Həmin vaxtlarda gün-gündən möhkəmlənən və görkəmli sərkərdə və siyasi xadim Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı. Uzun Həsən tez-tez Cahanşahdan vassal asılılığında olan torpaqlara hücum çəkirdi. 1458-ci ildə o, Gürcüstana yürüş edir. Ərdəbil hakimlərinin də fəallığı artmaqda idi. Şah İsmayılın babası, məşhur Şeyx Cüneydin xalq arasında nüfuzunun artması Cahanşahı narahat edirdi və odur ki, onu Ərdəbildən Diyarbəkirə sürgünə yollayır. Üstündən dörd il keçəndən sonra şeyx Ərdəbilə gəlir və Şirvanşah Xəlilullahla döyüşdə öldürülür. Bu arada Uzun Həsən Gürcüstan üzərinə yeni bir hücuma keçir və Ərzurumu tutur. Onun fəallaşdığını görən Cahanşah Osmanlı sultanının məsləhəti ilə qəti qərar verir. Qoşun toplayaraq, onu Ağqoyunluların paytaxtı Diyarbəkirə yönəldir. Lakin yaxın adamlarının təkidi ilə o, döyüşə girmir və qoşunu qışlamağa göndərir. Bundan istifadə edən Uzun Həsən 1467-ci ilin yazında Ermənistanın cənubundakı Muş düzənliyində qəflətən Cahanşahın qoşunlarına hücum çəkir və onu məğlub edir. Az sonra o, qoşunlarından xəbərsiz halda (Səncəq) Çubuqcur adlanan yerdə əyanları ilə ziyafət keçirən Cahanşahın üzərinə yeriyir və İskəndər adlı bir döyüşçü Cahanşahı öldürür.
Bu hadisə 1467-ci ilin 4 oktyabrında baş verir. Cahanşahın cəsədini Təbrizə gətirir və onu özünün tikdirdiyi Göy məsciddə dəfn edirlər. Bir neçə şair Cahanşaha mərsiyələr də söyləyir. Qaraqoyunlu dövləti özünün 58-ci ilində beləcə məhv olur və Azərbaycan tarixində mühüm yer tutmuş görkəmli oğullardan birinin ömrü beləcə gözlənilmədən kəsilir. Bu elə bir şəxsiyyət idi ki, özündə dövlət xadimi, diplomat, sərkərdə və şairə məxsus ən gözəl keyfiyyətləri birləşdirmişdi.
Cahanşah ticarət, sənətkarlıq, elm, incəsənət və mədəniyyətin inkişafı naminə çox işlər görmüşdür. Onun hakimiyyəti illərində Naxçıvan, Gəncə və xüsusilə də Təbriz kimi iri şəhərlərimiz çiçəklənmişdi. Onun əmri ilə 1456-cı ildə Təbriz şəhərində Azərbaycanın ən məşhur memarlıq abidələrindən olan Göy məscid tikilir. Bundan əlavə həmin dövrdə bir ucdan ictimai və yaşayış binaları da tikilir.
Göy məscidin mərmərdən qurulmuş banası qeyri-adi dərəcədə gözəl, parlaq və rənkarənk kaşı ilə bəzədilmişdi ki, bunun da Azərbaycan memarlığında indiyə qədər bənzəri yoxdur. Bütün bunlardan başqa Cahanşahın Azərbaycan poeziyası tarixində də mühüm xidmətləri vardır və bunlar üzərində xüsusi dayanmağa dəyər.
Tarix: 03.02.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Qaraqoyunlular