Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Məhəmmədhüseyn Təbatəbai

Seyid Məhəmmədhüseyn Təbatəbai (fars. علامه سید محمد حسین طباطبائی‎; 1892-1981) — İslam alimi. Alimin nəsil şəcərəsi ata tərəfdən İmam Həsənə, ana tərəfdən isə İmam Hüseynə gedib çıxır.

Həyatı

Seyid Məhəmmədhüseyn Təbatəbai dövrümüzün ən məşhur müfəssir, filosof və İslam ilahiyyatçılarından biri olmuşdur. O, 1892-cü ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun ardıcıl olaraq on dörd nəsli Təbrizin məşhur seyid və alim sülaləsindəndir.

Əllamə Təbatəbai ilk təhsilini Təbrizdə almışdır. O, burada ibtidai və orta təhsilini başa vurduqdan sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün İraqa, Nəcəf-Əşrəf şəhərinə yola düşür. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərinə yiyələnir. Fiqh və üsul elmlərini tanınmış alim Naini və Kompanidən, fəlsəfəni Seyid Hüseyn Badkubeyidən, riyaziyyatı Ağa Seyid Xonsaridən, əxlaq elmini isə Hacı Mirzə Əli Qazidən öyrənir

Əllamə Tabatəbai ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdır. Ustadın fəlsəfə, kəlam, irfan və təfsir elmlərində qazandığı uğurlar hamını heyrətləndirmişdi, o, bu sahələrdə ictihad dərəcəsinə nail olmuşdur. 1935-ci ildə o, gənc alim kimi vətənə – Təbrizə dönür.

Özü təhsil illəri haqqında belə yazır: "Təhsilimin ilk dövrlərində sərf və nəhv elmini (ərəb dili qrammatikasını) öyrənirdim və təhsilimi davam etdirməyə həvəsim yox idi. Çünki oxuduğum şeyləri başa düşmürdüm. Beləliklə, dörd il ötdü. Sonra ilahi lütf mənə nəsib oldu və məni dəyişdi. Özümdə elm və hikmət öyrənməyə bir növ heyranlıq və vurğunluq hiss etdim. Belə ki, o gündən təhsil dövrümün sonuna qədər, təqribən on yeddi il sürən bu dövrdə elm öyrənməkdə və mütaliə etməkdə heç zaman yorğunluq və soyuma hiss etmədim. Dünyanın çirkinlik və gözəlliklərini unutdum və zamanın acı və şirin hadisələri mənim üçün bərabər oldu. Elm əhli olmayanlarla oturub durmağa bir dəfəlik son qoydum. Həyatın yemək-içmək kimi zəruri işlərində ən aza qənaət edərək qalan vaxtımı mütaliə ilə keçirirdim. Yazda və yayda çox vaxt olurdu ki, gün çıxandan gün batana qədər mütaliə edərdim. Həmişə sabahın dərsini onun axşamı hazırlayardım. Əgər hər hansı bir çətinliklə üzləşsə idim nə yolla olur olsun, onu həll etməyə çalışardım. Dərsdə olduğum zaman müəllimin dedikləri əvvəlcədən tamamilə mənim üçün aydın idi. Heç zaman dərsə aid çətinlik və səhvlə bağlı müəllimə müraciət etməzdim..."

İkinci dünya müharibəsi illərində rus qoşunlarının İrana daxil olması ilə İran Azərbaycanında vəziyyətin gərginləşməsi, eləcə də yerli kommunistlərin dinə və din alimlərinə qarşı başladığı amansız repressiyaların nəticəsində ƏllaməTəbatəbai məcburiyyət qarşısında doğma Təbrizi tərk edərək Qum şəhərinə köçür. Bu illər ərzində İranın bir çox elmiyyə hövzələrində elmi-tədqiqat işləri və pedaqoji fəaliyyətlə məşğul olur.

M.H.Təbatəbai öz dərin bilikləri və elmi təcrübəsilə uzun illər boyu yorulmaq bilmədən din və fəlsəfəyə qarşı yönəlmiş hücumlara sinə gərmiş, ideoloji opponentləri ilə elmi mübahisələr təşkil etmiş, İslam mədəni bölgəsi fəlsəfi irsinə, mənəvi dəyərlərinə, zəngin mədəniyyətinə qarşı ideoloji mübarizə aparan emissarlarla elmi mübarizə apararaq mənəvi dəyərlərimizin keşiyində dayanmışdır. İslam mədəni bölgəsi fəlsəfəsi ilə yanaşı, Qərb fəlsəfəsinə də dərindən bələd olması onun bu diskussiyalarda uğur qazanmasında xüsusi rol oynamışdır. Əql və məntiq əsasında aparılan bu misilsiz fəaliyyətlər əcnəbi təsirinə qapılmış bir çox alim və ziyalıların doğru yola yönəlməsində müstəsna rol oynamış, həqiqət axtarışında olanları elmi və dini həqiqətlərlə yaxından tanış etmişdir.

Hal-hazırda dünyada İslam araşdırmaları ilə məşğul olan elə bir ciddi mərkəz və elm ocağı tapmaq olmaz ki, orada mütəfəkkirin zəngin irsi öyrənilməsin, yaxud ondan bəhrə götürməsin.

Əllamə Təbatəbai tələbə və alim hazırlamaqda təkcə elmi-nəzəri inkişafla kifayətlənməmiş, bu işdə mənəvi saflığa və etnik məsələlərə mühüm əhəmiyyət vermişdir. O, elm və mənəviyyatı, irfan və ülvi əxlaqı özündə birləşdirən yeni bir məktəbin əsasını qoymuş, cəmiyyətə çox layiqli insanlar təqdim etmişdir; ustad elmlə əxlaqı bir-birindən ayırmağı böyük faciə hesab etmiş, elm ocaqlarında belə bir sistemin, mənəviyyat atmosferinin yaradılması yolunda əlindən gələni əsirgəməmişdir.

Mütəfəkkirin ərsəyə gətirdiyi ən mühüm əsəri müasir dövrdə ən böyük və nəfis təfsirlərdən sayılan iyirmi cilddə yazdığı "əl-Mizan" kitabıdır. Bu əsər indiyə qədər müxtəlif dillərdə dəfələrlə çap olunmuşdur. Qədim dövrlərdə yazılan təfsirlərin əksəriyyəti müasir tələblərə cavab vermədiyi üçün ustad belə bir əsər yazaraq XX əsrdə İslam dünyasına misilsiz xidmət göstərmiş, onu hal-hazırkı və gələcək nəsillər üçün yadigar qoyub getmişdir. Əllamə Təbatəbai həmin təfsirdə yeni metoddan – əsas etibarilə bir ayənin sair müvafiq ayələr kontekstində təfsir olunma üslubundan istifadə etmişdir.

Digər mühüm əsəri isə "Fəlsəfə üsulu və realizm metodu" adlanır. Bu kitab 14 fəlsəfi məqalədən ibarətdir. 1941-1951-ci illərdə yazılmış bu əsər Mürtəza Mütəhhəri tərəfindən geniş şərh edilmişdir. Burada İslam fəlsəfəsi Qərb fəlsəfi məktəbləri ilə müqayisəli şəkildə təsvir olunmaqdadır.

Əllamə Təbatəbai ərəb dilində "Rəsail əs-səbə" , "Rəsailu ət-Tovhidiyyə", "Haşiyə əl-Kifayə", "Təliqə vahidə əla miratul-uqul", "Təliqə əla əsfarul-ərbəə", "Elm traktatı", "Bidayətul-hikmə" və s. kimi qiymətli əsərlər yaratmışdır.

Bundan əlavə, Əllamə Təbatəbai fars dilində "Fəlsəfənin üsulu və realizm metodu", "İslamda Quran", "Din tədrisi: Uşaqlar üçün", " İslami araşdırmalar" (3 cilddə), "İlk başlanğıc və miad barəsində traktat", "Nübüvvət barəsində traktat", "Eşq barəsində traktat", "Azərbaycan Təbatəbailərinin mənşəyi", "Nəstəliq xəttində mənzumə", "İslamda ictimai əlaqələr" və s. kimi dəyərli əsərlər ərsəyə gətirmişdir.

Əllamə çoxlu sayda tələbə tərbiyə edib yetişdirmişdir. Seyid Cəlaləddin Aştiyani, doktor Qulamhüseyn İbrahimi Dinani, Əllamə İbrahim Əmini, şəhid Seyid Məhəmməd Hüseyn Behişti, Əllamə Cavad Amuli, Həsən Həsənzadə Amuli, İmam Musa Sədr, Məhəmmədtəqi Misbah Yəzdi, Mürtəza Mütəhhəri, Məkarim Şirazi kimi görkəmli alimlər bu sırada yer almaqdadırlar.

Qeyd edək ki, zəmanəmizin görkəmli mütəfəkkirləri professor Henri Korben və professor Seyid Hüseyn Nəsr də Əllamə Təbatəbainin dərslərindən faydalanmışlar.

Maraqlı faktlardan biri də budur ki, ardıcıl olaraq bir neçə il, payız fəslində M. H. Təbatəbai ilə professor Henri Korben arasında bir çox alim və tələbələrin iştirakı ilə elmi diskussiyalar, fikir mübadilələri təşkil edilirdi. Yüksək mənəviyyatlı bir şəxsiyyətlə həqiqət axtaran elm xadimi arasında təşkil olunan fəlsəfi-teoloji, eləcə də psixoloji, sosioloji və digər dünyəvi elmlərlə əlaqədar aparılan mübahisələr zamanı çox maraqlı məsələlər araşdırılır, bu görüşlər müntəzəm olaraq mühüm və müsbət nəticələrlə sona çatırdı. Bu elmi müzakirələr elə yüksək səviyyədə keçirilirdi ki, bəlkə də İslamla xristianlıq arasında mənəvi-ideoloji əlaqələrin kəsildiyi orta əsrlərdən bu vaxta qədər Qərb mütəfəkkirləri ilə müsəlman alimlər arasında bu müstəvidə əlaqələr yaradılmamışdı.

Əllamə Təbatəbainin yüksək elmi, bariz şəxsiyyəti, gözəl əxlaqi səciyyələri və tələbələrlə münasibətdə hədsiz mülayimliyi az bir zamanda onun məşhurlaşmasına səbəb olmuş, elm xadimləri, ruhanilər və sıravi dindarlar arasında saysız-hesabsız müridlər qazanması ilə nəticələnmişdi. Əllamənin dərslərində yüzlərlə tələbə iştirak edir, tanınmış alimlər də onun məhsuldar elmindən faydalanırdı.

Öz yorulmaz səyləri ilə zəngin fəlsəfi-teoloji məktəb ərsəyə gətirmiş mütəfəkkir 1981-ci ildə haqq dünyasına qovuşmuşdur. Qətiyyətlə demək olar ki, Əllamə Təbatəbainin İslam fəlsəfəsi üzrə hazırladığı kadrları, yetişdirdiyi alimləri, yazdığı dəyərli əsərləri və göstərdiyi digər mühüm xidmətləri günümüzdə dünya elminə öz bəhrəsini verməkdədir.

Əsərləri

Ərəb dilində
əl-Mizan
Rəsail səbə
Rəsailu ət-Tovhidiyyə
Haşiyə ol-Kifayə
Təliqə vahidə əla miratul-uqul
Təliqə əla əsfarul-ərbəə
Əli və fəlsəfətul-ilahiyyə
"Elm" traktatı
Bidayətul-hikmə
Nəhayətul-Hikmə

Fars dilində
Fəlsəfənin üsulu və realizmin metodu
İslamda Quran
Din tədrisi: Uşaqlar üçün
İslami araşdırmalar (3 cilddə)
İlk başlanğıc və miad barəsində traktat
Nübüvvət barəsində traktat
Eşq barəsində traktat
Azərbaycan Təbatəbailərinin mənşəyi
Nəstəliq xəttində mənzumə
İslamda ictimai əlaqələər

Qeyd edək ki, onun bir çox əsərləri Azərbaycan dilinə də tərcümə olunmuşdur.


Tarix: 13.01.2013 / 12:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 962 Bölmə: Alimlər
loading...