Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm haqdır....
Ölüm haqdır....

Həyatda hər zaman üz-üzə qaldığımıza baxmayaraq heç cür idrakımıza sığışdıra bilmədiyimiz bir həqiqət var: Ölüm və ondan sonrakı həyat.

Geriyə dönüb baxdığımız zaman görürük ki, varlı-kasıb, gənc-yaşlı, pis-yaxşı, zalım-məzlum nə qədər insan bu dünyadan gəlib getdilər. Bir çoxlarının yerindən-yurdundan belə əsər qalmadı. Hər keçən gündə bir sevdiyimiz, hörmət etdiyimiz bizi tərk edib gedir. Biz də bir gün sevdiklərimizi qoyub getmək üçün hər an gəlməsi mümkün olan əcəlimizi gözləyirik. Bu da bir həqiqətdir ki, bu günə qədər ölümdən yaxasını qurtaran heç bir insan yoxdur.

Hər keçən gün qocalan bədənə, ağaran saça dayan demək olmur. İstəsək də, istəməsək də doğumla gəldiyimiz dünyadan ölümlə çıxıb gedirik. Onda özümüzə belə bir sual verməliyik: “Bu dünyaya niyə gəlmişik?”. Bu sualın cavabına Uca Allah Qurani-Kərimdə belə bildirir: “O, hansınızın daha gözəl əməl edəcəyini sınamaq üçün ölümü və həyatı yaradandır” (Mülk, 2).

Müqəddəs İslam dininə görə Axirətə inanmaq imanın əsaslarındandır. Axirət yurdu bu dünyada etdiyimiz əməllərin qarşılığını alacağımız, mükafat və ya əzab görəcəyimiz yerdir. Belə ki, burdan artıq dünyaya geri dönüş yoxdur. Hər kəs əməlinin qarşılığını əksiksiz görəcək, heç kimə haqsızlıq edilməyəcəkdir. Uca Allah bu həqiqəti belə dilə gətirmişdir: “Hər kim zərrə ağırlığında bir xeyir iş görərsə, mükafatını görəcəkdir. Kim də zərrə ağırlığında pislik edərsə onun cəzasını görəcəkdir” (“Zilzal”, 7-8).

Hesab günündə heç nəyə etiraz haqqımız olmayacaq. Belə ki, qarşımıza çıxan öz elədiklərimizdən başqa bir şey deyildir. Quranda bu barədə buyurulur: “Hər insanın əməlini boynuna yüklədik. Qiyamət günü özünə açılmış olaraq qarşılacağı bir kitab çıxaracağıq. Oxu kitabını, bu gün hesab vermək üçün sənə nəfsin yetər” deyiləcək.” Həmin günün mənzərəsini yenə Böyük Allahın kəlamından dinləyək: “İnsanın qardaşından, bacısından, anasından, atasından, həyat yoldaşından və uşaqlarından qaçacağı gün qulaqları kar edəcək qədər şiddətli səs gəldiyi zaman, o gün hər kəsin özünü məşğul edəcək bir işi vardır. O gün bir qism üzlər vardır ki, par-par parıldayar, gülər, sevinərlər. O gün nə qədər üzlər də vardır ki, toz-torpaq içindədirlər. Onları bir qaralıq bürüyər. Məhz onlar kafirlərdir, günaha batanlardır” (Əbəsə, 33-42).

Dünya bazarında heç bir şey qarşılıqsız verilməzkən, əbədi aləmdə vədə verilən nemətlər işlənmədən, hazırlanmadan qazanıla bilərmi? Madam ki, ölüm, axirət, hesab, mizan, Sirat, Cənnət, Cəhənnəm var, o zaman hazır olaq. Hesaba çəkilməkdən əvvəl özümüzü hesaba çəkək.

Özümüzü hesaba çəkməyimizi xatırladan bir hədislə yazımı bitirirəm. Əziz Peyğəmbərimiz belə buyurur: “Axirətdə insan beş şeydən sorğuya çəkilməyincə Allahın hüzurundan ayrılmaz: Ömrünü harda tükətdiyindən, gəncliyini necə keçirdiyindən, malını, sərvətini hardan qazanıb, nələrə xərclədiyindən və bildikləriylə əməl edib etmədiyindən”.


Tarix: 10.06.2015 / 17:38 Müəllif: Aziza Baxılıb: 285 Bölmə: Maraqlı melumatlar
loading...