Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbu Bəkr hakimiyyəti dövrü (1191-1210)

Onun ölümündən sonra hakimiyyətə Əbu Bəkr keçdi. Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfəhan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfəhan və Həmədanda hakimiyyəti ələ keçirdi.Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172-1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü.Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu. 1196-cı ildə Qutluq İnanc öldürüldü. 1197-ci ildə Həmədan uğrunda vuruşmada Xarəzmşah əmirini məğlub edən Əbu Bəkr qardaşı Özbəki oraya hakim təyyin etdi. Az sonra Təkəşin qoşunları Həmədanı yenidən ələkeçirdilər. Təkəşin (1200) ölümündən sonra Əbu Bəkr Həmədanı geri qaytara bildi. Lakin siyasi sabitliyin olmaması Əbu Bəkrin hakimiyyəti dövründə feodallar arasında çəkişməni dahada kəskinləşdirdi. 1205-ci ildə Marağa hakimi Əlaəddin Ağsonqur, İrbil hakimi Müzəffərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi. Əbu Bəkr əmir Aytormuşla hücuma keçərək Marağanı mühasirəyə aldı. Əlaəddin sülh bağlamağa və tutduğu yerləri qaytarmağa məcbur oldu; əvəzində Urmiya şəhərini aldı. 1208-ci ildə Ağsoqurilərin kiçik yaşlı sonuncu hakimi öldükdə Əbu Bəkr Rəvandüz qalasından başqa, Marağa vilayətini Eldəgəzlər dövlətinə qatdı.


Tarix: 29.01.2015 / 16:13 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Atabəylər hökmdarları
loading...