Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəlliyin daha bir sirri...

Hollivud ulduzlarını, daha doğrusu, onların qüsursuz bədən quruluşunu diqqətlə izləyən hər bir qadında onlara bənzəmək arzusu yaranır. Halbuki vəziyyətə bir qədər ciddi və diqqətlə yanaşsanız, inanın ki, onlara yazığınız gələr.
Formada qalmaq üçün özlərini, necə deyərlər, tikanlı əlcəklərlə sıxmaq bu qadınların həyat tərzinə çevrilib. Yarıac-yarıtox keçən günün üstəlik iki-üç saatını da idman zalında keçirmək, təbii ki, o qədər də xoşagələn məşğuliyyət deyil. Məsələn, Qivinet Peltrou formada qalmaq üçün gündə 2 saat yoqa ilə məşğul olur və daim mikrobiotik pəhriz saxlayır. Cennifer Aniston isə şəxsi dietoloqunun məsləhətlərinə əməl etməklə yanaşı, günün yarısını hovuzda keçirməyi də vacib sayır.

Bəs biz, adi qadınlar nə edək? Hər halda işdən, yaxud ev qayğılarından qurtulub idman zalına qaçmaq və buna müəyyən miqdarda pul xərcləmək o qədər də asan deyil. Biz məşhur deyilik və milyonlarımız da yoxdur. Bizə özümüzə uyğun bir üsul lazımdır. Kədərli olsa da, arıqlamaq üçün başqa üsul yoxdur! Özünüz seçin: ya idman zalında keçən ac həyata atılın, ya da forma barədə fikrini birdəfəlik unudun. Bu, bütün mümkün üsulları sınaqdan çıxardıqdan sonra heç bir nəticə əldə edə bilməyənlərin fikridir. Əslində isə çarə var.

Əgər sizi daim məşğul edən və incidən fikirlərdən uzaqlaşmağa nail olsanız, artıq çəkiylə belə xoşbəxt və şən həyat keçirə bilərsiniz. Bir gün marafon qaçmağı unudub sevimli şirniyyatınızın dadına baxdıqdan sonra heç bir vicdan əzabı çəkmədən axşam sevgilinizlə görüşməyi planlaşdıra bilirsinizsə, deməli, siz artıq xoşbəxtsiniz! Hər halda formanı saxlamaq da pis olmazdı. Bunun üçün bir neçə xeyirli məsləhəti həyat tərzinizə çevirməniz kifayətdir. Onları özünüz seçə bilərsiniz.

* Əvvəlcə özünüzü sevməyi öyrənin və individual olduğunuza əmin olun. Bundan sonra görsəniz ki, çiy tərəvəzlə qidalanmaq rəfiqənizə arıqlamaqda kömək edib, siz də bu üsula əl ata bilərsiniz. Arxayın olun ki, mütləq sizə də kömək edəcək. Yəqin hiss etmisiniz ki, çox vaxt ən məşhur pəhrizlər bir-birilərinin əksi olur. Pəhrizə diqqətlə riayət edən hər kəs son nəticədə öz pəhrizini ideal sayır. Bu, həqiqətən də belədir. Hər bir adam individualdır. Birinə əla təsir göstərən pəhriz digərinin ümidlərini puç edə bilər. Özünüzə uyğun olanı seçə bilərsiniz, amma qəti pəhriz olmadan da keçinmək olar.

Əgər ömürlük arıq qalmaq qərarına gəlmisinizsə, nəzərə alın ki, bundan sonra siz yeni həyata başlayırsınız. İlk növbədə özünüzə elə bir qida sistemi seçməlisiniz ki, o, sizə daim formada qalmaqda kömək etsin.

Bir neçə üsulu sınaqdan keçirib heç bir nəticə əldə etməmisinizsə, yeni pəhrizi unudun. Növbəti dəfə böyük ümidlə başladığınız işin uğursuz nəticəsi sinirlərinizi tamamilə korlaya bilər. Bundan sonra isə forma sizə qətiyyən lazım olmayacaq. Arıqlamaq üçün cəhdlərin uğursuz nəticəsi kimi meydana çıxan sinir pozuntusu insanda köklüyün sağalmaz xəstəlik olduğu fikrini yaradır. Ən yaxşısı budur ki, yeni pəhrizə başlamazdan öncə sakitləşin. Növbəti eksperimentə isə iradənizin sınaq etalonu kimi yox, sadəcə, əyləncə kimi yanaşın.

Yemək hər şeydən əvvəl dadlardan alınan zövqdür. Çalışın ki, sizin üçün də bu, belə olaraq qalsın. Bir həftə çox faydalı olan və tez nəticə verən suda bişmiş duzsuz yulaf yarması ilə qidalandıqdan sonra qızarmış toyuğu necə acgözlüklə yeyəcəyinizi təsəvvür edin. Bundan sonra, təbii ki, iradəsizliyə görə özünü danlamaq və sinirlərin pozulmaq mərhələsi gəlir. Bu hal hər dəfə təkrarlandıqca - təkrarlanacağına isə əmin olun - sinirləriniz bir az da pozulacaq. Əlavə kalorilər isə öz yerində qalacaq. Bu, sizə lazımdırmı? Dietoloqlar belə məsləhət görürlər: ürəyinizdən keçən hər şeyi az miqdarda yeyə bilərsiniz. Ən əsası, yavaş-yavaş və zövq ala-ala. Bundan sonrakı gün ancaq meyvə və tərəvəzlə keçirərək, dünənki kalorilərin əvəzini çıxar və vicdan əzabından qurtularsınız.

Yəqin ki, salatlarla arıqlamağın mümkün olduğu haqda eşitmisiniz. Bir çoxları bu sözü eşidən kimi bütün qidaları unudub ancaq yağsız və xamasız salat yeməyə başlayır. Bir qədər sonra hiss edəcəksiniz ki, siz bütün günü ancaq yemək haqqında düşünür və özünüzü pis edirsiniz. Məsələ bundadır ki, qatqısız salat aclıq hissini artırır. Buna görə də pəhriz salatınıza bitki yağı və xama əlavə etməkdən çəkinməyin. Həm tərəvəzlərin dadı yaxşılaşacaq, həm də xeyri çox olacaq. Yeri gəlmişkən, çoxlarına salat qəti uyğun gəlmir. Deməli, salatların ümumilikdə pəhrizin əsası olduğuna istinad edib özünüzü onlarla doyuzdurmaq gərəksizdir. Salatın əvəzinə bişmiş tərəvəz yeməyə çalışın. İlıq, yumşaq tərəvəzlər asanlıqla qəbul edilir, yaxşı həzm olunur və bağırsaqda problem yaratmır.

Sübut olunub ki, kalsium pəhrizin nəticələrinə kömək edir. Gündə heç olmasa bir stəkan az yağlı süd içməyi adətə çevirin. Əgər südü qətiyyən sevmirsinizsə, onda kalsiumu tablet şəklində qəbul edin. Ümumiyyətlə, vitaminlərdən və qidadan imtina etməyin, xüsusilə də pəhrizdə olarkən. Qidada vitaminlərin və mikroelementlərin çatışmazlığı orqanizmi stresə qarşı həssas edir və seçilmiş pəhrizdən tezliklə imtina etməklə nəticələnir.

Aerobika, fitnes sözləri sizi əsəbiləşdirir? Əslində, bu, o qədər də qorxulu deyil. Gündə 20 dəfə oturma hərəkəti etməkdən başlayın. Bu, cəmi yarım dəqiqə vaxtınızı alacaq. Bir qədər vaxt keçdikdən sonra əzələlərinizin bərkidiyini, bədəninizin isə daha zərif olduğunu hiss edəcəksiniz. Həvəsiniz olsa, buna başqa idman növlərini də əlavə edə bilərsiniz. Arıqlamağa aerobika ilə eyni səviyyədə qaçış, piyada yerimək və rəqs də kömək edir. İdmana nifrətin başqa bir növündən - intensiv məşğələlərdən də uzaq olmağa çalışın. Gərgin qrafikdən bezib idman məşğələlərini tamamilə atmaq ehtimalı daha yüksəkdir.

Qadın üçün idman yetərincə problemli məsələdir. Böyük həvəslə idmana başlayan qadınlar superintensiv məşğələlərdən yarım il sonra idmana, ümumiyyətlə, nifrət edirlər. İdmana marağın itməsi onun həyatımızdan tamamilə çıxmasına səbəb olur. Belə bir problemlə üz-üzə qalmamaq üçün hər səhər 10 dəqiqə gimnastika ilə məşğul olmaqla kifayətlənin. Piyada gəzməyə çox vaxt sərf edin. Zərifliyi saxlamaq üçün bu fiziki hərəkətlər və bəzi əlavələr kifayətdir.

Nahara bir neçə saat qalmış aclıq hiss edirsinizsə, bir, yaxud iki fincan təzə dəmlənmiş çay için. Yaşıl çay bu məqsəd üçün ideal variantdır. Aclıq hissi o dəqiqə yox olacaq. Bundan başqa, belə hesab olunur ki, çay orqanizmdə piyləri əridir. Üstəlik o, əlavə mayeni çıxarır və maddələr mübadiləsini normallaşdırır.

Yedikdən sonra toxluq hissinin uzun müddət qalması üçün nahardan 10 dəqiqə əvvəl 2 çay qaşığı zeytun yağı için.

Dietoloqların fikrincə, zülallar karbohidrat və yağlardan daha tez toxluq hissi yaradır. Buna görə də yeməyə məhz zülallardan başlayın. Əgər naharda tərəvəzlə balıq yeyəcəksinizsə, onda əvvəlcə balığı yeyin və sonra digərlərinə keçin.

Əgər xüsusi bir gün üçün sürətlə zəifləmək istəyirsinizsə, üç-beş gün yağsız ağ balıq və tomat şirəsindən ibarət pəhriz saxlaya bilərsiniz. Nəticə sizi çox təəccübləndirəcək. Bu zaman heç bir çətinlik hiss etməyəcəksiniz. Hər yeməkdə 100-150 qram qaynadılmış balıq və 2 stəkan tomat şirəsi qəbul edin. Ancaq unutmayın ki, bu pəhrizi ən uzağı 5 gün saxlamaq olar. Bundan sonrası ağır nəticələrə səbəb ola bilər.

Xörək hazırlayarkən ədviyyatlardan istifadə edin. Hər yeməyə 3-4 ədva kifayətdir. Əks halda, xörəyin dadını qaçıra bilərsiniz və üstəlik, bu, ürəyinizi də vurar. Ədvalardan normal səviyyədə istifadə həm xörəyin dadını yaxşılaşdırır, həm də orqanizmə xeyir edir. Məsələn, sarımsaq orqanizmdən əlavə mayeni kənarlaşdırır və həzm sistemini yaxşılaşdırır. Limonotu yağları əridir, zəncəfil stimulyasiyanı artırır, qara istiot isə birbaşa arıqlamağa kömək edir. Yeri gəlmişkən, Şərq elmlərinə əsaslansaq, məhz acı, turş dadların çatışmazlığı köklüyə səbəb olur. Ədvalarda isə daha çox bu dadlar olur. Bir sözlə, zərif bədən quruluşunun saxlanması üçün bir çox maraqlı üsullar var. Bezməmək üçün sizə uyğun olan, optimal bir üsul seçin. Öz individuallığınızı və təbiətinizi nəzərə almağı da unutmayın. Ən əsası isə bu üsullardan həmişə istifadə etmək lazımdır. Yalnız bu halda uğura əmin ola bilərsiniz.


Tarix: 22.11.2014 / 15:03 Müəllif: Aziza Baxılıb: 287 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...