Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüqar Niftəliyev

Həyatı
Vüqar Cavanşir oğlu Niftəliyev 1966-ci il noyabrın 17-də Laçın rayonunun İmanlar kəndində anadan olub. 1984-cü ildə İmanlar kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarına yollanıb. Hərbi xidmətini başa vuraraq doğma kəndinə qayıdan Vüqar təsərrüfatda çalışıb. Həmişə işgüzarlığı və qoçaqlığı ilə seçilib. Ona tapşırılan bütün işlərin öhdəsindən layiqincə gəlib.

1988-ci ildə baş verən hadisələr gənclərin dünyagörüşünə güclü təsir göstərirdi. Onların SSRİ-yə bəslədikləri inam puça çıxırdı. Ermənistanla sərhəd kəndlərdə azərbaycanlıların tez-tez qətlə yetirilməsi xalqın qəzəbini coşdururdu. Çox təəssüf ki, SSRİ-nin dağılmasının mümkünsüzlüyü haqqında aparılan təbliğat əhali arasında çaşqınlıq yaratmışdı.

Respublikada hökm sürən xaos, hakimiyyətsizlik nəticəsində 1992-ci il may ayının 17-18-də Laçın rayonu da erməni qəsbkarları tərəfindən işğal olundu. Vüqar Niftəliyev ailə üzvləri ilə birlikdə doğma yurdu tərk etmək məcburiyyətində qaldı, Cəbrayıl rayonunda məskunlaşdı. Bir müddətdən sonra Cəbrayıl rayonu da zəbt edildi. İkinci dəfə qaçqın düşən ailə Qobustan rayonunun Şıxzərli kəndində sığınacaq tapdı.

Torpaqlarımız işğal altında ola-ola asudə gəzməyi özünə təhqir sayan Vüqar 1993-cü ildə könüllü olaraq cəbhəyə getdi.

Ağdam və Füzuli uğrunda gedən döyüşlərdə ermənilərə qarşı vuruşan Vüqar Niftəliyev 1994-cü ildə Ağburun istiqamətindəki döyüşlərdə həlak oldu. Subay idi. Nə qədər arzuları yarımçıq qaldı. Amma Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur.

Bir vaxtlar təhsil aldığı, hal-hazırda H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən İmanlar kənd orta məktəbi şəhidin adını daşıyır. Vüqarın və bütün şəhidlərimizin xatirəsi qəlbimizdə daim yaşayacaqdır.


Tarix: 27.01.2015 / 14:49 Müəllif: Feriska Baxılıb: 79 Bölmə: Azərbaycanın müharibələri‎
loading...