Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağa Məhəmməd şah Qacar - Gəncliyi

Yürüşlərin birində atası on üç yaşlı oğlu Ağa Məhəmməd xanı da özü ilə götürür. Ona qabaqda gedən dəstənin rəhbərliyini tapşırır. Bundan sonra gənc Ağa Məhəmməd atası ilə bütün yürüşlərə getməyə başlayır. Məhəmməd Həsən xan hətta bəzi vaxtlarda Azərbaycan və Astrabad idarəçiliyini də oğluna tapşırır. 1759-cu ildə Məhəmməd Həsən xan zəndlərlə döyüşlərin birində həlak olur və İran hakimiyyəti uğrunda mübarizə estafeti istər-istəməz onun böyük oğlu Ağa Məhəmməd xan Qacara keçir. Onun atasının nüfuzu olduqca yüksək idi, çıxışlar etmək üçün münbit şərait yaranmışdı və taxt-tac üçün Ağa Məhəmməddən yalnız yüksək şəxsi keyfiyyətlər tələb olunurdu.

Atasının ölümündən sonra Ağa Məhəmməd Türkmən düzünə qaçaraq, öz tayfasının cavan nümayəndələrindən və türkmənlərdən dəstə toplayır. Bundan sonra zəndlərlə partizan müharibəsinə qoşularaq, hətta Astrabadı tutmağa da çalışır. 1761-1762-ci ildə Kərim xan Zəndin 4 minlik qoşunu Ağa Məhəmmədin kiçik dəstəsini mühasirəyə alır. Ağa Məhəmməd xanın 500 süvarisi mühasirəni yarmaq qərarına gəlir. Döyüş bir gün davam edir. Ağa Məhəmməd xan başda olmaqla yalnız 10 gənc mühasirədən çıxa bilir. Ağa Məhəmməd xan 9 ağır yara almasına baxmayaraq döyüşün axırına qədər yəhər üstdə qalmaq üçün özündə güc-qüvvə tapır. Yorulmuş, ağır yaralar almış döyüşçülər Nəcəf yaxınlığında qarovul qoyaraq, yatmaq istəyirlər. Lakin Mazandaran hakiminin qoşunları onların üstünə gəlir. Ağa Məhəmməd oyanan kimi müqavimət göstərmək istəsə də, artıq qüvvəsi onu tərk etmişdi. Onun əl-qolunu bağlayıb, Tehrana, Kərim xan Zəndin hüzuruna aparırlar. Kərim xan Zənd düz on altı il Ağa Məhəmmədi girov, yaxud "fəxri qonaq" sifəti ilə öz yanında saxlayır.

Onun şəhəri tərk etmək hüququ yox idi. Ağa Məhəmməd xan burada mədrəsəyə getməyə başlayır və sadə bir həyat keçirir. Onun oxuduğu mədrəsədə tanınmış ilahiyyatçı və filosof şeyx Əli Təcrimi dərs deyirdi. Ağa Məhəmməd hər səhər xoruz banından durur, fiziki hazırlıqla məşğul olur, mədrəsəyə gedərək, mühazirələrə qulaq asır, müzakirələrdə iştirak edir, öz yaxınları və həmyerliləri ilə daimi yazışmalar aparırdı.

Ağa Məhəmməd xan ehtiraslı ov azarkeşi idi. O, xüsusilə şahinlərlə birlikdə tülkü ovuna çıxmağı çox sevirdi. Tutduğu tülküləri qonşularına və yaxınlarını hədiyyə edirdi. O vaxt belə hesab edirdilər ki, tülkü evə səadət gətirir. Kərim xan Zənd paytaxtı Şiraza köçürərkən Ağa Məhəmməd xanı da özü ilə aparır. İranın ən qədim təhsil mərkəzlərindən birinə düşən Ağa Məhəmməd təhsilini davam etdirir və bu sahədə böyük uğurlar qazanır. O, ilahiyyatı, fəlsəfəni, riyaziyyatı, astronomiya və astrologiyanı, poeziyanı öyrənir. Özünün fenomenal yaddaşına görə, Ağa Məhəmməd sonralar da Qurandan, fəlsəfi əsərlərdən iri sitatlar gətirir və hətta çox da məşhur olmayan şairlərin şerlərini əzbərdən deyirdi. Ədəbi məclislərdə onun böyük hörməti vardı, müxtəlif məsləhət və məlumatlar almaq üçün onun yanına gəlirdilər. Filosoflar arasında o, hamıdan artıq XII əsrin əndəlus alimi ibn-Tüfeylini sevirdi. Həmin filosofun yaradıcılığı ilə tanış olmaqdan Ağa Məhəmməd bütün ömrü boyu əl çəkməmişdi. Belə deyirlər ki, ibn-Tüfeylinin "Yəqzanın oğlu Həy" adlı fəlsəfi romanını həmişə, həm sarayda, həm də hərbi yürüşlər zamanı öz yanında gəzdirərmiş. O, həmişə bu kitaba istinad edər, daim buradan sitatlar gətirərmiş.

Ağa Məhəmməd bir gün öz həyatına hazırlanan qəsddən xəbər tutur və qardaşlarından, sadiq qulluqçularından ibarət kiçik bir dəstə ilə ov adı altında Şirazdan Mazandarana qaçır.

Səksəninci illərin əvvəllərində o, qacarların liderliyi uğrunda qardaşı Rzaqulu xanla mübarizədə qalib gəlir və bütün Mazandaranı, habelə Astrabadı özünə tabe etdirir. Bu mübarizədə qardaşları da ona yaxından köməklik göstərirlər. 1782-ci ildə Ağa Məhəmməd Astrabada gedir və qardaşları və yaxın qohumları ilə birligdə atası Məhəmməd Həsən xanın qəbrini ziyarət edir.


Tarix: 17.01.2015 / 17:18 Müəllif: Feriska Baxılıb: 83 Bölmə: Azərbaycanlı sülalələr
loading...