Həyatı
Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulmuşdur. 1958-1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurmuşdur. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət etmişdir.
1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdir. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir.
Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir.
Döyüşlərdə iştirakı
1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir.
Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Ailəsi
Evli idi. Üç övladı qalıb.
Milli Qəhrəman
1995-ci il yanvarın 15-də respublika Prezidentinin fərmanı ilə ölümündən sonra Elman Süleyman oğlu Hüseynova "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına küçə var.
Tərtər rayonunda qəhrəmanın büstü qoyulub. Qehramanin adina muzey vardir.
Tarix: 26.01.2015 / 18:34 Müəllif: Feriska Baxılıb: 93 Bölmə: Azərbaycanın müharibələri