Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erməni Hücumlarının Başlanması

1989-cu ilin ortalarından başlayaraq ermənilərin Qaradağlı kəndinə qarşı təxribatları getdkcə daha da gücləndi. Həmin il oktyabr ayının 12-də bir dəstə erməni qulduru kəndin yaxınlığındakı mal fermasına basqın edərək mal-qaranı ələ keçirmiş, ferma binasına və ot tayalarını yandırmışlar. Kəndin müdafiəçilərindən Ədalət Məmmədov, Faiq Tağıyev, Qərib Mustafayev, Nazim Vəliyev özünü hadisə yerinə yetirərək çətinliklə də olsa quldurları geri oturda bilmişlər. 1989 – cu ilin dekabrında kənd əhalisini vahiməyə salmaq və onları qaçmağa məcbur etmək üçün ermənilər hər axşam yanacaqla dolu alovlanan çəlləkləri ətraf dağlardan aşağı buraxmağa başlamışdılar. Müdafiəçilərin gördükləri tədbirlər nəticəsində ermənilərin bu vəhşiliklərinin də qarşısı alındı. 1990 – cı il yanvarın 15-də 20 nəfərə qədər silahlı erməni Qaradağlıya yaxınlaşıb kəndin kənarındakı evləri atəşə tutmuşlar. Özünü hadisə yerinə çatdıran müdafiəçnlər ilk açıq silahlı döyüşə girirərək düşməni geri oturtmuşdular. Erməni quldurları 10 aprel 1990 – cı il tarixdə yenidən kənddə hücüm etmişdilər. Atışma zamanı kənd sakini İlqar Əliyev ağır yaralanmışdı.

1990-cı il noyabr ayının 24-də saat 17- 00 radələrində Qaradağlıdan Ağdama gəlin aparan maşın karvanı, kəndin 5 kilometrliyində rus hərbi paltarı geymiş erməni quldurlarının təcavüzünə məruz qalmış, həmin hadisədə 3 nəfər qaradağlı həlak olmuşdu. Quldurlar hadisə yerini mühasirəyə alaraq meyidləri aparmağa gələnləri irəli buraxmır, prezident Ayaz Mütəllibovun gəlməsini tələb edirdilər. İki saatdan sonra, çətinliklə də olsa camaat meyidləri erməni quldurlarının əlindən ala bilmişdi. Bu hadisədən sonra Qaradağlı müdafiəçiləri kəndin ətrafında güclü müdafiə postları, istehkamlar və səngərlər qurmaq qərarına gəldilər. Kəndin ətrafında 5 post yaradılıb etibarlı müdafiə qurğuları ilə təchiz olundu. Xankəndindən gələn yolu üstündə üç post qurulmuşdu. Xocavənd rayonu istiqamətində, kəndin girişində yaradılmış post əhəmiyyətinə görə birinci post hesab olunurdu. Bu postun keşikçilərlə təmin olunmasını məktəb direktoru Nobil Zeynalov öz üzərinə götürmüşdü. Orada əsasən Nobil Zeynalovun şagirdləri olmuş gənclər və məktəblilər keşik çəkirdilər. Asfalt yoldan azca aralı kolxoz idarəsinin yaxınlığında qurulmuş post ikinci hesab olunurdu. Mirzəli və Zahir bu postun məsuliyyətini daşıyırdılar. Kəndin çıxışında asfalt yolun üstündə qurulmuş 3-cü postda Nazim, Qərib, Telman, Vidadi və başqaları dayanırdılar. Kəndxurə istiqamətində qurulmuş 4-cü post da mühüm postlardan biri idi. Kənddə olan basqınların əksəriyyəti bu istiqamətdən olurdu. Burada Faiq, Rabil, Xudayat və onların dostları keşik çəkirdilər. Nəhayət, 5-ci post kəndin ortasında keçən Xonaşen çayının üstündə, Zinki dərəsinin qarşısında yaradılmışdı. Zinki postunun qorunması Məmməd, Şamil, Əlqəmə və Ələddin kimi cəsur oğullarına tapşırılmışdı. 1990-cı ilin noyabr ayından başlayaraq bütün postlarda fasiləsiz olaraq silahlı müdafiəçilər keşikdə dayanırdılar. 1991-ci ilin əvvəllərində baş vermiş faciə vəziyyəti daha da gərginləşdirdi. Yanvarın 10-da kəndin nüfuzlu şəxslərindən olan Sultan Bayramov erməni quldurlarına qarşı birgə mübarizə tədbirləri hazırlamaq üçün qonşu Əmrallar kəndinə getmişdi. Sultan Qaradağlıya qayıdanda kəndə çatmamış birinci postdan 4 kilometr məsafədə onun mindiyi "UAZ-469" markalı 53-55 AQT dövlət nişanlı minik maşını ermənilər tərəfindən qəfil atəşə tutulur. Maşının sürücüsü Kərəm Tağıyev maşını sürüb kəndə çatdırsa da Sultan Bayramovun həyatını xilas etmək mümkün olmur. O, iki saatdan sonra aldığı yaralardan dünyasını dəyişir. Sultanın dəfn günü Laçın-Şuşa yolunda jurnalist Salatın Əsgərovanın ermənilər tərəfindən öldürülməsi xəbəri kəndə yayıldı. Bu xəbərdən hiddətlənən dinc əhali erməni quldurlarının vəhşiliyinə etiraz üçün onların yaşadıqları kəndlərə doğru yürüşə çıxdılar. Lakin kəndin müdafiəçilərindən bir qrupu qabağa çıxaraq əhalini boş əllə erməni quldurlarının üstünə getməyin mənasız olduğunu bildirərək, onları dayandırmağa müvəffəq oldular.

Bu faciəli hadisədən sonra qaradağlılar erməni təxribatlarının qarşısını almaq üçün əməliyyat planı hazırladılar. Əməliyyata Ədalət Məmmədov rəhbərlik edirdi. Əməliyyat qrupuna – İlqar Hüseynov, Elmidar Bayramov, Telman Tağıyev, Eldar Dadaşov, Rafiq Quliyev, Qərib Mustafayev, Məmməd Məmmədov və Məmməd Mustafayev daxil idi. Onlar iki dəstəyə ayrılıb Xankəndi-Xocavənd yolunu həm girişdən, həm də çıxışdan nəzarətə aldılar. Kəndin müdafiəçiləri tərəfindən Xankəndindən Xocavəndə tələsən, içində 6 erməni quldurun olduğu "UAZ" markalı maşın ələ keçirilərək, məhv edildi. Beləliklə də, Sultan Bayramovun, Salatın Əsgərovanın və digər şəhidlərin qisası qudurlardan alındı. Ermənilər ancaq üç gündən sonra rus hərbiçilərinin müşaiyəti ilə gəlib meyidlərini meşədən apardılar. Bundan sonra Xankəndi – Xocavənd yolunda ermənilərin hərəkəti dayandı. Bu qisas əməliyyatında Qaradağlı müdafiəçiləri altı ədəd xarici avtomat, bir ədəd ov tüfəngi və xeyli patron ələ keçirdilər. 1991 – ci il martın 9-da erməni quldurları kəndin yaxınlığındakı mal fermasına qəfildən silahlı basqın edib iki nəfəri qətlə yetirdilər. Həmin il, iyun ayının 28-də isə gecə saat bir radələrində Qaradağlı kəndi ermənilər tərəfindən toplardan, pulemyotlardan və avtomatlardan şiddətli atəşə tutuldu. Kəndin bir neçə evini alov bürüdü, bir neçəsi isə mərmi zərbəsindən dağıldı. Qadınlar, qocalar və uşaqlar düşmən atəşindən qorunmaq üçün zirzəmilərə sığınmağa məcbur oldular. Həmin gecə ən böyük faciə kəndin 5 kilometrliyində Vərəndəli sahəsində yerləşən fermada baş vermişdi. Quldurlar kəndi atəşə tutmaqla yanaşı eyni zamanda fermadakı evlərə soxularaq altı nəfər günahsız ferma işçisini də güllələmiş və izi itirmək üçün onları yanan evlərdən birinin içinə atmışdılar. Bundan sonra onlar kənara çəkilərək ferma tam yanana qədər oranı atəş altında saxlamışlar. Bəyverdi Novruov başda olmaqla faciə yerinə gələn kənd camaatı yanan otaqların birində üç nəfərin güllədən dəlik dəlik olmuş, odun-alovun içində yanmış meyidlərini çıxara bilmişlər. Başqa bir otağın odu sönduruldukdən sonra isə tamamilə yanmış digər üç nəfərin cəsədləri aşkar edilmişdi. Şəhidlərin dəfnindən üç gün sonra Ruzigar Məmmədov Ağdam polis batalyonunun 2 nəfər əməkdaşı ilə birlikdə əməliyyat planı hazırlayır. Onlar silahlanıb gecə erməni kəndi Kəndxurda tərəf gedir və nəzarət postlarının birinin yaxınlığında mövqe tuturlar. Gecə erməni yaraqlılarının komandiri üç nəfərlə postları yoxlamağa çıxarkən atasının və dayısının intiqamını onlardan alırlar. Qaradağlı kənd sakinləri Çingiz Məmmədov, Kərəm Ağalarov və Şəfqət Məmmədova Qaradağlının ağır günləri haqqında aşağıdakı məlumatı vermişlər:

1991-ci il sentyabr ayının 8-də Ayaz Mutəllibovun prezident seçilməsi günü idi. Qaradağlılar səhər tezdən seçki məntəqəsinə gəlib səs verirdilər. Səsvermədən sonra bazarlıq etmək üçün kənd sakinləri seçki məntəqəsinin qarşısında dayanmış avtobusa minərək Ağdama getmişlər. Geri qayıdarkən avtobus Xocavənddən 3 kilometr aralıda hər tərəfdən avtomat atəşinə tutulmuş, avtobusda olan 40 nəfərdən 2 oğlan, 6 qadın qətlə yetirilmiş, 23 nəfər ağır yaralanmışdır. Yaralılar təcili olaraq Ağdam xəstəxanasına çatdırılmışdır.

Avtobus faciəsindən sonra Qaradağlının cəsur gənclərindən Elnur Süleymanov, Xanalı Hüseynov və Rayət Quliyev sentyabr ayının 25-də gecə silahlanıb, ermənilərin tutduğu Aşan kəndinin arxa hissəsinə keçmişlər. Onlar kəndə yaxınlaşıb onun kənarı ilə gəzən üç nəfər silahlı erməni hərbiçisini atəşə tutub qətlə yetirmişlər. Bu əməliyyat zamanı Rayət ağır güllə yarası alsa da, yoldaşları onu gizli meşə yolu ilə kəndə gətirib oradan Beyləqan xəstəxanasına çatdırara həyatını xilas etmişlər. 8 sentyabr 1991 – ci il hadisəsindən sonra qaradağlıların nümayəndələri Məzahir Ağalarov, Nobil Zeynalov 20 nəfərlə Bakıya gedərək, prezident Ayaz Mütəllibovla görüşmüş, ona Qaradağlının ağır vəziyyəti barədə məlumat vermişlər. A.Mütəllibovla qaradağlılara kəndin müdafiəsi ilə şəxsən özü məşğul olacağına söz vermiş və bundan 3-4 gün sonra 11 nəfərdən ibarət bir qrup hərbiçi Qaradağlıya göndərilmişdi. Onlar kəndin yuxarı hissəsində Abbasovun evində yerləşmişdilər. Kəndin müdafiəçiləri həmin dəstə ilə birlikdə bir qisas əməliyyatı hazırlayıb həyata keçirməyə müvəffəq oldular. 21 nəfərlik dəstə Vərəndətiyə gedən yolun kənarında yerləşən çoxlu erməni quldurlarının toplaşıb keşik çəkdiyi, hərbi əhəmiyyətli məntəqə olan fermaya hücum edərək üç nəfər qulduru zərəsizləşdirmiş, qalanlarını isə qonşu erməni kəndlərinə çəkilməyə məcbur etmişlər. Lakin təxminən 1 aydan sonra kəndin mühafizəsinə kömək üçün göndərilmiş hərbçilərin müəmmalı şəkildə geri çağırılması Qaradağlının ağır olan vəziyyətini daha da ağırlaşdırdı. Ümumiyyətlə, ətrafındakı yüksəkliklərdən ara-sıra atılan atəşlər nəzərə alınmasa, 1988-ci ilin fevralından 1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfə düşmən hücumu olmuşdu. Bu döyüşlərin hər birində isə kənd sakinləri itkilər vermişlər. Ermənilərin Qaradağlıda insanlığa sığmayan vəhşiliklər törətməsinə şərait yaradan əsas səbəblərdən biri kəndin Azərbaycanın digər yaşayış məntəqələri ilə torpaq əlaqəsinin kəsilməsi və dörd tərəfdən mühasirəyə alınmış kəndin səmasında Azərbaycan helikopterlərinin mütəmadi atəşə məruz qaldığından hava xətti ilə də heç bi köməyin göstərilməməsi idi


Tarix: 21.01.2015 / 17:10 Müəllif: Feriska Baxılıb: 238 Bölmə: Azərbaycanlı sülalələr
loading...