Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbrahim bəy Baharlı

Həyatı
İbrahim bəy Mirzə Vəli bəy oğlu Baharlı 1763 ildə Şuşada anadan olmuşdur. O, Mirzə Vəli bəyin ikinci oğul övladı idi.

İbrahim bəy ilk təhsilini atasından almış, sonralar xüsusi mədrəsə təhsili görmüşdür. Mədrəsədə təhsil aldığı illərdə İbrahim bəy şəriət elmlərini öyrənmişdir. Qeyri-adi istedadı sayəsində o, ərəb, fars, rus dillərini mükəmməl bilmişdir.

Tarixi qaynaqlarda İbrahim bəyə zəmanəsinin oxumuş, savadlı insanı deyilir. Bu qaynaqlarda o, nüfuzlu, alicənab, xeyirxah insan kimi xatırlanır. İbrahim bəy və onun böyük qardaşı Mirzə Haşım bəy atalarından sonra İbrahimxəlil xanın inandığı, etibar etdiyi yaxın adamları olmuşlar. Mirzə Vəli bəydən sonra Qarabağ xanlığında bu iki qardaşın xüsusi hörməti var idi. “Əhvalati-Qarabağ” (transliterasiya edəni Nazim Axundov) əsərində bu barədə yazılmışdır: “.... Mirzə Vəlinin də iki nəfər oğlanların götürüb atalarının yerində təyin edibdir. Biri Mirzə Haşım və birisi İbrahim bəy. Mirzə Haşım atasından artıq sahibi-kamal olmağa görə həmişə iltifatı olurmuş və bu ləqəb ilə adlandırıb Mirzə Haşım Zərrinqələm demişlər. Bunlara güzəran etməkdən ötrü Zəngəzur uyezdində Mehri mahalında neçə para kəndlər vagüzar edib, hansı ki, Baharlı, Qaragözlü və Şapıklı və Çöpədərə neçə ildir, bədbəxtlik olub, dolaşır. Allah haqqa kömək etsin.”

Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan bəylərin siyahıya alınması sənədlərində İbrahim bəy və onun ailə üzvləri haqqında ümumi məlumat verilmişdir. 1823-cü ilə aid arxiv sənədində İbrahim bəyin, qardaşları Hacı Həsənəli bəyin, İmamverdi bəyin adına rast gəlinir, ictimai həyatdakı mövqelərindən söhbət açılır. Həmin sənədlərə əsasən belə qənaətə gəlmək mümkündür ki, İbrahim bəy Çar Rusiyası dövründə də hörmətli şəxslərdən sayılmışdır.

İbrahim bəy Baharlı 1836-cı ildə vəfat etmiişdir.

İbrahim bəy Baharlının övladları sonrakı illərdə Şuşa qəzasının I Baharlı (indiki Ağdamın I Baharlı kəndi) kəndində yaşamışlar. İbrahim bəyin İsmayıl bəy, Rzaqulu bəy, Məmmədqulu bəy adlı üç oğlu olmuş, dövrünün savadlı insanı kimi tanınmışlar.

1937-ci il repressiya qurbanı Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov İbrahim bəy Baharlının kötücəsidir. AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədov (Baharlı) İbrahim bəyin oğlu Mirzə İsmayıl bəyin kötücəsidir.

Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) İbrahim bəy Baharlının nəslindəndir.


Tarix: 03.02.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 178 Bölmə: Qaraqoyunlular
loading...