Bəzən elə olur ki, telefonla danışarkən, ya da yığıncaqlarda fikrimizi cəmləməyib, danışılanlara qulaq asmırıq. Elə bu zaman əlimizin altında kağız və qələm varsa, nəsə cızma-qara etməyə başlayırıq. Sonda isə nə çəkdiyimizə məhəl qoymayaraq ``lazımsız`` kağız parçasını atırıq. Lakin psixoloqlar həmin ``rəsm əsəri``ni saxlamağı və çəkilənlərə diqqətlə baxmağı tövsiyə edirlər. Çünki o cızma-qara həmin ərəfədə insanın xasiyyəti və əhvalından məlumat verir.
Spiral, dairə və dalğalar...
Başqalarının problemləri sizi narahat etmir, və ya ümumiyyətlə, sizi maraqlandırmır. Həmin ərəfədə siz yalnız özünüz haqqda fikirləşirsiniz. Əgər spirallar çəkməyə başladınızsa, deməli, özünüzə fikir verib əhvalınızı yüksəltməyə ehtiyacınız var. Əks halda, qarşınızdakıların xətrinə dəyə bilərsiniz.
Güllər, günəş və şam ağacının budaqları...
Qəmlisiniz. Ürəyiniz gülmür. Lakin zahirdə çox şən görünməyə çalışırsınız. Sizin dostluğa, nəzakətə, qayğıya ehtiyacınız var. Tələffüz etmək istəyib də deyə bilmədiklərinizi kağızda şəkillərlə əks etdirirsiniz. Dərdinizi və problemlərinizi bölüşmək istəyirsiniz. Bu şəkillərlə siz ``mənə fikir verin!`` deyə qışqırıb, insanların diqqətini özünüzə yönəltmək istəyirsiniz. Əgər gül çəkməyə başladınızsa, deməli, yeni tanışlara ehtiyacınız var.
Torlar...
Çıxılmaz vəziyyətə düşmüsünüz. Hər qalın xətt düşdüyünüz vəziyyətin ağırlığını göstərir. Hər xətti çəkəndə o problemi aradan qaldırmağı götür-qoy edirsiniz. Əgər çəkilən xətlərin sonunda şəkil çəkdinizsə, demək, problemin həlli yolunu tapdınız. Bu zaman tənqid də sizə pis təsir etməz. Lakin bu ərəfədə özünüzə qapanmayın. Təəssüflənə bilərsiniz.
Naxışlara bənzər fiqurlar...
İti bucaqlar və dalğavarı oval fiqurlar sonsuzluqdan xəbər verir. Bu zaman darıxdığınızı gizlədə bilmirsiniz. Bu o deməkdir ki, telefon danışığı, yığıncaq və ya ümumiyyətlə, bütün həyat tərzinizdən bezmisiniz. Özünüzü ələ alıb həyatınıza rəng qatmağa çalışın.
Xaçlar...
Çoxlu xaçlar yaraşıqlı qadını və ya ciddi kişi obrazını əks etdirir. Hər iki halda xaçlar ünsiyyət zamanı sizin günahkar olduğunuzu göstərir. Əsəblərinizə hakim olmayıb, özünüzü ələ ala bilmirsinizsə, həqiqəti araşdırmağa çalışın. Bu zaman kimin haqq, kimin nahaq olduğu ortaya çıxar, siz də rahat nəfəs alarsınız.
Adamlar...
Çəkdiyiniz şən adamların görünüşü sizi çaşdırmasın. Bu şəkillər köməksizliyin və borcluluq hissinin təsviridir. Çəkdiyiniz ``əsərdən`` bəlli olur ki, qarşınızdakına ``yox`` demək istəyirsiniz. Lakin diliniz gəlmir. Çəkdiyiniz adam şəkli sizi ``yox de,rədd et,təslim olma`` deyə sizi məcbur edir.
Dördbucaq, üçbucaq və başqa həndəsi fiqurlar...
Sizə qalib gəlmək o qədər də asan deyil. Həyatda dəqiq məqsədiniz var. Düşmən və ya rəqib qarşısında əyilmək, qorxmaq sizə yaddır. Fiqurların ucları nə qədər itidirsə, siz də o qədər aqressivsiniz. Tez əsəbiləşirsiniz. Lakin hisslərinizi büruzə verməkdən çəkinirsiniz. Çalışın baş verənlərə bir az soyuqqanlı yanaşıb, əsəblərinizi qoruyasınız.
Arı şanı...
Bu şəkil sakitliyə və harmoniyaya ehtiyacınız olduğunu bildirir. Bu şəkil həm də ailə qurmaq istəyinizi əks etdirir. Hazırkı probleminiz bu istəyi dilə gətirə bilməməkdir.
Şahmat sahəsi...
Deyəsən, çıxılmaz vəziyyətdəsiniz. Sizin dayağa və etibarlı biri ilə sirrinizi bölüşməyə ehtiyacınız var. Bu kömək problemləri unutdurmağa yardımçı olacaq. Bu zaman susmaq və nələrisə gizlətmək lazım deyil. Əgər kağızda şahmat sahəsi əks olunubsa, siz özünüzə qapalı olub, komplekslərinizin qurbanına çevrilirsiniz.
Bəs siz qaralamaya bunlardan hansını çəkirsiniz?
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 120 Bölmə: Sevgi varmı?