Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atabəylər məscidi (Naxçıvan)

Cümə məscdi – Naxçıvandakı Atabəylər memarlıq ansamblının ən monumental tikililərindən biridir. XX əsrin əvvəllərində uçularaq məhv edilmiş bu nadir memarlıq abidəsinin plan-məkan quruluşu haqqında XIX əsrdə çəkilmiş rəsmlər və foto təsvirlər aydın təsəvvür yaradır.

Mərənd və Urmiya məscidləri kimi Naxçıvan cümə məscidinin də günbəzlə örtülən kubvari gövdəsinin güney üzündən başqa, qalan üzlərinin hər birində iki sivri açırım olmuşdur. Bu fakt göstərir ki, Mərkəzi Azərbaycanda XII əsrdə yerli monumental cümə məscidi tipi işlənib hazırlanmışdı. Foto sənədlərə əsasən Naxçıvan cümə məscidinin məqsurəsinin üç yandan yerləşgələrlə dövrələndiyi bəlli olur. Ancaq bu yerləşgələrin necəliyini daydınlaşdıran dəlillər yox dərəcəsindədir. Bu baxımdan V. A. Engelqardın XIX yüzildəki məlumatı maraq doğurur. Onun yazdığına görə

"Bu türk məscidi yonulmuş daşdan qurulmuş tağları olan iri tikilidir və onun içərisində yüksək işlməli müxtəlif yapma (gəctəraşlıq) naxışlar görünür. Binanın bir bölümü artıq uçmuşdur, qalanı sə uçmaq təhlükəsindədir. Ondan 50 sajen (təqribən 107 m) aralıda vaxtilə bu məscidə aid olan və yanlarında hər biri 10 sajen ( təqribən 42 m) ucalıqda qoşa minarəli qapı var. Məscidlə qapı arasındakı məkanı əvvəllər məscidə aid olan yardımçı tikililər tutrmuş, indi isə bu tikililər artıq olmayanda elə təsəvvür yaranır ki, qapı ona çox yaxın olan xüsusi qülləyə (Mömünəxatun türbəsi) məxsusdur."
Bu yazılı təsvirə əsasən qoşa minarəli baştağın müxtəlif tikililərlə, yəqin ki, mədrəsə hücrələri və sütunlu qalereyalarla, cümə məscidinə birləşdiyini və bu baştağın məscid həyətinə açıldığını güman etmək olar.

Tarixi mənbələrdən Atabəylər Memarlıq Kompleksinə mədrəsənin daxil olması bəllidir. Şübhəsiz ki, həmin mədrəsə cümə məscidi ilə birbaşa bağlı imiş. Qoşa minarəli baştağın Atabəylər kompleksi tərkibindəki dini-xatirə tikililərinin (məscid, türbə, mədrəsə) toplandığı iri həyətin alaqapısı olması ehtimal edilir.

Atabəylər memarlıq kompleksinin ilk tikililəri saray binası və dövlətxana olmuşsa, son tikilisi dövrümüzə ancaq təsvirləri çatmış giriş baştağı olmuşdur. Şərqşünas N. Xanıkov XIX yüzildə bu baştağı görmüş və qapısı üstündəki kitabədən onun "1187-ci ildə Azərbaycan Atabəylər dövlətinin atlı qoşununun başçısı və vergi yığanı əmir Nurəddin" tərəfindən tikdirildiyini oxumuşdur. Həmin kitabə "memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli" ifadəsi ilə bitirmiş. İri giriş tağı yanlardan dayaz və uca tağçalarla, yuxarıdan yazı qurşağı ilə qapanan mütənasib biçimli baştağın künclərindən silindrik gövdəli minarələr ucalırmış. İslam memarlığı tarixində belə quruluşlu ilk baştağlardan biri olan bu Naxçıvan abidəsi Azərbaycan dini memarlığının orta XI-XII əsrlərdə necə yüksək mərhələyə çatdığının göstərgəsidir. Belə baştağ kompozisiyası sonrakı yüzillərdə İslam ölkələrinin çoxunda aparıcı bədii memarlıq fəndinə çevrildi.


Tarix: 29.01.2015 / 16:11 Müəllif: Feriska Baxılıb: 98 Bölmə: Atabəylər hökmdarları
loading...