Onun ölümündən sonra hakimiyyətə qardaşı Qızıl Arslan keçdi. Qızıl Arslan mərkəzi hakimiyyətə tabe olmaq istəməyən feodallara qarşı mübarizə aparırdı. Formal olaraq sultan titulu daşıyan Toğrulu ciddi nəzarətdə saxlayan Qızıl Arslan dövləti müstəqil idarə edirdi. Qızıl Arslanın qəyyumluğundan qurtarmağa çalışan Toğrul, narazı Səlcuq əmirləri, Cahan Pəhləvanın arvadı İnanc xatun, Qutluq İnanc və başqaları Qızıl Arslana qarşı çıxdılar. Toğrulla Qızıl Arslan arasında bir-neçə dəfə Mazandaran, Damğan və Həmədan ətrafında vuruşma oldu. Qızıl Arslan 1187-ci idə Toğrula qarşı Bağdad xəlifəsi Nəsrdən (1180-1225) yardım istədi. Xəlifə Toğrulu daha təhlükəli hesab etdiyindən Qızıl Arslana kömək göndərdi. Toğrul 1188-ci ildə xəlifə qoşununu, sonra isə Qızıl Arslanı məğlub etdi. Lakin bu qələbə onun mövqeyini möhkəmləndirə bilmədi. 1189-cu ildə Həmədana hücum edən Qızıl Arslan Toğrulu oğlu Məlikşah (şəhzadə)la birlikdə həbs etdi; onun mülklərini və iqta yerlərini özünə yaxın feodallara payladı. Yaranmış qarışıqlıqdan istifadə edən Şirvanşahlar da müstəqilliyə səy göstərirdilər. Buna yol verməmək üçün Qızıl Arslan 1190-cı ildə Şirvana hücum edərək Şamaxını tutdu. Şirvanşah I Axsitan Eldəgəz dövlətinin vassallığını qəbul etməyə və paytaxtı müvəqqəti olaraq Bakıya köçürməyə məcbur oldu. 1191-ci ildə Qızıl Arslan xəlifə Nasirin razılığı ilə özünü sultan elan etdi. Rey və İsfəhan vilayətlərini yenidən Eldəgəzlər dövlətinintərkibinə qatdı: Fars və Xuzistanın hakimləridə Eldəgəzlər dövlətinə tabe edildi. Eldəgəzlər dövləti Şamaxıdan İsfəhanadək geniş bir ərazini əhatə edirdi. Qızıl Arslanın hakimiyyəti dövründə Eldəgəzlər dövlətinin siyasi vəziyyətinin möhkəmlənməsi ölkənin iqtisadi və mədəni inkişafı üçün əlverişli şərait yaratdı. Lakin bu vəziyyət uzun sürmədi; iqta torpaqlarından mərhum olmuş narazı Səlcuq əmirlərinin sui-qəsdi nəticəsində Qızıl Arslan öldürüldü.
Tarix: 29.01.2015 / 16:13 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Atabəylər hökmdarları