonra bibisi kitab açıb falabaxtırana “Sizin həyətdə evin günbatan tərəfində divarın dibində…” və ya “baxçanızdakı alma ağacının altında cadu basdırılıb” deyəcəkdi. Azadın bir neçə uğurlu əməliyyatından sonra planı uğurla işləməyə başladı və yenidən tələbin səviyyəsi təklifi üstələdi. Basdırılmış caduya nəm torpağın hopması, cadunun əskiməsi üçün bibi müəyyən müddət müştəriləri get-gələ salırdı, əlbəttə müştərilərlə ünsiyyət qurmaqda Bakıda ixtisas artırma kursunda öyrəndikləri də dadına çatırdı.
Axırıncı müştəriləri kəndin ən varlı ailəsi olan Adil müəllimgil idi. Uzun müddət kolxoz sədri işləmiş Adil müəllimin malikanəsinin ucu-bucağı bilinmirdi, kolxoz dağıldıqdan sonra kolxoza məxsus mal-qaranı öz adına sənədləşdirmişdi, indi də fermerliklə məşğul idi, tanışlarının və pulunun sayəsində yüksək vəzifəyə düzəltdirdiyi yeganə oğluna qardaşı qızını alsa da oğlu gəlinləri ilə dolanmır, həftələrlə evdə deyil, rayon mərkəzində saxladığı məşuqəsinin yanında qalırdı. Kəndin çənəsi tük basmış yaşlı qadınlarının gəldikləri son qənaətə görə lotusu ya oğlana cadu elətdirib həyətlərində basdıtdırıb, ya da heyzindən oğlanın çayına qatıb içizdirərək özünə bağlayıb.
Bu gecə gizlicə Adil müəllimin həyətinə girib bibisinin bayaq yola çıxarkən uzatdığı düyünçəni basdırmalı idi. Bibisi bu işdən yaxşı gəlir götürdükləri təqdirdə onu evləndirməyə söz vermişdi. Küçədə heç kəs gözə dəymirdi, vaxt itirmədən daş hasardan hoppanıb həyətə girmək, işini yekunlaşdırdıqdan sonra elə ordan da qonşu həyətə keçib qızla -təzə tanış olduğu qız Adil müəllimgilin qonşusu idi – görüşmək istəyirdi. Bu gecə ona çox şey vəd edirdi, yenə elə samanlıqdaca qızla olmaq fikrində idi.
Ayağını hasarın girinti-çıxıntısına dayayıb sağ əlilə hasarın başından yapışdı, sol əlini də hasara dayayıb təkan verərək bir həmlədə o yana aşdı. Meşə kimi sıx və qaranlıq bağçada pusa-pusa bir qədər çömbəlmə gəzişdi, evin girişindəki böyük projektor bütün meydançanı işıqlandırırdı, meydançanın darvaza tərəfində qara azman görkəmli “Mercedes ” təşəxxüslə mürgüləyirdi. Qaz yerişi ilə xırda kolların arası ilə gizlənə-gizlənə meydançanı bağçadan ayıran dəmir çəpərədək gəldi, çəpərin qırağı ilə səliqə ilə qızılgüllər əkilmişdi, çox yaxına gəlmişdi, evdən çıxan o dəqiqə bağçada kiminsə olduğun sezə bilərdi. Vaxtı itirmədən cibindən çıxatrdığı qatlama bıçaqla kollardan birinin dibini 15-20 sm qazıyıb cadunu ora ataraq əlilə üzərindən möhkəmcə basdı, torpaqladı, üstünə xəzəl səpələyib ayağa qalxdı və cəld hərəkətlə arxaya boylana-boylana gəldiyi tərəfə deyil, sola qızgilin çəpərinə tərəf ayaq aldı və birdən havada uçurmuş kimi ayağı boşluğa düşdü.
Səhər onu zir-zibil və peyin tökmək üçün qazılmış dərənin dibində huşsuz halda tapdılar. Sağ ayağı topuqdan, sol qolu da dirsəkdən sınmışdı, sol böyrü gömgöy göyərmişdi, bibisi rüsvay olmaqdan qorxsa da özünü təmkinlə aparırdı, palatada heç kim qalmayınca isə qardaşoğludan öyrəndi ki, işləklərinin üstünün açılmaması üçün müstəntiqə istədiyi qızla görüşə gəldiyini deyib; şübhə oyatmamaq üçün Adil müəllimgilin həyətindən keçib ordan qızgilin həyətlərinə aşmaq istəyibmiş. Qız da müstəntiqə həqiqətən həmən gecə görüş təyin etdiklərini bildirir. Azadın telefonunda qızdan gələn 2007 dənə cavabsız zəngi 347 smsi gördükdə müstəntinq daha araşdırmanı davam etdirməyə ehtiyac görmür. Hadisənin rüsvayçılıqla bitməməsindən sevincək olan bibi də adlarına yaxılmış namus ləkəsini qanla yumaq istəyən qız ailəsinə kəndin çənəsi tük basmış yaşlı qadınlarından ibarət işçi qrupu göndərərək qızın hərisini istəyir.
Düz üç ay 10 gündən sonra Azad bəylik taxtında ovqatı təlx oturub utancdan başını aşağı dikmişdi, cədvəlin sağ qrafsında adı keçən qızı almaq bibisinin anqərib qurtulduğu rüsvayçılıqdan da böyük idi. Evlilikdən boyun qaçırmaq da mümkün deyildi, qızın qardaşları bacıları ilə evlənməyəcəyi təqdirdə bıçaqlamaqla hədələmişdilər. Büllur badədəki qırmızı kəmşirin çaxırdan içdikcə xumarlanır, səbrsizliklə toyun tez bitməsini bəkləyirdi. Bu gecə sevişərkən quru ot və samanın bədənini dalamayacağını düşündükcə içini xoş bir məmnunluq bürüyürdü.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 425 Bölmə: Sevgi varmı?
loading...