Arxa plan
Ağa Məhəmməd xan Qacar, 1741-ci ilin 26 oktyabrında Astarabadda doğulub. Ağa Məhəmməd xanın anası Ceyran xanım qacarların o biri boyundan çıxmış ən görkəmli şəxsiyyətlərdən olan Məhəmməd xan Dovalunun bacısı idi. Nadir şahın xələfi Adil şah qüdrətli qacar tayfasını öz tərəfinə çəkməkdən ötrü Məhəmməd Həsən xan Qacarı Məşhəddə, öz sarayında eşikağasıbaşı təyin edir. Ancaq müstəqil olmağa, rəhbərlik etməyə öyrəşmiş Qacar tezliklə şahla mübahisə edir və yenidən türkmənlərin yanına qaçır. Lakin onun kiçik yaşlı uşaqları Adil şahın əlinə keçir. Ağa Məhəmməd burada 6 yaşında xədim edilir. Nadir şahın az qala bütün qohum-əqrabasını qılıncdan keçirmiş Adil şahın hökmranlığı çox çəkmir. Məhəmməd Həsən xan Nadirin nəvəsi Şahrux Mirzənin taxta çıxmasına yardım göstərir. Şahrux onun xidmətlərini yaxşı qiymətləndirir və onu Astrabad hakimi təyin edir. Lakin Şahrux Mirzənin özü də taxtında çox əyləşə bilmir. Səfəvi şahlarından Süleymanın nəvəsi II Şah Süleyman onun gözlərini çıxartdırır və taxtından salır. II Şah Süleyman Məhəmməd Həsən xanı Astrabadın sərdarı (hərbi rəhbəri) təyin edir. Bu isə ona öz başına sağlam qüvvələr yığıb, Astrabad və Mazandaranda möhkəmlənmək imkanı verir. O, Şahrux Mirzəni yenidən taxtına çıxarır və Səfəvi dövlətinin bərpası şüarı altında hakimiyyətə can atan Kərim xan Zəndlə mübarizəyə başlayır. Bu mübarizədə uzun müddət uğur Məhəmməd Həsən xana yar olur. Həsən bütün mərkəzi İranın (İraqi-Əcəm) və Azərbaycanın idarəçiliyini əlinə keçirir və İranın tacsız şahı sayılır. Onun adından hətta pul da buraxılırdı.
Tarix: 17.01.2015 / 17:18 Müəllif: Feriska Baxılıb: 111 Bölmə: Azərbaycanlı sülalələr