Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

III Şah Abbasın öldürülməsi

1740-cı (h.q. 1152) ilin baharında İraqda şayiə yayıldı ki, Hindistanda İran ordusuna qorxulu xəstəlik düşüb, Nadir şah özü də həlak olub. Sonradan İranda olan hindlilər tərəfindən xalq arasında vahimə yaratmaq xatirinə, belə cürbəcür şayilər yayılırdı. Həmin ilin axırlarında Nadir şahın ölüm xəbəri çox genişləndi. Rzaqulu mirzənin yaxın adamlarından biri olan Məhəmməd Hüseyn xan Qacar onu təhrik elədi ki, ehtiyatla Şah Təhmasibi və iki oğlunu öldürsün. Ona görə ki, Nadirin ölümü doğru olsa; Səbzivarda Səfəvi məhbuslarının xeyrinə qiyam atəşi alovlanacaq və onun da odu surətlə ölkənin hər yerinə yayıla bilər, bunun da nəticəsi nayibüssəltənə üçün qorxulu ola bilər. Bəzi dövlət adamları, o cümlədən Rəhim sultan Mərvi Məhəmməd Hüseyn xanın dediklərini təsdiq etdi. Rzaqulu mirzə iki gündən sonra sabiq Səfəvi şahı Təhmasib və iki oğlunu öldürməyi qərara aldı. Məhəmməd Hüseyn xanı bu işi yerinə yetirmək üçün Səbzivara göndərdi.

Məhəmməd Hüseyn xan, Şah Təhmasib və ailəsi həbs olunan binaya daxil olan kimi Şah Təhmasib hadisəni ailəsinə bildirdi, ailədən nalə, ağlaşma səsi göyə ucaldı. Məhəmməd Hüseyn xan içəri girib gətirdiyi iplə Şah Təhmasibi boğdu. Təhmasibin 8 yaşlı oğlu Abbas Mirzə ozünü atasının cənazəsinin üstünə atdı, Məhəmməd Hüseyn xan onu da boğdu, ikinci oğlu İsmayıl Mirzəni quyuya atdı, bir adamın bu bədbəxt uşağa ürəyi yanıb, onu quyudan çıxardı. Yazıq uşaq qaçıb aradan çıxmaq əvəzinə gəlib özünü ata və qardaşının cənazəsini üstünə yıxdı. Cəllad Məhəmməd Hüseyn xan İsmayıl Mirzənin başını kəsdi. Bu məsələ Səbzvarda böyük şivən və dəhşətə səbəb oldu. Əhali bir neçə gün matəm saxladı. Sonra öldürülənlərin üçünün də cənazəsini Məşhədə aparıb dəfn etdilər.


Tarix: 21.01.2015 / 13:08 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Azərbaycanlı sülalələr
loading...