Həyatı
Əsl adı Bəxşi bəy olan bu Təkəli əmiri I Şah Ismayıla (1501 – 1524) xidmət etmişdi. Şah onu zarafatla "Çuxa sultan" adlandırırdı. Sonra bu adla da tanındı. Çuxa sultan 1525-ci ildə İsfahanın hakimi təyin edilmişdi. Qızılbaşlar dövlətinin böyük əmirlərindən idi. I Şah Təhmasibin hakimiyyətinin ilk illərində vəzifə uğrunda qızılbaşlar arasında mübarizə gedirdi. Ustaclı eli ilə Təkəli eli arasında bir neçə qanlı çarpışma olmuşdu. Təkəli elinə Əmir çuxa sultan rəhbərlik edirdi.
Təkəlilər və ustaclılar Səksəncək adlı yerdə qarşılaşdılar. Öncə ustaclılar qalib gəldilər. Onlar adlı-sanlı təkəli əmirlərindən olan Qaraca sultanı və Burun sultanı öldürdülər. Sonra şahdan və şahın qvardiyasından istifadə edən rumlular və təkəlilər üstünlük qazandılar. Ustaclı qoşunu basılıb qaçdı. Qaçanlar Rəştə üz tutub Müzəffər sultana sığındılar.
Ustaclı elinin digər qrupu Abdulla xan Təmişlinin və Əhməd sultan Sofuoğlunun başçılığı altında rumlu və təkəli tayfalarına qarşı savaşa başladılar. Onlar da yenildilər.
1527-ci ildə Mustafa bəy (Köpək sultan) Ustaclı Gilandan qoşun çəkərək Ərdəbilə gəldi. Ərdəbilin hakimi Badəncan sultan Rumlunu məğlub edib öldürdü. Ordan Çuxursəəd əyalətinə, rumlu elinin yaşadıqları yerə hərəkət etdi. Vəkil Əli bəy (Div sultan) bu xəbəri eşidib Çuxa sultan Təkəli və Məhəmməd xan Zülqədərin yaxından yardımı ilə səkkiz min qorçu ilə Qərbi Azərbaycana yollandı. Tərəflər Naxçıvanda, Araz çayının yaxasında üz-üzə gəldilər. Ustaclı qoşunu darmadağın edildi. Qoşunun komandanı Mustafa bəy öldürüldü.
Sonra rumlu və təkəli tayfaları arasına təfriqə düşdü. Vəkil Əli bəy (Div sultan) Rumlu Çuxa sultan Təkənin təhriki ilə məhv edildi. Vəkillik mənsəbinə Çuxa sultan yiyə durdu.
1531-ci ildə Çuxa sultan da Hüseyn xan Şamlı ilə düz dolanmayıb öldürüldü. Təkəlilər vəkiliyi Çuxa sultanın böyük oğlu Şahqubad bəyə verilməsini təklif etdilər. Özünə gəlmiş ustaclılar bu təklifə qarşı çıxdılar. Maraqlıdır ki, bu dəfə zülqədər və avşar əmirləri ustaclıları dəstəklədilər. Təkəlilər ustaclılardan bir neçə adam öldürdülər. I Şah Təhmasib təkəli tayfasının qətlinə fərman verdi. Təkəlilər bu hayı eşidib qaçdılar. Adlı-sanlı təkəli əmirləri Osmanlı dövlətinə sığındılar. Şah əmirüməralığı Abdulla xan Ustaclının və Hüseyn xan Bəydili-Şamlının arasında bölüşdürdü.
Tarix: 13.01.2015 / 19:11 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr