Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəmsəddin Eldəniz müstəqil dövlətin hökmdarı kimi

Sultan Məsudun ölümündən sonra onun varisləri arasında hakimiyyət uğrunda mübarizə qızışır. Hakimiyyətə gəlmiş Sultan Məhəmməd müttəfiqlərinin böyük ordusu ilə birgə qəflətən Azərbaycan üzərinə hücuma keçir. Şəms əd-Din onu Araz vadisində qarşılayır. Bir neçə gün davam edən döyüş İl-Dənizin məğlubiyyəti ilə başa çatır. O, Azərbaycan hakimliyindən əl çəkib, yalnız Arranla kifayətlənməli olur. Yalnız bir neçə il sonra, zəif iradəli sultan Süleymanın dövründə İl-Dəniz yenidən Azərbaycana sahib ola bilir. Təşvişə düşmüş Süleyman və onun yaxın əhatəsi II Toğrulun oğlu, İl-Dənizin oğulluğu Arslan şahı taxt-taca qanuni varis elan edirlər. Sui-qəsd nəticəsində sultan Süleyman öldürüldükdən sonra isə onun təşkilatçıları Arslan şahı taxta çıxarmaq qərarına gəlirlər. 1160-cı ilin noyabrında atabəy İl-Dəniz Arslan şahı sultanlığın paytaxtı Həmədan şəhərinə gətirir. Onu 20 minlik ordu müşayiət edirdi. Tacqoyma mərasiminə sultanlığın bütün vilayətlərindən və vassal ölkələrdən hakimlər gəlmişdi. Arslan şah İraq sultanlığının sultanı, Şəms əd -Din İl-Dəniz "Böyük Atabəy", onun oğlanları- sultanın böyük ögey qardaşı Məhəmməd Cahan Pəhləvan əmir-Hacib, kiçik qardaş Qızıl Arslan isə ordu komandanı elan olunur. İl-Dəniz özünün bütün əmirlərini böyük dövlət vəzifələrinə qoydurur. Tacqoyma mərasimində iştirak edən bütün əmirlər sultan Arslan şaha və Böyük Atabəyə sədaqət andı içirlər.

İl-Dəniz faktiki olaraq bütün ölkənin hakiminə çevrilir. Hakimiyyətin bu cür mərkəzləşməsi Bağdad xəlifəsini və iri vilayətlərin hakimlərini qorxuya salır. Onlar öz üstünlüklərini əldən vermək istəmirdilər. Xəlifə Arslan şahı sultan kimi tanımaqdan imtina edir və narazı əmirlərin koalisiyasını yaratmağa başlayır. Bu məqsədlə o, özünə sadiq səlcuq şahzadələrindən birinə söz verir ki, onu sultan taxtına çıxaracaqdır.

İl-Dəniz əmirlərin birləşməsini qabaqlayaraq onların öz ərazilərinə yeriyərək, ordularını darmadağın edir. Ən parlaq qələbəsini Həmədan, Rey və Qəzvin yaxınlığında qazanır. Bu qələbələrdən qorxuya düşmüş əmirlərin çoxusu sultandan vassal asılılığında olduğunu etiraf etmək zorunda qalır. Rey hakimi İnanc hətta məcbur qalıb öz qızını Böyük Atabəyin oğlu Məhəmməd Cahan Pəhləvana verir. Akademik Z. Bünyadovun sözləri ilə desək, "Beləliklə, atabəy Şəms əd-Din İl-Dəniz Qafqaz dağlarından Fars körfəzinə qədər geniş bir ərazini öz hakimiyyəti altında cəmləşdirir. İl-Dənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri vassal kimi onun adına pul kəsir, cümə namazında oxunan xütbədə İl-Dənizin adını xəlifə və sultanın adından sonra zikr edirdilər." İl-Dəniz sultanlığın daxilində vəziyyəti nisbətən tez bir vaxtda sabitləşdirir. Lakin bir tərəfdən Gürcüstan, o biri tərəfdən Xarəzm kimi mürtəce qonşularla dil tapmaq müəyyən çətinlik törədir. 1161-ci ildə gürcülər Ani, Dəbil və Gəncəyə amansız hücumlar etdikdən sonra isə Atabəy İl-Dəniz öz qoşunlarını gürcü feodallarına qarşı mübarizəyə hazırlayır. Bir sıra vilayət hakimləri də öz qoşunları ilə birlikdə ona qoşulurlar. İl-Dəniz bütünlükdə 50 min nəfərlik qoşun toplayaraq, 1163-cü ildə müttəfiqlərlə birlikdə gürcülərə qarşı yürüşə başlayır. İl-Dəniz darmadağın edilmiş Dvini onlardan alaraq, gürcü çarı III Georgiyə ağır zərbələr endirir. Bu yürüşdə iştirak etmiş tarixçilərdən biri yazırdı: "Gürcülər biabırçıcasına məğlub oldular. Onlardan o qədər qənimət ələ keçirildi ki, saya-hesaba gəlməz. Axurları gümüşdən tökülmüş çar tövləsi ələ keçirilmişdi. Çarın gümüşdən tökülmüş iri çənləri olan çaxır anbarı da tutuldu. Bu çənlərin göndərilməsindən ötrü xüsusi arabalar lazım gəlirdi. Bunlardan birini sultana göndərdilər. Sultana bununla birlikdə həmçinin o vaxt tədavüldə olan iki min dinar pul da göndərdilər. O, qızıl və gümüşdən düzəldilmiş çənləri Həmədana, məscidə yolladı ki, adamlar onlardan su içsinlər. İkinci bir çəni türkmənlər ələ keçirib, tikə-parça etdilər. Müsəlmanlar həddən artıq qənimət qazanaraq, çoxlu adam qırdılar. Abxaziya çarı qaçmağa üz qoydu və sıx meşədə gizləndi. Ərmənlərin şahı üç tay yük ələ keçirdi ki, bunların birində qızıl və gümüş qablar, ikincisində xaçları qızıl və gümüşdən tökülmüş və bahalı daş-qaşla bəzədilmiş tayı-bərabəri olmayan ziqiymət çar sovməsi, üçüncüsündə isə çarın xəzinəsi vardı. Həmin tayın içində olan qızıl, gümüş və daş-qaşın qiymətini heç cür hesablamaq mümkün deyildi."

Belə ağır məğlubiyyətə uğradıqlarına baxmayaraq, gürcülər sultanlığın şəhərlərinə basqınlarını davam etdirirlər. Döyüşlərdə gah bu, gah da o tərəf qalib gəlir. 1175-ci ildə gürcülər yenidən ağır məğlubiyyətə uğrayırlar. Salnaməçilər yazır: "abxazlar darmadağın edildi, müsəlmanlar elə bir qələbə çaldılar ki, hələ ruzigarın gözü belə şey görməmişdi." Və yalnız bu döyüşdən sonra qərb sərhədlərində vəziyyət sabitləşir, köhnə sərhədlər bərpa olunur.

Sultanlığın şərq sərhədləri daim qüdrətli Xarəzmşah İl-Arslanın təhdidi altında idi. Mübahisələr əsasən Xarəzmlə həmsərhəd olan Nişapur şəhəri üstündə gedirdi. İl-Dəniz Nişapuru onun hakimi Xarəzmşahın tərəfinə gedənə qədər vassal asılılığında saxlaya bilir. Rey hakimi əmir İnanc da illik vergini ödəməkdən imtina edirək, şəhəri ətraf ərazilərlə birlikdə Xarəzmşahın tabeliyinə vermək istəyir. Bunu eşidən İl-Dəniz təcili olaraq, qoşunu ilə oraya tələsir. Əmir İnancla Xarəzmşahın birləşmiş orduları məğlubiyyətə uğrayır. Rey qalasına girib, özünü gizlədən əmir İnanc vəzirini Böyük Atabəylə danışığa göndərir. İl-Dəniz İnancla hər hansı bir danışıq aparmaqdan imtina edir, vəzirə isə deyir: "Sən hesab edirsən ki, İnanc mənimlə sülh bağlayacaq və sən də onunla Reydə qalacaqsan. Bu heç zaman olmayacaq! Sən iki yoldan birini seçə bilərsən. Ya öz ağanla yad ölkədə qalmalısan, bu halda hər ikiniz sağ qala bilərsiniz. Ancaq belə olsa, sən ömrünü kasıbçılıq və məhrumiyyətlər içində keçirərsən. Ya da mənim tərəfimə keçib, onun məhv edilməsi üçün əlindən gələni əsirgəməməlisən. Rey, İsfahan və Azərbaycan hakimi oğlum Pəhləvanın yanında qalarsan. Əgər bu yolu seçsən, mən öz vədlərimi həyata keçirməyə and içib, söz verirəm."

Vəzir müdrik bir qərar çıxarır. Onun əmri ilə qulları İnancı qətlə yetirirlər, vəzir özü isə Rey hakimi təyin edilir və Atabəylə yaxınlaşır. 1175-ci ildə Böyük Atabəyin xanımı, səlcuq sultanı II Toğrulun dul qadını Möminə xatun rəhmətə gedir. Bircə ay keçmir ki, İl-Dəniz özü də dünyasını dəyişir. Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş bu böyük qadının xatirəsini əbədiləşdirmək üçün onun məzarı üzərində dahi Azərbaycan memarı Əbubəkr Əcəminin yaratdığı möhtəşəm məqbərə ucaldılır. Məqbərənin tikintisinə Böyük Atabəyin sağlığında başlanılır, onların oğlanları Cahan Pəhləvanın dövründə, 1186-cı ildə bu iş sona çatdırılır. Görünür, Möminə xatunu Cahan Pəhləvanın arvadı sayan bəzi sənətşünasların yanlışlığı da buradan gəlir. Akademik Z. M. Bünyadovun yazdığına görə, Cahan Pəhləvanın üç hərəmi olub: Zahidə xatun, İnanc xatun və Quteybə xatun. Böyük Atabəy Şəmsəddin İl-Dəniz isə Naxçıvanda vəfat edir,lakin Həmədanda dəfn olunmuşdur.


Tarix: 29.01.2015 / 16:09 Müəllif: Feriska Baxılıb: 194 Bölmə: Atabəylər hökmdarları
loading...