XI əsrdə oğuz və digər türk tayfaları səlcuqların başçılığı altında ərəb xilafətinin bütün ərazilərini, o cümlədən paytaxt Bağdad şəhərini işğal edəndə bütün dünyəvi hakimiyyət səlcuq sultanının əlində cəmləşmiş, dini hakimiyyət isə ərəb xəlifəsində qalmışdı. Səlcuq dövlətinin süqutundan sonra isə onun ərazisində hakimiyyəti irsən qazanan səlcuq şahzadələrinin idarə etdikləri və faktiki olaraq müstəqil sayılan sultanlıqlar yaranır. Bir müdiət keçdikdən sonra bu sultanlıqlar, daha doğrusu, onların bazasında yaranmış yeni dövlət qurumları səlcuq şahzadələrinin (məliklərin) hami və tərbiyəçiləri olan atabəylər tərəfindən idarə olunmağa başlayır. Səlcuqlular zamanındakı xəlifələr kimi indi də sultanlar dövlətin və ordunun rəhbərliyindən kənarlaşdırılırlar. Sultanlıqlardakı bütün siyasi və inzibati hökmranlıq atabəylərin əlində cəmləşir. Xəlifələr kimi sultanlar da bununla barışmaq istəmir və hakimiyyəti özlərinə qaytarmaq məqsədilə mütəmadi olaraq didişmə və sui-qəsdlər təşkil edirlər. Öz növbələrində atabəylər də vahid rəhbərliyi əllərində saxlamaq üçün mümkün olan hər şeyi edirlər. Təqribən yüz il belə davam edir.
Bu dövlətlərdən birinin – İraq sultanlığının əsasında Azərbaycan Atabəylər dövləti yaranır. Həmin dövlətin tarixi və onun yaradıcısı El-Dənizin tərcümeyi-halı çox sayda orijinal mənbələrin təhlili nəticəsində akademik. Ziya Bünyadov tərəfindən işlənmişdir.
Qədim zamanlarda qıpçaqlar arasında belə bir adət vardı – bir yerdən 40 qul satanda onlardan biri üçün pul almırdılar. İraq tacirlərindən biri bu yolla müftə-müsəlləm El-Dəniz adlı çirkin və kor-kobud bir qula sahib olmuşdu. Tacirin yük və qul karvanı İraq istiqamətinə yollanır. Gündüzlər isti olduğundan karvan yalnız gecələr irəliləyir və El-Dəniz yuxulu olduğu üçün üç dəfə arabadan yıxılır. Onu iki dəfə axtarıb-tapır və yenidən karvana qoşurlar. Üçüncü dəfə eyni şey təkrarlandıqda İl-Dənizi yolda qoymaq qərarına gəlirlər və ilk dəfə olaraq burada onun xarakteri özünü göstərir. Axşamüstü karvana çatan qul xahiş edir ki, onu da özləri ilə aparsınlar və beləliklə, hamını heyrətdə qoyur. Mənzil başına yetişəndə tacir qullarını İraq -səlcuq sultanı Mahmudun (1118-1131) vəziri Sumayramiyə satır. Vəzir qulların hamısını alır, bircə İl-Dənizdən imtina edir. El -Dəniz ağlaya-ağlaya vəzirə yalvarır ki, onu da götürsün. Vəzir razılıq verir və çox keçmir ki, İl-Dəniz öz diribaşlığı və fərasəti sayəsində onun rəqbətini qazanır. Ağası ismaililər tərəfindən öldürüldükdən sonra İl-Dəniz Sultan Mahmudun özünə xidmət göstərir. Sultan əmr edir ki, bu gənc qulun tərbiyəsi ilə məşğul olsunlar. El-Dəniz dilləri, ilahiyyatı və başqa elmləri öyrənir və məmnuniyyətlə at sürməyi, ox atmağı mənimsəyir. Çox keçməmiş onu sultan mətbəxinin başçısı (əl-xivan salar) qoyurlar. Sultan Mahmud öləndə El-Dəniz bu vəzifədə çalışırdı.
Yeni sultan – II Toğrul (1132-1135) El-Dənizi şəxsi mühafizə dəstəsinə (məmlük) keçirir. Sultanın arvadı Möminə xatunun rəğbətini qazanan, onun müdrik məsləhətlərinə əməl eləyən El-Dəniz tezliklə əmir rütbəsinə yüksəlir. Öz kiçik oğluna atabəy seçmək vaxtı gələndə isə II Toğrul çox düşünmədən El-Dənizin namizədliyi üzərində dayanır. Bir müddətdən sonra II Toğrul da Allahın rəhmətinə qovuşur. Onun taxtına sahib olan yeni sultan Məsud (1135-1152) əmir Şams əd-Dini II Toğrulun dul qadını Möminə xatunla evləndirir. Bu nigahdan iki oğlan uşağı – Cahan Pəhləvan və Qızıl Arslan, habelə adı bəlli olmayan bir qız doğulur. 1136-cı ildə sultan Məsud atabəy İl-Dənizi paytaxtı Bərdədə yerləşən Arran dövlətinin hakimi təyin edir. Bərdəyə köçdükdən sonra İl-Dəniz müstəqil siyasət yeritmək və saray çəkişmələrindən mümkün qədər uzaqlaşmaq istəyir. O, yerli əyanlara arxalanaraq, bəzən qələmlə, bəzən isə qılıncla bir çox xırda hakimləri öz tərəfinə çəkir, tədricən ətraf əraziləri özünə tabe etdirir.
Bu zaman Azərbaycanda sultan Məsudun qohumu Davudun atabəyi Qara Sunqur hakimlik edirdi. Məsud Davudu özünün varisi elan etmiş və qızını ona vermişdi. 1140-1141-ci ildə Qara Sunqur qəflətən vəfat edir və Azərbaycanın idarəçiliyi İl-Dənizin əlinə keçir. Bu illərdə Şəms əd-Din qiyam qaldırmış feodalların darmadağın edilməsində sultana yardım göstərir. Şəms əd-Din El-Dənizin bir dövlət xadimi və sərkərdə kimi nüfuzu daha da artır. Bütün Azərbaycan, o cümlədən Arran, Gəncə və Ərdəbil onun tabeçiliyinə keçir.
Tarix: 29.01.2015 / 16:09 Müəllif: Feriska Baxılıb: 146 Bölmə: Atabəylər hökmdarları