Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mollanın qonşuluğunda bir qoca sərkərdə yaşayırmış.

Mollanın qonşuluğunda bir qoca sərkərdə yaşayırmış. Molla fikir
verir ki, bu sərkərdə hər gün evə gələndə həyətdə bir dəfə nərə çəkir.
Girir evə, bir də nərə çəkir. Molla bu işdən maraqlanır. Bir gün sərkərdənin
qabağını kəsib bu nərələrin səbəbini ondan soruşur. Qoca
sərkərdə qabaqca Mollanı aparır həyətdəki tövləsinə. Molla baxır ki,
burada bir yaxşı at bağlanıb. Sərkərdə deyir:
– Filan davada düşmən bizim lap əhədimizi kəsmişdi. Az qalmışdı
ki, bizi dörd tərəfdən ortalıüa alsınlar. Gördüm iş yaxşı deyil. Mindim
bu atın üstünə, hücum elədim düşmənə. Qoşun da mənim dalımca.
Düşməni qovaladıq.
Sərkərdə bunu deyib, bərkdən bir nərə çəkir.
Molla deyir:
– Haqlı imişsən, qardaş! Elə nərə çəkməlidi.
Sərkərdə Mollanı aparır evə. Girirlər birinci otağa. Molla baxır ki,
divardan bir əyri qılınc asılıb. Sərkərdə başlayır:
– Filan davada bu qılınc ilə bir düşmən əsgərinin başını bədənindən
elə ayırdım ki, yerə bir damcı da qan düşmədi.
Bunu deyib sərkərdə bir nərə də çəkir. Molla deyir:
– Haqlı imişsən, qardaş! Çək nərəni!
Girirlər içəri otağa. Sərkərdə səslənir, gözəl bir arvad girir içəriyə.
Sərkərdə üzünü Mollaya tutub deyir:
– Bu qız mənə bənd olub, atasını, anasını, hər şeyini atıb mənə
gəlib.
Bunu deyib sərkərdə ucadan elə bir nərə çəkir ki, Molla dik atılır.
Üzünü sərkərdəyə tutub deyir:
– Nərələrin üçündə də haqlısan. Ancaq çox xahiş eləyirəm ki,
bundan sonra gündə bir nərə də mənim üçün çəkəsən. Çünki sənin bu
nərələrindən mənim çox xoşum gəlir. Ancaq gündə üçcə nərə az olur.
Heç olmazsa dörd olsun ki, biz də bir az keyf çəkək.


Tarix: 01.06.2013 / 21:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Azeri Letifeler
loading...