Həyatı
Şahrux Mirzə Rzaqulu Mirzə oğlu 1734-cü ilin mart ayının 21-də Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.
Şahrux mirzə Nadir şah öləndən sonra bir at minib Mərv tərəfə qaçmışdı. Dostməhəmməd Çəhçəheyi onu təqib edib tutur. Onu və İmamqulu mirzəni Kəlata gətirir. Nadir şahın övladlarını və nəvələrini Kəlatda öldürüb, Şahrux mirzəni Məşhədə gətirirlər. Əliqulu xanın fikri oydu ki, əgər xal qonu şahlığa qəbul eləsə, Şahrux mirzəni öldürsün, əgər qəbul etməsə onu şahlığa çatdırıb, özü hakimiyyəti ələ keçirsin. Əliqulu xan 1747-ci il iyun ayının 6-da Adil şah adı ilə özünü İran şahı elan etdi. Özündən kiçik qardaşı İbrahim (Məhəmmədəli) xanı mərkəzi İsfahanda olmaqla Azərbaycan və İraqa hakim təyin etdi.
İbrahim xan Azərbaycan hakimi Əmiraslan xanla birləşib qiyama qalxdılar. Adil şah 75 min nəfərlik qoşun tərtib edib Ibrahim xanın üstünə getdi. Zəncanla Sultaniyyə arasında iki qardaş vuruşdular. Adil şahın ordusu İbrahim xanın tərəfinə keçdi. Adil şah Tehrana qaçdı. Tehranın hakimi Mirzə Möhsün xan Adil şahı İbrahim xanın adamlarına təhvil verdi. Onlar yoldaca Adil şahın gözlərini çıxardılar. İbrahim xan qardaşını zindana atdırdı. Özünü şah elan etdi. Qardaşı Hüseyn bəyi Xorasana hakim təyin etdi. Şahrux mirzənin yanına adam göndərdi. Bildirdi ki, əgər vərəsəliyə görə Şahrux şah olmaq istəsə biz hamımız ona itaət etməyə hazırıq. Buna görə də səltənətdə əyləşmək üçün İsfahan və İrana gəlsin, şahlı tacını başına qoysun. İbrahim xanın bu işdə məqsədi o idi ki, Xorasanda olan xəzinəni aparsın. Xorasan əhalisini öz tərəfinə çəksin və sonra Şahruxu ortadan götürsün.
Hüseyn bəy Xorasana gələndən sonra Xorasanın görkəmli adamları, əhali və Xorasan eürdləri dedilər ki, əgəR İbrahim xan düz deyirsə, Şahruxun İraqdan İbrahim xanın yanına getməsinə ehtiyac yoxdur, elə Xorasanda şahlığa keçsin.
Buna görə də Məşhəd əhalisi, Xorasan el-oymaq başçıları şahzadə Şahruxla birləşib onu ərkdən kənara çıxardılar. Şahrux şahlığı qəbul etmədi. Xanlar və başçılar İmam Rza türbəsinin həyətində bir Şura məclisi təşkil edib, hamısı and içdilər, əhd-peyman bağladılar, ona beyət etdilər. O da çarəsiz qalıb şahlığı qəbul etdi. H. 1161-ci il şəvval ayının 9-da Məşhəddə irsi olaraq şahlığa keçdi, öz vərəsəlik haqqına nail oldu. "Sultan-əzəm" şahlığa gəlməsinin maddeyi-tarixi oldu.
İbrahzim xan Şahruxun şahlığını eşitdikdən sonra h. 1161-ci il zilhiccə ayının 17-də, iki ay 8 gün sonra Təbrizdə Şahruxun əleyhinə çıxdı, özü şahlıq taxtında oturub şahlıq sikkəsini öz adına vurdurdu, qardaşı kimi dövlət malını istədiyi adamlara bağışladı. Yaramaz adamları vəzifə və mal-döılətə çatdırdı. Beləliklə, bir dəstəni özü ilə yoldaş edib, 35 min nəfər toplayıb, Qumdan keçib Xorasana getdi. Mehdi xan Qasımlı-Əfşarı Təbrizdə vali qoyub, 35 minlik qoşunu da ona tapşırdı.
İbrahim xan çadır, binə, zəncirlənmiş kor qardaşı Əli şahı götürüb, Xorasana yollandı. Simnan yaxınlığında Sərxədə qoşunun bir hissəsi gedib, Şahruxla birləşdi, bir hissəsi də öz yerlərinə getdilər. İbrahim xan öz əfqan dəstəsilə Quma qayıtdı. Məşhəd mütəvvəllisi Mir Seyid Məhəmməd Qumda təmir işilə məşğul idi. Qum əhalisinin köməyi ilə şəhərin darvazalarına bağlayıb, İbrahim xanı şəhərdə buraxmadılar. Əfqan sərkərdələri Allahyar xan və Şahin xana sifariş göndərdilər ki, şahı tutub, bizə verin, özünüz hara gedirsizsə, gedin. Lakin onlar razı olmayıb, şəhəri çapıb, talamağa başladılar. Əldə elədikləri qənimətləri götürüb, Savə yolu ilə Qəndəhara getdilər, yolda hara çatdılar qarət etdilər, adamları öldürüb, təxribat törətdilər. Mir Seyid Məhəmməd hadisələri—İbrahimin qaçmasını Şahruxa yazdı. Əlavə etdi ki, qənimətlər və şahlıq şeyləri sizinkidir, kimə deyirsiz ona da verək. Şahrux ona yazdı ki, mən sizi öz əmim və dayağım bilirəm, tezliklə şeyləri də götürüb, Məşhədə gəlin. Şahrux mirzə 2 oktyabr 1748-ci ildə taxta əyləşdi.
Ağaməhəmməd xan Xorasanı almaq, əfşarların şahlığına son qoymaq istəyirdi.
1796-cı miladi/1210-cu hicri ilində Ağaməhəmməd xan Tehranda tacqoyma mərasimi keçirdi. Bundan sonra Nadir şahın cəvahirini ələ gətirmək üçün Xorasana getdi. O, dəhşətli işgəncələrlə bu cəvahiratın çox hissəsini əldə etdi. Yazırlar ki, bu qədər qiymətli cəvahiratı görərkən o vəcdə gələrək əmr etmişdi ki, dəri süfrə sərib cəvahiratı onun üstünə töksünlər. O, hamını otaqdan çıxarıb cəvahiratın üstünə uzanaraq ağnamağa başlamışdır.
Sonra Şahrux şahı Tehrana göndərdi. Kor şah ona verilmiş işgəncələr nəticəsində aldığı yaralardan 1796-cı ildə yolda öldü.
Tarix: 21.01.2015 / 16:06 Müəllif: Feriska Baxılıb: 131 Bölmə: Azərbaycanlı sülalələr