Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ax, bu qızların əlindən!

Bizim qızlar gözəldir. Hətta deyərdim ki dünyanın ən gözəl qızları bizim qızlarımızdır. Indi nə olsun ki, mən Azərbaycandan kənara çıxmamışam, başqa ölkələrin qızlarının gözəlliyinə bələd deyiləm?! Bunun məsələyə dəxli yoxdur. Allah “Google” yaradanın canına zaval verməsin, hansı ölkənin qızları lazımdırsa, girib “google”-da adını yazırsan bir aləm gözəl qız çıxır: “italian girls”, “spanish girls”, “brazilian girls” və s. Amma yenə də bizim qızlar ən gözəlidir. Bu mövzuda mənimlə mərc eləmək fikri olanlar uduzucaqlar!
Nə isə, sözümüzün canı var, bizim qızlar həqiqətən də təbiətdən gözəldirlər, intəhası… “Yeni Ulduz 93”-ün bütün bölümlərində münsif olan məşhur oxuyanımız Mübariz Tağıyevin sözü olmasın, qızlarımızın gözəlliyinin bir “intəhası”sı var.
Bizim qızlar modaya çox meyllidirlər. Bilirəm, indi deyə bilərsiz ki, bunun harası pisdir ki? Deyim də nəyi pisdir. Bu düşük və səviyyəsiz avropalıların çıxartdığı oyunlar, geyindiyi, daha dəqiqi, geyinmədiyi zövqsüz və ingilis demişkən, intimi paltarlar avropalılardan daha çox bizim qızlar tərəfindən geyinilir. Axı nə gərək var buna, ay mənim gözəl azəri qızım? Sən onsuzda gözəlsən. İndi guya dapbadar şalvar, dizdən iki qarış yuxarı ətək geyinməsən, sənin gözəlliyinə soyuq dəyəcək?

Azərbaycan kişisi də çox şorgözdü ha, bunu da deyim. Bizlərdə şorgöz olmayan kişiyə pis baxırlar. Deyirlər filankəs əfəldir, nə bilim kişi deyil və s… Nəysə, mətləbdən uzaqlaşmayım.

İndiyə kimi havalar sərin keçirdi, canımız dinc idi yenə. Darşalvarlılara gözümüz öyrəşmişdi deyə, heç onlara fikir verən yox idi. Onlar əks cinsdə “ürəkağrısı”, “başgicəllənmə” yaratmırdılar. Müşviqə qəni-qəni rəhmətlər olsun, onun “Yenə o bağ olaydı” fikirlərini biraz improvizə edərək, “Yenə yaz olmayaydı” deyirəm. Ay qardaş, havalar qızmağa başlayandan bəri küçəyə çıxa bilmirəm bu türkün sözü, miniətəkli qızların əlindən. Hərə əyninə geyinib (bəlkə də geyinməyib, mənə elə gəlir) bir gödək paltar, düşüb çölə. Hərdən məktəbli qızlar görürəm bu fasonda! İstəyirəm möhkəm bağırım ki, ay camaat hara baxırsız, belə də məktəbli geyimi olar?

Mən hər gün evdən işə, işdən evə gedəndə o şampun reklamındakı kimi, başım işıq dirəklərinə dəyməkdən alnım dərə-təpə olub. İnandırım sizi, hazırda baş nahiyəmdə 18 dənə “şişka” var, dəqiq rəqəmdi, indicə saydım. Küçədəki “minilər”ə baxmaqdan boynum şanapipik boynu kimi 180 dərəcə fırlanır yerində. Gəlir yanından keçir, indi hünərin çatır baxma görüm, necə baxmırsan. Sən bilirsən ki, havanın isti vaxtında hər gün küçələrdə nə qədər azərbaycanlı igidin bu cazibədar görkəmlər qarşısında ax-uf nidaları, köks ötürmələri yaşanır...

Yenə bir dəfə baxıb yola davam eləmək mümkün olsa, dərd yarıdır. “Gözələ baxmaq savabdır” prinsipinə əməl edərək, gərək bütün gözəllərə baxasan, üstəlik bəzən məcbur olub çönüb arxasınca da baxırsan. Belə də, həm boynun şanapipik boğazı kimi fırlanır, həm də qabaqdakı dirəklərə kəllə vuraraq kəllə-beyin travması alırsan.

O gün tezdən işə gedirdim, gördüm mənlə bərabər metrodan iki nəfər, dizdən iki qarış yuxarı, çənədən bir qarış aşağı geyinmiş gözəl çıxdı. Gözəl, nə gözəl. Ulu yaradandan ustad Ramiz Rövşənə can sağlığı diləyərək dodağımın altında “Bu nə gözəl qızdır, Allah, lap qəbirdə sevməli” demişdim ki, qabaqdakı dirəklə qucaqlaşdım, acığa dirəyi buraxıb yenə qızlara baxa-baxa şeirin ardını mızıldadım: “Bir də, bir də doğulmalı, bir də, bir də sevməli.” Qızlar uzaqlaşandan sonra başımın ağrısından ofisə necə gedib çatmışam xəbərim olmayıb.

Açığını deyim ki, əvvəl-əvvəl bu mini geyinən qızlara qibtə ilə baxırdım. Düşünürdüm ki, bəs necə, yarım metr parçadan paltar tikdirib geyinmək hər kişinin, daha doğrusu hər qadının işi deyil, sən çox məharətlə bir tikə parça ilə özünü örtməyi bacarasan. Belə qənaəti heç dünyanın başbilən iqtisadçıları da edə bilməz. Sonra gördüm ki, problem parçaya qənaət məsələsi deyil, qardaş. Yarım metr parçadan paltar geyinən qızın əlində 500 manatlıq telefon, qolunda 1000 manatlıq qolbağı, altında 100 minlik araba var. Yəni, bu yerdə kasıbçılığın üzü qara olmadı. Dərd moda dərdidir.

Mən başa düşə bilmirəm, moda belə olacaqdısa, ta Həvva nənəmiz niyə almanı yeyib cənnətdən qovulurdu? Elə ömür boyu əncir yarpağı ilə gəzərdik də. Almanı yedilər utanmağa başladılar guya. Bəs indi niyə utanmaq yoxdu? Nəysə, deyəsən ağır mövzuya baş vurdum. Başıma bir şey gəlmədən yazını bitirim.

Bayaqdan dəli şeytan məni dürtmələyir ki, ay yazıq havalar indi-indi qızışıb, görəcəyin günlər hələ qabaqdadır.


Tarix: 13.06.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 234 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...