Kitabın mövzusu
Tanınmış jurnalist-yazıçı, Ənvər Çingizoğlu və Bakı Slavyan Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Mahal Qacarın “Qaradağ xanlığı“ adlı monoqrafik kitabı bu günlərdə nəşr olunub. Kitab Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunub. “Mütərcim” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru filologiya üzrə fəlsəfə doktoru Vüqar Qaradağlıdır.
Kitab giriş və səkkiz fəsildən ibarətdir: Qaradağın tarixinə nəzər; Qaradağ xanlığının yaranması tarixindən; xanlığın ictimai-siyasi yaşamı; inzibati quruluşu, idarəetmə aparatı; Qaradağ xanlığının qonşu xanlıqlarla münasibəti; sosial-iqtisadi vəziyyəti və mədəniyyəti.
Əsərin giriş hissəsində göstərilir ki, Azərbaycanın cənub xanlıqları arasında özünün siyasi və ictimai-iqtisadi tarixinə görə müstəsnalıq təşkil edən Qaradağ xanlığı bu günə qədər tarixi ədəbiyyatda yetərincə əksini tapmayıb.
Kitabda mövzu ilə bağlı XIX əsrin ikinci yarısında rus mənbələrində xanlığın siyasi, ictimai-iqtisadi tarixinə dair materiallara və İranda çap olunan tarixi ədəbiyyatlara istinad edilib. Eyni zamanda ərəb, fars və Avropa müəlliflərinin qaynaq tipli bəzi əsərlərindən (yol qeydləri, xatirələr, coğrafi-tarixi əsərlər) də istifadə olunub.
Tarix: 14.03.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 179 Bölmə: Kitablar elm