Əbu Bəkrin vəfatından sonra qardaşı Özbək hakimiyyətə keçdi. Özbəkin hakimiyyəti dövründə Eldəgəzlər dövlətinin tənəzzülü dahada gücləndi. Feodal çəkişmələrinin davam etməsi, müharibələr, mərkəzi hakimiyyətin gedikcə zəifləməsi ölkənin iqtisadi inkişafına ağır təsir göstərdi, onun müdafiə qabiliyyətini xeyli azaltdı. Belə bir şəraitdə 1220-ci ildə monqol qoşunu Azərbaycana soxuldu. Monqollar Təbrizi müdafiə edə biləcəyinə arxayın olmayan Özbəkdən qiymətli bəxşişlər, ərzaq və pul alaraq qışlamaq üçün Muğanda yerləşdilər. Lakin onlar qəfil hücumla əvvəl Marağanı, sonra isə Ərdəbili tutdular. Monqolların Təbrizə döndüklərin eşidən Özbək Naxçıvana qaçdı. Lakin şəhərin rəisi Şəmsəddin Tuğrarai Təbrizin müdafiəsini təşkil etdi. Təbrizlilərin müdafiəyə hazırlaşdığın görən monqollar Arrana döndülər və Beyləqan əhalisinin müqavimətini qırıb şəhəri dağıtdılar. 1225-ci ildə monqolların təqib etdiyi Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana hücum edərək Təbrizi mühasirəyə aldı. Özbək Gəncəyə, sonra isə Əlincəqalaya qaçdı və orada öldü. Beş günlük müqavimətdən sonra Təbrizi tutan Cəlaləddin sonralar Eldəgəz dövlətinin bütün ərazisini ələ keçirdi. Özbəkin Ölümündən sonra bəzi Eldəgəz əmirləri onun lal oğlu Qızıl Arslan Xamuşu (1225-1229) hakimiyyətə gətirdilər. Hökümdar mərhəmətinə sığınan Qızıl Arslan Xamuş ölkənin siyasi həyatında heç bir əhəmiyyətli rol oynamadı. Beləliklə daxili, iqtisadi-ictimai ziddiyətlər nəticəsində, xarici düşmənlərin zərbələri altında Eldəgəzlər dövləti əslində 1225-ci ildə suqut etdi.
Tarix: 29.01.2015 / 16:13 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Atabəylər hökmdarları