Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Leyla Bağırova

Həyatı
Bağırova (Quliyeva) Leyla Hüseyn qızı 2 sentyabr 1949-cu ildə Ağdam rayonunun Şıxbabalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə Şıxbabalı kənd orta məktəbini medalla bitirmiş və ADU-nun fizika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə universiteti bitirib öz arzusu ilə Ağdam rayonunun Şıxbabalı kənd orta məktəbində fizika müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.

1971-1993-cü illərdə doğma Şıxbabalı kənd orta məktəbində, Ağdam rayonunun işğalından sonra isə hal-hazıra qədər Bakı şəhərində fəaliyyət göstərən 32 saylı Ağdam şəhər orta məktəbində müəllim işləyir.

Leyla müəllimənin peşəsinə olan sevgisi bu işdə ona böyük uğurlar qazandırmışdır. Belə ki, 1981-ci ildə “Baş müəllim”, 1985-ci ildə “Metodist müəllim”, 1995-ci ildə “Ali kateqoriyalı müəllim” kimi fəxri adlara layiq görülmüşdür.

1991-ci ildə Respublikada keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak edib və mükafatla təltif olunmuşdur.

1985-ci ildə gənc nəslin təlim tərbiyəsi sahəsində əldə etdiyi ən böyük uğura görə SSRİ Maarif Nazirliyi tərəfindən N.K.Krupskaya adına diploma və pul mükafatına layiq görülüb. Ağdam RXTŞ-si tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmuş, “Azərbaycan müəllimi” qəzetində, “Fizika, riyaziyyat və informatika” tədrisi jurnalında və “Kurrikulum” elmi metodik jurnalında dəfələrlə metodik məqalələrlə çıxış etmişdir.

2000-ci ildən TQDK ilə əməkdaşlıq edir.

Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 2008-2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş, prezident mükafatına layiq görülmüşdür.

Leyla müəllimə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 sentyabr tarixli 504 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan müəllimlərinin VI, VII, XII, XIII qurultaylarına nümayəndə seçilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdimatı əsasında “Fizika fənn kurrikulumu”nu hazırlayan işçi qrupunun üzvü olmuşdur.


Tarix: 23.01.2015 / 17:33 Müəllif: Feriska Baxılıb: 99 Bölmə: Azərbaycanın müharibələri‎
loading...