Adətən tələbələri yetkinlik yaşına çatmış, dünyagörüşü formalaşmış gənclər kimi təsəvvür edirik
Lakin bəzən istisnalar olur. Öz yaşına uyğun olmayan zəkaya və biliyə malik uşaqlar (Qərbdə belə uşaqlara “vunderkind” deyirlər) böyüklərin onlar üçün hördüyü stereotip və inamsızlıq hasarlarını aşaraq tələbə adı qazanırlar. Təbiətin bəxş etdiyi fitrəti və düşüncəni maksimum istifadə edən belə istedadlı uşaqlar gələcəkdə böyük elmi nailiyyətlərə sahib olurlar.
Milli.Az modern.az-a istinadən dünyanın ən gənc tələbələrinin siyahısını təqdim edir.
Karson Xyu Yu – Texas Universitetinin ən gənc tələbəsidir. O bu adı 11 yaşında qazanıb. Karson hələ 2 yaşında öz qeyri-adi hərəkətləri ilə diqqəti cəlb edib. Belə ki, o 2 yaşında bütöv kitablar oxuyur, 3 yaşında isə vurma-bölmə əməlləri yerinə yetirirdi. Gənc istedad 5 yaşından məktəbə getməyə başlayır. Artıq bu zaman aydın olur ki, Karson Xyu Yu öz yaşıdlarından çox irəlidədir və orta məktəb proqramı onun üçün azlıq edir. Buna görə valideynləri öz 10 yaşlı istedadlı övladının sənədlərini Texas Universitetinə verirlər. Uşağın yaşının azlığı ilə bağlı olan bəzi formal sənədlər qaydaya salındıqdan sonra Karson Xyu tələbə adını qazanır. Onun sözlərinə görə, ali müəssisənin tədris proqramı ilə bağlı heç bir problemlə üzləşmir və özündən dəfələrlə böyük qrup yoldaşları ilə normal münasibətlər saxlayır. O, ümid edir ki, təhsilini davam etdirib 20 yaşında elmlər doktoru fəxri adı qazanacaq.
Tanişk Abraam – dünyanın nə gənc tələbələrindən sayılır. Tələbə adının qazanılması tezliyinə görə o, Karson Xyu Yunu 4 il qabaqlayır. 2010-cu ildə 7 yaşlı Tanişk Abraam ümumfederal intellektual testini verərək “American River College”-in paleontologiya və astrologiya fakültəsinə daxil olub. Valideynlərinin sözlərinə görə, uşağında qeyri-adi bilik 2 yaşında müşahidə olunmağa başlayıb. Abraam 7 yaşında məktəb proqramını tam keçib. Bundan sonra isə Stenford Universitetinin 2-ci kurs riyaziyyat kitablarındakı məsələləri həll etməyə başlayıb. Arzuladığı Stenford Universitetinə isə o, 10 yaşında daxil olub. Siyasətçi olmağı özünə hədəf seçən Tanişk Abraam yeniyetmə yaşında bir neçə ictimai bitliyin əsasını qoyub. Eyni vaxtda 2 dəfə Nobel mükafatına namizəd göstərilib.
Arran Fernandes – Kembric Universitetinə daxil olan ən gənc ikinci tələbədir. 1773-cü ildə tələbə olan 13 yaşlı Uilyam Pitt Kembricin ən gənc tələbəsi hesab olunur. İngiltərənin Surrey qraflığından olan Fernandes uşaq yaşlarından ev şəraitində dərs alıb və biliklərə yiyələnib. O əsas məqsədinin Riman hipotezini isbat etmək olduğunu söyləyib.
Kim Un Yonq – Cənubi koreyalı dahi sayılır. Yonq 3 yaşında ikən Seul Universitetinin fizika fakültəsinə daxil olub. Onun İQ (AyKyu) dərəcəsi 210-a çatır. Bu bütün vaxtlarda qeydə alınan ən yüksək intellekt göstəricisi sayılır. Vunderkind 6 yaşında universiteti bitirib və ABŞ-a köçərək NASA-da kosmik tədqiqatlarla bağlı layihələr hazırlayıb. İnandırıcı görünməsə də, Un Yonq 15 yaşında doktorluq dərəcəsi qazanıb. Gənc yaşlarında yenidən vətəni Koreyaya dönən dahi insan hazırda bölgə universitetlərindən birində dərs deyir.
Ksavyer Qordon-Braun – İngiltərə Açıq Universitetinin tibb fakültəsində təhsil alır. 11 yaşlı Braun ölkənin ən gənc tələbəsi sayılır. Riyaziyyata maraq onda 4 yaşından başlayıb. Bir aya Ksavyer Braun 1 aya bütün vurma cədvəlini öyrənir. Bundan başqa 3 musiqi alətində ifaçılıq edən, taekvando və hündürlükdən tullanma yarışlarına qatılan vunderkind yaxınlarda universiteti tərk etmək niyyətindədir. Onun valideynləri hesab edir ki, övladı universiteti tərk edərək həyatını öz yaşıdları arasında keçirməlidir.
Boqdan Baras – Ukraynanın ən gənc tələbəsi hesab olunur. 14 yaşında universitetə sənəd verən Baras eyni zamanda 4 universitetə daxil olub. Sonda o, Vadim Geltman adına Kiyev Milli İqtisad Universitetində təhsil almağı üstün bilib. Güclü yaddaşa və iti zəkaya sahib yeniyetmə iqtisadiyyat sahəsində yeni elmi nəzəriyyələrin yaradılması ilə məşğul olur.
İsmayıl İsmayılov – Qafqaz Universitetinin tələbəsi adlarını xatırlatdığımız əcnəbi tələblərlə yarışmaq gücündə olmasa da, hələlik Azərbaycanda ən gənc tələbədir. 2013-ci ildə 15 yaşında ali məktəbə daxil olmuş İ. İsmayılov (1998-ci il təvəllüdlü) qəbul imtahanlarında 461 bal toplayıb. və Qafqaz Universitetinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi fakültəsinə daxil olub. Ödənişli əsaslarla oxuyur.
İsmayıl İsmayılov açıqlamasında deyib ki, o da hər kəs kimi 6 yaşında orta məktəbə qəbul olunub. Amma yaşıdları kimi 1-ci sinfə deyil. “Hələ uşaq yaşlarından oxumağa həvəsli olduğum üçün 1 və 2-ci sinifin proqramını anamın vasitəsilə evdə öyrənmişdim. Bunları yenidən məktəbdə keçmək mənə maraqsız olacağı üçün Təhsil Nazirliyində imtahan verdim və birbaşa 3-cü sinifə qəbul olundum. İlk iki ili Bakıdakı 18 nömrəli pilot məktəbində oxumuşam. 5-ci sinifdən isə Həbib Mahmudbəyov adına 2 nömrəli liseyə getdim. Bütün qiymətlərim «5» olub. Sadəcə 10 və 11-ci siniflərdə «Araz» kurslarında hazırlaşdığım üçün dərslərə vaxt ayıra bilmirdim və attestatımda «4» qiyməti də oldu".
Qeyd edək ki, İ. İsmayılovla eyni ildə ən gənc abituriyentin 13 yaşı (2000-ci il təvəllüdlü) olub.
Tarix: 26.11.2014 / 18:23 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Maraqlı Melumatlar