Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənir. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi.
Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkanı verir.
Saç düzümünü seçmək sizin öz zövqünüzdən asılıdır. Ancaq bir faktı heç vaxt unutmayın: nə olursa-olsun ətrafdakılar sizi çirkli saçla görməməlidir. Təmiz saç özü artıq bir düzümdür.
Bir məqam: ön tərəfdən gözəl görünmək üçün saçlarınızı açıq qoymalı, arxadan gözəl görünmək üçün isə yığmalısınız. Bu ziddiyyəti aradan qaldırmaq mümkün deyil. Təbii ki, təntənəli gecə düzümlərini nəzərə almırıq.
Saçlara qulluq yuyulmaqdan başlayır. Saç yumaq, əslində, elə çətin bir proses deyil. Lakin bu zaman hər şeyə nəzarət etmək lazımdır. Saçınızın sağlamlığı onları necə və nə ilə yumanızdan asılıdır. Əvvəlcə sudan başlayaq. Su ilıq olmalıdır. Nə isti, nə də soyuq. İsti su piy vəzilərinin fəaliyyətini intensivləşdirir və nəticədə saçlar tez yağlanır, soyuq su isə çirki tam təmizləyə bilmir. Buna görə də hər iki halda saçları tez-tez yumağa məcbur olursunuz. Bundan başqa, saçınızı yuduğunuz su cod olmamalıdır. Birbaşa krandan gələn sular isə kifayət qədər coddur. Bu codluğu aradan qaldırmaq üçün bir neçə üsul var:
* suyu dondurmaq və sonra əritmək;
* təbii bulaq suyundan istifadə etmək;
* qaynanmış sudan istifadə etmək;
* az miqdarda bor turşusu ilə qarışdırılmış sudan istifadə etmək.
Lakin bu üsulların hər biri xeyli vaxt aparır. Bunu etməyə imkanınız yoxdursa, saçınızı yumaq üçün istifadə etdiyiniz vasitənin tərkibində yumşaldıcı olmasına nəzarət edin.
Şampun seçimində də diqqətli olun. Bu zaman mütləq saçınızın tipini dəqiqləşdirin. Əgər saçlarınızı tez-tez yumanıza baxmayaraq, onlar sürətlə yağlanırsa, deməli, siz yağlı saçlar üçün olan şampun almalısınız.
Yox, əgər saçlarınız quru, solğun, ucları haçalı və tez dolaşandırsa, quru və zədələnmiş saçlar üçün şampun almalısınız. Bu cür şampunlar həm də kimyəvi maddələrdən və boyamadan sonra xarab olmuş saçlara da məsləhət görülür.
Kimyəvi təsirə və boyamaya məruz qalmamış, parıltılı saçlar qadın üçün xəzinədir. Onların sağlamlığını isə mütləq qorumaq lazımdır. Belə olan təqdirdə sizə normal saçlar üçün nəzərdə tutulan şampunlar uyğun gələr.
Orta uzunluqlu saçlar üçün şampunu fındıq həcmində, uzun saçlar üçün isə qoz həcmində götürmək lazımdır. Şampunu əvvəlcə iki ovcunuzun arasında sürtərək köpükləndirin və ancaq bundan sonra saçınıza çəkin. Köpüklü saçı, ən azı, 3 dəqiqə yaxalamaq lazımdır.
Tarix: 03.07.2013 / 22:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri