Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

20th Century Fox

“20-ci Əsr Foks Kinostudiyası” Hollivudun 6 ən böyük studiyasından biridir. Los-Ancelesdə, Beverli Hillsin qərbində yerləşən studiya “News Corporation” şirkətinə məxsusdur.

“20th Century Fox” 1935-ci ildə iki şirkətin birləşməsi nəticəsində yaranmışdı. Bunlardan birincisi 1915-ci ildə əsası qoyulmuş “Fox Film Corporation”, ikincisi isə 1933-cü ildə yaradılmış “Twentieth Century Pictures” şirkətləri idi.

Studiyanın ən uğurlu filmləri sırasında “Star Wars” (“Ulduz Müharibələri”), “Ice Age” (“Buz Dövrü”),” X-Men” (“X – Adamlar”), “Die Hard” (“Məğlubedilməz”), “Alien” (“Yad”), “Planet of the Apes” (“Meymunlar Planeti”), “Home Alone” (“Evdə Tək”) film seriyaları, “The Simpsons” (“Simpsonlar”), “Family Guy” (“Qriffinlər”) və “American Dad!” (“Amerikalı Ata!”) animasiya serialları və s. var.

Studiyanın ilk məşhur ulduzu Şirli Templ olmuşdu. Digər məşhurlar arasında Betti Qreybl, Cin Tirni, Merilin Monro, Ceyni Mensfild və b. da var idi. Studiya ilk dəfə “Ən Yaxşı Aktrisa” nominasiyasında Oskara namizəd olan və ilk afro-amerikalı film ulduzu sayılan Doroti Dendric ilə müqavilə bağlamış ilk Hollivid studiyası idi.

Hal-hazırda dünya üzrə ən çox gəlir gətirmiş iki film – “Avatar” (“Avatar”) – 2009 və “Titanic” (“Titanik”) – 1997 filmləri bu studiyanın məhsuludur. Studiyanın ilk filmləri sırasında 1915-ci ildə çəkilmiş “Regeneration” (“Regenerasiya”) və 1917-ci ildə çəkilmiş, hal-hazırda itmiş film hesab edilən “Cleopatra” (“Kleopatra”) var idi.

Studiya “Ən Yaxşı Film” kateqoriyasında ilk Oskarı 1932/3-cü illər Oskar mərasimində “Cavalcade” (“Parad”) filminə görə aldı.
Studiyanın bu kateqoriyada Oskar almış digər filmləri:
1950 – “All About Eve” (“İv Haqqında Hər Şey”)
1965 – “The Sound of Music” (“Musiqi Səsi”)
1970 – “Patton” (“Patton”)
1971 – “The French Connection” (“Fransız Əlaqəsi”)


Tarix: 28.11.2014 / 11:36 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Filimler
loading...