Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tofiq İsmayılov (akademik)

Tofiq Kazım oğlu İsmayılov — Beynəlxalq mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi, Azərbaycan SSR-in Dövlət Katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü.[2]

Beynəlxalq elmi-texniki jurnal "Məsafədən duyma üzrə xülasə jurnalı"nın (Vaşinqton), "Kosmik Tədqiqatları EİB məlumatları" dövrü nəşrin redaktoru, "Azərbaycan Respublikası Elmlər Akademiyasının Xəbərləri"nin (fizika, texniki və riyazi elmlər üzrə) redaksiya kollegiyasının üzvü, həmçinin Beynəlxalq Astronomik İttifaqın, SSRİ Elmlər Akademiyası Astrosovetinin, SSRİ Elmlər Akademiyası kosmik vasitələrlə təbii sərvətlərin öyrənilməsi bürosu, SSRİ Baş kosmos idarəsinin elmi-texniki şurasının, SSRİ Elmlər Akademiyası Elmi Şurasının və Dövlət elm və texnika komitəsinin üzvü, Azərbaycan Respublikası kosmonavtika federasiyasının sədri olmuşdu.

1989-cu ildən SSRİ Xalq deputatı, SSRİ Ali Soveti Rəyasət Heyətinin, Sov. İKP MK və Azərbaycan KP MK-nın üzvü olmuşdu.
Həyatı
Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyunun 21-də Bakı şəhərində anadan olmuşdu. Atası İsmayılov Kazım Mirheydər oğlunun(1905-1981) əsli İsmayıllı rayonunun Basqal kəndindən idi. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, polkovnik, dövlət və partiya işçisi olmuşdur.

Tofiq İsmayılov 1941-ci il ildə Bakı şəhərində orta məktəbə getmişdir. Onun Kosmonavtika elminə olan marağı ağır müharibə illərindən başlayaraq. Y.A. Qaqarin adına keçmiş Pionerlər sarayında aviamodellərin dərnəyindən başlamışdır. 1951-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra elə həmin ildə Moskva şəhərində Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutuna daxil oldu.1956-cı ildə İnstitutu müvəffəqiyyətlə bitirərək Moskva şəhərində müxtəlif qabaqcıl müəssisələrdə əmək fəaliyyətinə başladı və eləcə də aspiranturanı müvəffəqiyyətlə bitirdi.

1956-cı ildə ali məktəbi bitirdikdən sonra Moskva şəhərinin aparıcı müəssisələrində işləmiş, sonralar aspiranturaya daxil olmuş və müvəffəqiyyətlə bitirmişdi.

1964-cü ildə Bakı şəhərinə qayıtdıqdan sonra müəssisələrdən birinə aparıcı mühəndis vəzifəsinə göndərildi. 2 ildən sonra Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbayca Texniki Universiteti) pedaqoji fəaliyyətə başlayaraq elektronika kafedrasının dosenti oldu.

1967-ci ildən 1985-ci ilədək Tofiq İsmayılov Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində çalışdı. O, aparıcı elmi müəssisələrdən biri olan Fizika İnstitutunda Yarımkeçirici çeviricilər şöbəsində baş mühəndis vəzifəsində çalışıb, elmi işlərin aparılmasında və həmin işlərin Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında tətbiqi üzrə şöbənin müdiri, "Xəzər" Elmi Mərkəzinin və keçmiş Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun baş direktoru, 1982-ci ildən ömrünün sonuna qədər Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışmışdır. 1969-cu ildə o, müvəffəqiyyətlə elmlər namizədliyi, 1979-cu ildə isə doktorluq disertasiyasını müdafiə edərək texnika elmləri doktoru, sonralar isə professor elmi adına layiq görülmüşdür. Elmdə və texnikada göstərdiyi yüksək göstəricilərə görə professor T.İsmayılov keçmiş Sovetlər İttifaqının Mühəndislik Akademiyasının (indiki Beynəlxalq Mühəndislik Akademiyası) həqiqi üzvü seçilmişdir.

1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində "Mİ-8" hərbi vertolyotunda faciəli surətdə həlak oldu.


Tarix: 27.01.2015 / 14:46 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Azərbaycanın müharibələri‎
loading...