Mollanın uzunbuynuz bir öküzü var imiş; gecə-gündüz fikirləşirmiş
ki, nə tövr eləyim, heç olmazsa bircə dəfə bu öküzün buynuzlarının
arasında oturum. Ancaq arzusuna çatmaq üçün heç bir fürsət tapa
bilmirmiş.
Bir gecə Molla çıxır bayıra. Baxır ki, öküz uzanıb həyətdə
kövşəyir. Molla öz-özünə: "Sən öləsən, lap fürsətdi" – deyib ətəklərini
yıgışdırır, tullanır öküzün başına, əyləşir iki buynuzunun arasında.
Öküz hürküb, qalxır ayağa, başını silkələyib Mollanın çırpır yerə.
Molla bayaq ha özündən gedir. Tappıltıya arvadı çıxır bayıra, görür ki,
Molla tir-tap uzanıb yerə, nə özünü bilir, nə sözünü; baş-gözü də qan
içində. Arvad haray-həşir salır, camaat yıüılıb Mollanı ayıldır, baxırlar
ki, bir qıçı da sınıb. Qərəz, kişini gətirib uzadırlar yorğan-döşəyə.
Molla göz gəzdirib görür ki, arvadı bir tərəfdə durub, xısın-xısın ağlayır.
Başını qaldırıb deyir:
– Arvad, ağlama, hərçənd ki, yıxılıb baş-gözümü dağıtdım, amma
arzuma da çatdım.
Tarix: 01.06.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Azeri Letifeler