Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyin sahilə gələsən bir də.
Məni görməyəndə o, mənəm deyə
Mənimlə danışıb güləsən bir də. ( N. Xəzri)
Artıq qırx beş yaşı vardı. İllər necə də sürətlə ötüb
keçmişdir. Heç xəbəri olmamışdı. Zaman axıb keçir,
qalan ancaq xatirələrdir. Bu şeir də, özündə böyük bir
xatirəni yaşadır.
Görüşdükləri o gün. O gün… Dənizin sahili… Mənalı,
sözlə dolu baxışlar. Nə qədər baxışmışdılar onda, heç
özləri də bilmirdi. Dil susmuşdu, baxışlarsa doymaq
bilmirdi sözlərdən, eləcə ürəklərini boşaldırdılar. Birdən
astadan o, səsləndi:
— Sənə dənizi hədiyyə edirəm!
— Nəyi? — Qız xəfifcə gülümsədi, dənizin ilıq nəfəsi
pərişan saçlarını oxşadı, bu onu necə də cazibədar
edirdi — Dənizi?- O, heç nə anlamayıb, eşitdiklərinə
şübhəli tərzdə, dənizə baxdı. Külək əsməyə davam
edirdi, sanki onu qucaqlayırmış kimi.
— Demək dənizi!? — bu dəfə təsdiqləyici sual idi. Fikrini
toplayıb, nəyisə anlayırmış kimi.
O, da cavabında gülümsəyərək başını yellədi, təsdiq
əlaməti olaraq .
Qız da gülümsədi:
-Dənizi necə hədiyyə verirsən ki? O ki sənə aid deyil. O
hamınındır, onu hədiyyə etmək olmur.
— Olur. Mən sənə dənizi hədiyyə edirəm. Bax belə
verdim getdi. Olanda olur.
Qız heç nə anlamadı. Ancaq şübhəli baxışlarla ona
baxdı:
— Olsun ,- deyə səsləndi.
Hələ onda, o gün onun gözlərindəki ağrını, həsrəti,
qəlbini deşən kədəri, acizliyi, çarəsizliyi oxuya bilsə də,
onları bir -biri ilə, xüsusən bunların ona hədiyyə olunan
dənizlə əlaqəsini anlaya bilməmişdi. İllər ötmüş, indi
anlamışdı o hədiyyənin hikmətini...indi iyirmi altı il
sonra… O vaxt o sözlər, o hisslər ona anlamsız
gəlmişdi.
" Sənə hər şeyimi verərəm" — deyəndə, oğlan " Nəyin
var ki, verəsən!? " — deyə gülmüşdü ona. Bu onun
üçün gözlənilməz cavab idi. Qulaqlarına inanmamışdı,
çox pis təsir etmişdi. Təbii ki, bunu bildirməməyə
çalışmışdı, amma keçirdiyi hissləri indi də unutmamışdı.
Qəlbinə toxunmuş bu sözləri hələ də unutmamışdı.
Bəlkə də, düşüncəsizlikdən, bilərəkdən belə deməmişdi,
amma illər keçmiş bu sözün qəlbinə vurduğu yara
sağalmaq bilmirdi. Hər gün, demək olar ki, hər gün o
sözləri deyən səs onun beynini deşirdi. " Nəyin var ki,
verəsən!?" — Nəyim var?… bəlkə də haqlı idi. Hər şeyi
atasına, anasına, bacısı, qardaşına, bir sözlə, ailəsinə
məxsus idi, əgər ev, maşın, mülk nəzərdə tutulubsa. On
doqquz yaşlı qızın saf, təmiz ürəyindən başqa nəyi ola
bilərdi ki? Onun özü belə ailəsinə məxsus idi. Ona
məxsus ancaq ürəyi, canı, həyatı ola bilərdi, bunlar da
sevdiyinə azmı görünürdü, yoxsa, ümumiyyətlə, heç nə
demək deyildi? «Nəyin var ki!?» — deyəndə, o
gözləmədiyi insandan gözləmədiyi cavabı eşitmişdi,
həmin anda o qədər qəribə hisslər yaşamışdı ki, bilmirdi
ölüdür, ya diri. Bilmirdi ki, bu an ömrü boyu onu
sızladacaq. " Nəyim var !" — deyə öz — özünə pıçıldadı
— «Səni sevən ürəyim var və sən bunu heç vaxt
bilmədin, bəlkə də, fərqinə varmadın. Bəlkə, bu sənin
üçün heç nə ifadə etmirmış demək...» Onların yolları
qovuşmadı. Səssizcə ayrıldılar. Qovuşmaq üçün heç nə
etmədilər. Ayrıldıqlarını gördükdə də, nəsə etməyə
çalışmadılar, sakitcə ayrıldılar. Elə bil heç nə olmamışdı,
heç nə yaşanmamışdı, kinsiz- küdurətsiz ayrıldılar eləcə.
İçindəki «mən»ləri «biz» olmamış ayrıldılar. Keçirdikləri
xoş hisslərə, xoş anlara görə bir- birilərinə nifrət
etmədən, heç kimi günahlandırmadan ayrıldılar.
Ayrılanda da, nə vaxtsa bir- birilərini xatırlayacaqlarını
düşünmədilər, hisslərini ciddiyə almadılar. Sadəcə bir-
birini buraxdılar. Vaxt yetişdi, məqam gəldi. O, həmin
sahilə gəldi. Çox darıxmışdı onun üçün. Dənizə baxdı,
elə hey baxdı. İndi anlamışdı o sözün hikmətini, indi
anlamışdı o hədiyyənin dəyərini. "Ən uzunömürlü
hədiyyə imiş bu. Məndən sonra da yaşayacaq...Axı kim
demiş ki, hədiyyə ancaq birinə məxsus olmalı? Dəniz
ancaq mənim olmalı? O, hamınındır, hər kəsindir,
mənimdir!" — deyə düşündü. Dənizə baxıb o günləri
xatırladı, o günləri andı. Dəniz ləpələrinin pıçıltısını
dinlədi. Doyunca dərdləşdi dənizlə. heç vaxt görə
bilməyəcəyi, görməsi yasaq birisi ilə... Gözlərini yumdu,
dənizi duya — duya o şeiri pıçıldadı:
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyin sahilə gələsən bir də.
Məni görməyincə, o mənəm deyə
Mənimlə danışıb güləsən bir də...
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 98 Bölmə: Sevgi varmı?