Sizin qızınızla görüşürük biz
Gedirik gah yolla,gah kənar izlə
Bunu mən bilirəm, siz bilmirsiniz
O gəlir sizin öz icazənizlə
Tələbə yoldaşı,rəfiqəsi var
İşi də çox olur,bəzən dərsi də
Mənəm qızınızın,necə deyərlər
"Tələbə yoldaşı", "rəfiqəsi" də
Mən başa düşürəm siz anasınız
ürəyə sığılmış adi həyəcan
O evə dönüncə nigaransınız
Evdə olanda da mən nigaranam
Bir ömrün mənzili uzaq, ya qısa
Məhəbbət, doğmalıq, hansı qədimdir?
O sizin incə bir qızınızdısa
O mənin yeganə səadətimdir
Siz də heyransınız, mən də bu qıza
Kimin qapısından o keçməlidir
Dünya elədir ki, biri tapırsa
Biri, təbiidir... itirməlidir
Duruluq rəmzidir sizin qızınız
Gözündən oxunur qəlbi, isməti
Sizin bu sevdada uduzmağınız
Sizin borcunuzdur, mənim qismətim
Gərək daralmasın bu eşqə həyat
Deməyin biz kimik,nəçiyik,nəyik
Yad ikən doğmayıq, doğma ikən yad
Dünya qəribədir, biz qəribəyik
Sizin adınıza hörmət,ehtiram
Qadın qarşısında əyilib aləm
Mən də baş əyirəm, vidalaşıram
Qızınız gələcək mən getməliyəm...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Sevgi şerləri