Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsl soyqırım

1918-ci il mart ayının 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin sədaları altında oyanırlar. Evlərindən çıxarkən görürlər ki, şəhər cənubdan ermənilər, şimali-şərqdən isə malakanlar tərəfindən mühasirə olunub. Şəhərin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tuturlar. Bu hücum müsəlmanlar üçün tam gözlənilməz idi. Yuxarıda qeyd etdiyimiz kimi, ondan bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov Xaç və İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içmişdilər. Müdafiəyə hazırlaşmamış azərbaycanlılar əvvəlcə buna təşəbbüs etsələr də, top və pulemyot atəşləri altında dayana bilməyib geri çəkilirlər. Ermənilər və malakanlar həmləyə başladıqlarından bir neçə saat sonra artıq şəhərin azərbaycanlılar yaşayan və şəhərin erməni hissəsi ilə sərhəd olan "Piran-Şirvan" bölməsinə soxula bilirlər. Onlar azərbaycanlıların evlərini talan edir, yandırır və dinc əhalini qəddarlıqla qətlə yetirirdilər. Şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərinə od vurulurdu. Ermənilərin qarət edib yandırdığı evlər arasında Şıxıyevlərin, Həsənovların, Cəbrayılovların, qəza müftisinin, Hüseynbəyovun, Əlimirzəyevin, Əfəndiyevin, Babayevlərin, Məhərrəmovların, Veysovların, Böyük bəy Hüseynovun, Hacı Vahab Ələkbərovun və başqalarının mülkləri də var idi. Ermənilər və malakanlar yandırılmış evlərdən çıxıb qaçan kişi, qadın və uşaqları güllələyirdilər. Ermənilər evlərə soxulur, onların sakinlərini qarət edir, qətlə yetirir, sonra isə yandırırdılar. Gecə müsəlmanlar təslim olmaq barədə qalib ermənilərin yanına nümayəndələr göndərir və sülh xahiş edirlər. Lakin atəş dayandırılmır. Yanğınlar bütün bölgəyə yayılır və səhərə qədər şəhərin ən zəngin məhəlləsindəki evlərdən yalnız xarabalıqlar qalır. Yandırılmış evlərdən qaçaraq canını qurtarmaq istəyən sakinlərə – kişi, qadın və uşaqlara heç bir fərq qoymayan ermənilər onları açıqcasına, yaxud tinlərdən atəşə tuturlar. Adamları evlərdə, həyətlərdə, küçələrdə qətlə yetirirlər. Şəhərin küçələrində meyitlərdən qalaqlar yaranır. Ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağıla sığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirdilər. Öldürmək və evlərini yandırmaq hədəsi ilə ermənilər azərbaycanlılardan onların pul və qiymətli əşyalarını alır, lakin çox vaxt pul və qiymətli əşyalarını könüllü vermələri belə azərbaycanlıları ölümdən və evlərini yandırılmaqdan xilas edə bilmirdi. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyitləri atılıb qalmışdı. Onların döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla təhqir olunmuşlar. Küçələrdə pazlarla diri-diri yerə mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarət və talan edilmiş əmlak araba və furqonlarla erməni və malakan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam edir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrinin Şamaxıya köməyə gəlməsindən qorxuya düşən ermənilər və malakanlar Şamaxı qəzasının Qozluçay malakan kəndinə çəkilirlər. Azərbaycanlı silahlı dəstələri onları təqib edir. Lakin onlara məlum olur ki, ermənilər və malakanların qüvvələri onlarınkından qat-qat üstündür. Ona görə də strateji mülahizələrə görə dörd gündən sonra azərbaycanlı silahlı dəstələr şəhəri tərk etməyə məcbur olurlar. Gəncədən olan silahlı dəstələrlə Şamaxının, demək olar ki, əksər müsəlman əhalisi şəhəri tərk edir. Ancaq çox tələsik olduğu üçün onlar, hətta özləri ilə vacib əşyalarını belə götürə bilmirlər. Çoxlu şəhər sakini, xüsusilə yoxsullar, xəstələr, qocalar, qarılar və uşaqlar şəhərdə qalırlar. Gəncədən olan silahlı dəstələr Şamaxını tərk etdikdən bir neçə gün sonra erməni və malakan quldur dəstələri geri qayıdaraq yenidən Şamaxını tuturlar. Bu dəfə şəhərin talan edilməsi və əhaliyə divan tutulması əvvəlkindən daha böyük qəddarlıq, qəzəb və qaniçənliklə həyata keçirilir. Şəhərdə qalan azərbaycanlı əhali uşaqlar, qadınlar, qocalar da daxil olmaqla tamamilə məhv edilmişdir. Küçələr, həyətlər, evlər, məscidlər meyitlərlə dolu idi. Şəhərdə azərbaycanlıların bütün əmlakı qarət edilərək erməni və malakan kəndlərinə aparılmışdı. Şəhərin bütün azərbaycanlı hissəsi oda qalanmışdı. Şəhərdəki bütün məscidlər, onların nəzdindəki müqəddəs yerlərlə birlikdə yandırılmışdı. Bir sözlə, şəhərin azərbaycanlılar yaşayan bütün məhəllələri tamamilə xarabazarlığa çevrilmiş, bir dənə də olsa azərbaycanlı evi salamat qalmamışdı.

Ə.Xasməmmədovun məruzəsində göstərilirdi ki, ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı şəhərdəki bir neçə min azərbaycanlı qətlə yetirilmişdir. Onların arasında təkcə Şamaxıda deyil, bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Ermənilər məşhur axund Hacı Cəfərqulunu xüsusi qəddarlıqla öldürmüşlər. Əvvəlcə onun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişlər. Ermənilərin qəddarlıqla öldürdüyü nüfuzlu şəxslər arasında şəhər hakimi Teymur bəy Xudaverdov, birinci Dövlət Dumasına Şamaxıdan deputat seçilmiş Məmmədtağı Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdülxəlil Əhmədov, Hacı Əbdülhüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seyidov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Hacı Əbdülqasım Qasımov, Əyyub ağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürrəhim bəy Ağalarov, Məhiyyəddin Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun arvadı, Mahmud Hacıağa oğlu, onun arvadı və oğlu və bir çox başqaları da var idi.

Ermənilər xilas olmaq üçün axund Hacı Cəfərqulunun evinə və həyətinə pənah gətirmiş çoxlu sayda qadın və uşağı da öldürmüş və ya diri-diri yandırmışlar. Hacı axundun tamamilə yandırılmış evinin həyətində Fövqəladə Təhqiqat Komissiyasının üzvləri çoxlu xırda insan sümükləri aşkar etmişlər. Meyitlərin iri sümüklərini isə türklər 1918-ci ilin yayında erməniləri Şamaxıdan qovarkən yığıb basdırmışlar. Komissiya üzvlərinin 1918-ci ilin oktyabr-noyabrında bu barədə hazırladığı məruzədə qeyd olunurdu ki, həyətdə hələ indi də çürümüş meyitlərin qoxusu qalmaqdadır. Habelə, yandırılmış digər evlərin və məscidlərin həyətlərində çoxlu yanmış insan sümükləri də aşkar edilmişdir.

Məruzədə göstərilirdi ki, bir neçə məscidin, evin və mağazaların xarabazarlıqlarının, habelə insan sümüklərinin 45 ədəd fotoşəkilləri də çəkilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının digər məruzələrindən birində deyilirdi ki, erməni hərəkatının rəhbərlərindən biri Bakıda öz tanışları qarşısında lovğalanaraq demişdir ki, Şamaxı hadisələri zamanı bu şəhərdə 10 nəfər müsəlman qızını əvvəlcə zorlamış, sonra isə onları öz şəxsi tapançası ilə güllələmişdir.

Məruzədən aydın olur ki, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan, orta hesabla, bir milyard manatdan çox olmuşdur. Şamaxı şəhərinə hücum, onun dağıdılması, dinc azərbaycanlı əhaliyə – qadına, qocaya, uşağa qəddarcasına divan tutulması yalnız ermənilərin azərbaycanlılara qarşı milli intiqam və milli düşmənçilik hissindən irəli gəlir və ikili məqsəd daşıyırdı. Bir tərəfdən, onlar azərbaycanlıları kütləvi surətdə qırır, digər tərəfdən isə onların evlərinin qarəti hesabına külli miqdarda var-dövlət əldə edib varlanırdılar. Ona görə də Şamaxını talan edən erməni quldur dəstələri "Öldürüb talamaq! Talayıb öldürmək!" prinsipindən ilham alırdılar.

Şamaxı üzərinə hər iki hücum zamanı yanğınlar, talanlar, qətllər bilavasitə illərlə burada sülh şəraitində yaşamış, azərbaycanlılardan daim hörmət görmüş nankor yerli ermənilərin rəhbərliyi ilə daşnaklar tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdir. Bu əməliyyatlara Stepan Lalayev, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Petrosyants, ata və oğul İvanovlar, dəllək Avanesov, Şuşalı Aqamalov və b. rəhbərlik etmişdilər. Bu şəxslər həmçinin quldur dəstələrinin digər üzvləri ilə birlikdə azərbaycanlıların evlərini yandırmış, talan etmiş və dinc əhalinin qətllərində də bilavasitə iştirak etmişlər. Yüzlərlə şahidlər və zərərçəkənlər dindirilərkən bu qatillərin adlarını çəkmiş, qətl və qarətdə bilavasitə iştirak etdiklərini təsdiq etmişlər. Onlar yerli ermənilərdən keçmiş qəza rəisinin müavini Qavril Karaoğlanovun, keçmiş Şamaxı poçt-teleqraf kontorunun rəisi Arşak Gülbəndiyanın, Şamaxı erməni kilsəsinin hami-ktikoru Mixail Arzumanovun, Şamaxıda məşhur tacir E.İvanyantsın, dəllək Samvel Dolievin və b. bu kimi hadisələrin şəxsən iştirakçısı və icraçısı olduqlarına şəhadət vermişlər.

Toplanılmış çoxlu əşyayi-dəlil, zərərçəkənlərin və şahidlərin ifadələri əsasında Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatski həmin komissiyanın sədrinin adına yazdığı məruzədə dinc azərbaycanlı əhaliyə qarşı eşidilməmiş cinayətlər törətmiş həmin şəxslərə qarşı cinayət işi qaldırmağı təklif edir.

1919-cu il iyul ayının 12-də Azərbaycan Cümhuriyyəti hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası Şamaxı şəhərinin dağıdılması və bu şəhərin azərbaycanlı əhalisi üzərində zorakılıq halları barədəki təhqiqat işi haqqında komissiyanın üzvü A.Novatskinin məruzəsini dinləyərək şahidlərin və zərərçəkənlərin ifadələri, törədilmiş cinayətlərin təhqiqi, yandırılıb dağıdılmış yerlərə baxış və s. əsasında Şamaxı şəhərində törədilən cinayətlərdə əslən Şamaxıdan olub Bakı şəhərində yaşayan Stepan Lalayevin, Şamaxı şəhərinin sakinləri Qavril Karaoğlanovun, Arşak Gülbəndiyanın, Mixail Arzumanovun, Karapet Karamanovun, Armenak Martirosyantsın, Aleksandr Xaçaturovun, Mixail Xaçaturovun və başqalarının (cəmi 31 nəfərin) Şamaxı qırğınlarının başlıca caniləri olduqları göstərilir. Komissiyanın bu məsələ ilə bağlı qəbul etdiyi qərarda deyilirdi ki, bu cəlladlar Azərbaycan xalqına qarşı ədavət əsasında milli və dini zəmində əvvəlcədən öz aralarında razılaşaraq bir neçə min nəfər erməni qüvvələrini öz ətraflarında birləşdirərək, top, pulemyot, tüfəng, tapança və xəncərlə silahlanaraq öz qarşılarında Şamaxı şəhərində olan azərbaycanlı əhalini qırmaq, əmlaklarını qarət və məhv etmək məqsədi qoymuşdular. Bunun üçün də 1918-ci il martın 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlılar yaşayan hissəsinə hücuma keçirlər. Bir neçə gündə minlərlə dinc azərbaycanlı əhalini – kişi, qadın, uşağı qətlə yetirmişlər. Özü də bu qətllər xüsusi qəddarlıqla həyata keçirilmişdir. Belə ki, qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmış, qarınları yırtılmış, yandırılmış, çox böyük əziyyətlərlə öldürülmüşlər. Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatlıqdan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan "Cümə məscidi" yandırılmışdır. Fövqəladə Təhqiqat Komissiyası bu vandalizmin başlıca təşkilatçıları haqqında cinayət işi qaldırmaq, onları məsuliyyətə cəlb etmək və istintaq işinə başlamaq haqqında qərar qəbul edir.

Şamaxı şəhəri kimi, Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86 kəndi də ermənilərin xaincəsinə qəfil hücumlarına məruz qalmışdır.

Martın 18-də sübh çağı Şamaxı şəhəri ilə yanaşı, onun 3-4 verstliyində olan Əngəxaran kəndinə də qəfil hücum olur. Əngəxaranda ermənilərin törətdikləri vəhşiliklərlə əlaqədar təhqiqat materiallarında həmkəndlilərinin və şahidlərin ifadələrinə görə tərtib edilmiş siyahılarda bu kənddən daşnakların böyük işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı var. Əngəxarana soxulan ermənilər və malakanlar kəndi mühasirəyə alaraq oradakı əhalini qırır, kəndi qarət edir, yandırır və sağ qalan əhalini isə əsir alır. Əsir alınmış Əngəxaran sakinlərinin uşaqları azərbaycanlı kəndi olan Məlhəmə aparılıb orada saxlanılır, 88 kişini isə malakan kəndi Çuxuryurda aparırlar. Kəndə çatmamış onlar əsirləri bağda saxlayaraq bir neçə nəfərini güllələyirlər. Qalan 76 nəfəri isə əsir kimi Mədrəsə kəndində yerləşən erməni qərargahının sərəncamına göndərirlər. Yolda iki nəfəri də güllələyirlər. Mədrəsə kəndinə cəmi 74 nəfər sağ azərbaycanlı gəlib çıxır. Gəncədən gələn silahlı dəstələr Şamaxıya girdikdə Əngəxaran kəndindən olan nümayəndələr Mədrəsəyə aparılmış qohumlarının taleyindən xəbər tutmaq üçün Mədrəsə kəndinə gəldikdə onlar kəndin kənarında əngəxaranlı əsirlərin hamısının öldürüldüyünü və meyitlərinin eybəcər hala salındığını görürlər. Meyitlərin qulaqları, burunları, əlləri və ayaqları kəsilmiş, bir çox ölülərin döşlərində yanıq izləri aşkar edilmişdir. Bu da sübut edirdi ki, hələ sağ ikən ermənilər onların sinələri üzərində od qalamışlar. Bundan başqa, dağıdılmış kənddən qaçıb canını qurtara bilmiş Əngəxaran sakinlərinin çoxu aclıqdan, soyuqdan və xəstəlikdən tələf olmuşlar. Komissiyanın məruzəsində göstərilirdi ki, qısa bir vaxtda Əngəxaran əhalisi yarıbayarı azalmışdır.

Respublikamızın dövlət arxivlərində saxlanılan yüzlərlə sənəd Şamaxı qəzasının azərbaycanlı kəndlərində ermənilərin törətdikləri vəhşilikləri də əyani şəkildə ifşa edir. Təəssüflər olsun ki, Şamaxı şəhəri və Şamaxı qəzasındakı qətllər və dağıntılarla bağlı Fövqəladə Təhqiqat Komissiyası tərəfindən aparılan təhqiqat və araşdırma işləri tamamilə başa çatdırılaraq yekun sənədlər və məlumatlar hazırlanmadığı üçün Şamaxı şəhəri və Şamaxı qəzasındakı azərbaycanlı kəndlərinə dəymiş ümumi zərərin miqdarı və öldürülmüş, yaralanmış əhalinin ümumi sayı haqqında əlimizdə dəqiq məlumat yoxdur. Lakin həmin komissiya tərəfindən toplanılmış və əlimizdə olan çoxlu ilkin məlumatlar əsasında Şamaxı qəzasının kəndlərində azərbaycanlılara dəymiş zərər, öldürülən və yaralananlar haqqında hesablamalar aparmaq mümkündür.

1919-cu il aprel ayının 3-də Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyi Şamaxı qəza rəisinin Fövqəladə Təhqiqat Komissiyasına həmin qəzanın 3 polis sahəsi (Qəbiristan, Mədrəsə və Kaşun) üzrə ermənilər tərəfindən dağıdılmış kəndlərin siyahısı göndərilmişdir. Həmin siyahıya Qəbiristan polis sahəsi üzrə 19, Mədrəsə polis sahəsi üzrə 41 və Kaşun polis sahəsi üzrə 26 kəndin (cəmi 86 kəndin) adı daxil edilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatların – şahid ifadələri, zərərçəkənləri dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatlar, ölən və yaralananların siyahısı və s. əsasında 53 kənd üzrə tərtib edilmiş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə öldürülənlərin (o cümlədən kişi, qadın, uşaq) sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu kəndlərdən bir neçəsində ölənlərin sayı və dəymiş zərərin ümumi məbləği aşağıdakı kimidir: Nəvahi kəndində cəmi 995 nəfər azərbaycanlı öldürülmüşdür ki, onlardan da 555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq idi. Kəndə dəymiş ümumi maddi zərər 60 milyon manat olmuşdur; Yəhyalı kəndində 922 nəfər öldürülmüşdür ki, onlardan da 360 nəfəri kişi, 412 nəfəri qadın və 150 nəfəri uşaq idi, kəndə dəymiş ümumi maddi zərər 22 milyon manat olmuşdur; Qubalı Baloğlan kəndində 553 nəfər öldürülmüşdür ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 135 nəfəri uşaq idi, kəndə dəyən ümumi maddi zərər 90 milyona yaxın olmuşdur; Kalva kəndində 500 nəfər öldürülmüşdür ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 100 nəfəri uşaq idi, kəndə dəyən ümumi zərər 24 milyon manat olmuşdur; Ağsu kəndində 500 nəfər öldürülmüşdür ki, onlardan 200 nəfəri kişi, 300 nəfəri qadın olmuşdur, kəndə dəyən ümumi maddi zərər 36,5 milyon manat olmuşdur; Tircan kəndində 360 nəfər öldürülmüşdür ki, onlardan da 300 nəfəri kişi, 40 nəfəri qadın və 20 nəfəri uşaq idi. Kəndə dəyən ümumi maddi zərər 21 milyon manata yaxın olmuşdur; Bağırlı kəndində 370 nəfər öldürülmüşdür ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar olmuşdur, kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdur. Qalan bütün kəndlər üçün tərtib edilmiş aktlarda da rəqəmlər yuxarıda göstərilən qayda üzrə aparılmışdır. Bütün aktlar Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Bu aktlarda olan rəqəmlər üzrə bizim hesablamamıza görə, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Hesablamamıza görə, bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manata bərabərdir. Dəymiş maddi zərərlər yandırılmış və dağıdılmış yaşayış evləri və digər tikililərin, qovulub aparılmış və ya məhv edilmiş mal-qaranın, oğurlanmış və yandırılmış ev əşyalarının, aparılmış və ya məhv edilmiş kənd təsərrüfatı alətlərinin, taxılın, yemin, dağıdılmış üzüm, tut və meyvə bağları və s. üzrə hesablanırdı. Ermənilərin azərbaycanlıların evlərinə, mal-qara, əkin sahələrinə münasibətdə törətdikləri vəhşiliklər, sözün əsl mənasında, vandalizm nümunəsidir. Onlar tutduqları yerlərdə ilk növbədə evləri qarət edib yandırır, mal-qaranı isə sürüb aparırdılar. Bu vəhşilər mal-qaranı sürüb aparmağa imkan tapmadıqda tövlələrin qapılarını bağlayaraq od vurub heyvanları belə diri-diri yandırmaqdan çəkinmirdilər. Üzüm, meyvə və tut bağlarındakı ağac və meynələri vəhşiliklə doğrayırdılar. Bir sözlə, onlar özlərindən sonra heç nə qoymurdular. Ona görə də Şamaxı şəhərinin və Şamaxı qəzasında ermənilərin dağıdıb məhv etdikləri azərbaycanlı kəndlərinin sağ qalmış əhalisi didərgin düşmüş, Azərbaycanın başqa rayonlarına və Bakı şəhərinə pənah gətirmişdir. Təəssüflər olsun ki, Sovet hakimiyyəti illərində xalqımıza edilmiş bu zülm unudulmuş, Stepan Lalayevə bəraət verilmiş, bu işin əsas təşkilatçısı olan S.Şaumyan o vaxtlar Şamaxı qəzasına daxil olmuş rayonlarda ən əziz adam kimi yad edilmişdir. Onun adı küçələrə, kolxozlara verilmiş, şəkilləri idarələrimizdə ən görkəmli yerlərdən asılmışdır. Bu unutqanlığımız isə bizə çox baha başa gəldi. İyirminci əsrin axırlarında yeni imkan tapmış daşnak xislətli erməni vandalları minlərlə say-seçmə oğullarımızı, qızlarımızı, köməksiz qoca, qadın və uşaqlarımızı qırdı, ərazilərimizin 20 faizini işğal etdi, 1 milyondan çox soydaşımız öz ölkəsində qaçqına çevrildi.


Tarix: 21.01.2015 / 17:44 Müəllif: Feriska Baxılıb: 316 Bölmə: Azərbaycanlı sülalələr
loading...