Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminə Xatun türbəsi - Memarlıq xüsusiyyətləri

Memar Əcəmi bu türbəni Yusif Küseyir oğlu Türbəsindən 26 il sonra inşa etmişdir. Ona görə də bu sənət əsərində memarın ustalığının, müdrikliyinin artması ilə yanaşı sifarişçinin nüfuzu və böyüklüyü də əks olunmuşdur. Mömünə xatun türbəsinin ümumi quruluşu – sərdabə və qüllə, kompozisiyanın inkişaf yolu, memarlıq tutumlarının düzümü öncəki türbədə olan sayaq, dəyişməz qalır. Bununla birgə memar yeni, zəngin ifadə vasitələri ilə bu əsərinə bənzərsiz, daha yüksək bədii görkəm vermişdir.

Möminə xatun türbəsinin tərtibatında Əcəmi qülləli türbələrə xas olan bütün xüsusiyyətləri özünün əvvəlki əsərlərindən də daha aydın və parlaq ifadə etmişdir. Bu türbə Yusif-ibn Küseyr türbəsindən yaınız özünün ölçüləri və bədii baxımından zəngin tərtibatı ilə fərqlənmir. Onun memarlıq həllində kompozisiya priyomları, memarlıq forma və üsulları daha mükəmməl inkişafa malik olmuşdur.

Türbə, kiçik tikililər arasında xüsusi seçilən, təxminən 25 metrlik onbucaqlı həcmə malikdir. XIX əsrin və XX əsr əvvəllərinin rəsm və fotoşəkilləri onun vaxtilə böyük bir ansamblın tərkib hissəsi olmasını təsdiq edir. Türbə qırmızı dioritdən olan qaya daşları ilə örtülmüş postament (altlıq) üstündə ucaldılmışdır. Mömünə Xatun türbəsi öz sələfindən ilk öncə ölçü böyüklüyü və plan biçiminin mürəkkəbliyi ilə seçilir. Türbənin sərdabəsi planda onbucaqlıdır. Aşırımı on metrə yaxın (Yusif Küseyir oğlu Türbəsində 5,2 m) sərdabəni yastı kərpic günbəzlə örtmək olmazdı. Örtülsəydi günbəzli sərdabə uca üst qüllə üçün dayanıqlı özül yaratmazdı. Bu səbəbdən Əcəmi alt qatın möhkəmliyinə xüsusi fikir vermiş, 38 il əvvəl Qırmızı Günbəd sərdabəsində işlədilən konstruktiv fəndi inkişaf etdirmişdir – ucaltdığı sərdabənin ortasında qalın onüzlü dayaq qoymuşdur. Dayağın üzləri yan tərəflərə sivri tağbəndlərlə birləşdiyindən göbələkvari bütöv və dayanıqlı örtük konstruksiyası yaranmışdır.

Göbələkvari dayağın gözəlliyini və işlənmə effektini daha da artırmaq məqsədi ilə memar onun tinlərindən qarşı künclərə kərpic qabırğalar – nervürlər atmışdır. Bu qabırğalar ulduzvari karkas yaratmışdır. Bu karkas da biçimcə abidəni bəzəyən və riyazi ahəngdarlığa əsaslanan naxış quruluşları ilə bir köklüdür. Karkasların araları saya naxışlı kərpic hörgüsü ilə üzləndiyindən konstruksiyanın tektonik gözəlliyi daha aydın duyulur.

Mömünə Xatun türbəsinin sərdabəsində yerli gələnəklərə dayanan bir konstruksiyanın təkamül prosesi sanki başa çatır. Bu prosesin ən sürətli mərhələsi Atabəylərin hakimiyyəti dövründə keçir – Qırmızı Günbəd Türbəsi – Gilan Türbəsi – Mömünə Xatun Türbəsi. Bu da Azərbaycan tarixində həmin dövrün elmi – bədii yüksəlişinin zirvəsi idi.

Təkcə Azərbaycan memarlığında deyil, ümumən İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən biri olan Mömünə Xatun türbəsinin belə uzunömürlüyü ilk olaraq onun mühəndis həllinin bitkinliyi ilə bağlıdır. Memar Əcəmi öz şah əsərində təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirmişdir. Abidənin dayaq sistemi, xüsusilə sərdabəsinin quruluşu ilə tanışlıq əyani göstərir ki, memar öz çağında "mühəndislər başçısı" adını layiqincə almışdır.

Türbənin yerüstü qülləsinin plan biçimi bayırda onbucaqlı, içəridə dairəvidir. Araşdırmalar göstərmişdir ki, onbucaqlı plan seçilməsi təsadüfi deyildir. Mömünəxatun türbəsinin plan-məkan quruluşu bütövlükdə onluq prinsipi üzrə qurulmuşdur. Bu da böyük mütənnasiblik və ahəndarlıq yaradan qızıl bölgünün əsasıdır.

Sərdabə və bayır üzlərdən fərli olaraq, Əcəmi qüllənin interyerində mürəkkəblikdən uzaq olmuş, sayalığa və bütövlüyə üstünlük vermişdir. İç məkanın uca silindrik tutumu sferokonik günbəzlə örtülüdür. Onun əyri səthlərində bünbəzdəki bacaya qalxan dolama pilləkənin izləri qalmışdır. Bu göstərir ki, Mömünə Xatun türbəsində günbəzlərarası məkana qalxmaq üçün Xərrəqan türbələrindəkindən fərqli olaraq açıq pilləkən qurulmuşdu. Ola bilsin ki, interyerin silndrik hissəsində suvaqla örtülü hissələr divar rəsmləri ilə bəzədilibmiş. İnteryerdə son dövrün suvağı altından abı rəngli yazı zolağının çıxması onun divar səthlərində əvvəllər müəyyən bəzək işləri olduğuna inam yaradır.

Türbənin hündür olmayan kürsülüyü onüzlü biçimdə olub, cilalanmış iri diorit lövhələri ilə üzlənmişdir. Onun üzərində üyni biçimçi qüllənin uca kərpic tutumu yüksəlir. Üst piramidal örtüyü uçulmuş türbənin indiki yerüstü ucalığı 25 metrə yaxındır. İlkin halında isə onun hündürlüyü 35 metr olmuşdur.

Əcəmi Yusif Küseyir oğlu üçün ucaltdığı türbədə o çağın memarlıq təcrübəsində geniş yayılan səkkizüzlü gövdə işlətdiyi halda, Mömünə Xatun türbəsi üçün az tuş gəlinən onüzlü prizma seçmişdi. Buna bənzər biçim Gürgandakı Kabus Günbədidir (1006) ki, onun çox uca silindrik kütləsini 10 qabırğa dikinə bölmüşdür. Mömünə Xatun türbəsindən 10 il öncə Marağada tikilmiş Dairəvi Günbəd Türbəsində isə iç məkan onüzlüdür.

Əcəmi türbənin bayır tutumunu onüzlü etməklə güclü komozisiya vertikallığı və geniş tərtibat imkanları əldə etmişdir. Memar yuxarıya yönəlməni başqa fəndlərlə də gücləndirmişdir, künc dayaqlar qalın və gözəçarpan olduğundan üzlərdəki tağçalar dar, dərin və çox uca alınmışdır. Sivri stalaktit quruluşu ilə tamamlanması bu tağçalara daha dinamik və incə biçim vermişdir. Onların vertikal ritmi türbənin gövdəsində güclü dikinə hərəkətlilik törədir. Buna görə də xatirə abidəsi olduğundan daha uca, incə və əzəmətli görünür.

Gövdənin prizmatik kürsü üzərinə qaldırılması, şiş piramidal günbəzlə tamamlanmasını beləcə mürəkkəbləşdirməklə sənətkar memarlıq biçimlərinin yuxarıya qalxımını xeyli yüngülləşdirmişdir. Bununla yanaşı bu zaman qüllənin bütün memarlıq ayrıntılarında bədii bitkinlik konstruktiv məntiqiliyə əsaslanmışdır. Gözəl memarlıq, məkan və mühəndis həlli olan yeraltı sərdabə möhkəm özül kimi bütün abidənin dayanıqlılığını təmin etməkdə əsaslı rol oynamışdır. Türbənin ümumi mühəndis həllinin möhkəmliyini isə uca gövdənin tinlərinin yaratdığı karkas quruluşu və ikiqatlı günbəz örtüyü (iç sferonik, dış piramidal) tamamlanmışdır.

Ucalıq, incəlik Mömünə Xatun türbəsində yüngül, keçici kövrəkliyə endirnməyib epik, monumental vüsətin, şahanə böyüklüyün açılışına xidmət edir.


Tarix: 29.01.2015 / 16:15 Müəllif: Feriska Baxılıb: 265 Bölmə: Atabəylər hökmdarları
loading...