Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elçin Xəlilov

Elçin Nüsrət oğlu Xəlilov — geofizik.

Həyat və fəaliyyəti

26 aprel 1959-cu ildə anadan olub. Atası Nüsrət Xəlilov Azərbaycan alimi, neftçi-geoloq, geologiya-mineralogiya elmləri doktoru, respublikanın əməkdar geoloqu, professor, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.[1]. Anası, Rəna Hüseyn qızı Xəlilova, Azərbaycan Pedaqoji Universitetində tibbi biliklər üzrə müəllim işləmişdir. Babası, professor Hüseyn bəy Ağabəyov Böyük Vətən müharibəsində iştirak edib, orden və medallarla təltif edilib, ginekologiya sahəsində alim-professor idi, Azərbaycan Tibb Universitetinin kafedra müdiri vəzifəsində çalışıb. Ulu babası - görkəmli şərqşünas alim, professor Sadıq bəy Ağabəyzadə, XX əsrin əvvəllərində general-mayor rütbəsi ilə Çar ordusunda xidmət etmişdir. 1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökümətində, bir neçə ay ərzində Daxili İşlər Nazirinin birinci müavini vəzifəsində çalışıb, həmçinin Müdafiə Nazirinin müvəqqəti səlahiyyətlərini icra edən şəxs olub.

1981-ci ildə M. Əzizbəyov adına Azneftkimya institutunu qurtarıb. 1981-ci ildən 1989-cu ilə qədər Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Cənub Bölməsində mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən "İNTERGEO-TETİS" Beynəlxalq elmi-texniki kompleksin prezidentidir. 1984-cü il üçün elm və texnika sahəsində Azərbaycanın Lenin Komsomolu Mükafatı laureatıdır. Zəlzələlərin proqnozu və vulkan püskürmələrinin öyrənilməsi sahəsində 1990-cı ildə Lomonosov adına MDU-da (Moskva şəhəri) doktorluq dissertasiyası müdafiəsi etmişdir.

1991-ci ildən 1995-ci ilə qədər Bakı xalq deputatları sovetinə deputat secilmişdir. Bakı şəhərinin ekologiyası üzrə Daimi Deputat Komissiyasının sədri olmuşdur. 1995-1996-cı illərdə beynəlxalq aləmdə elmi nailiyətlərinə görə Beynəlxalq Tərcümeyi-hal Mərkəzinin (İngiltərə) diplomu ilə təltif olunmuşdur. Elçin Xəlilovun haqqında məlumat "Elm və sənaye üzrə MDB-nin 100 lideri", "Azərbaycanda kim kimdir" ensiklopedik məlumat kitablarında, "Azərbaycanda geoloq və geofizik alimlər", "Azərbaycan geofizikləri: kim kimdir"[2] soraq kitablarında, "Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi" kitabında, "Кто есть кто в Русской Секции Международной Академии Наук"[3] kitabında dərc edilmişdir.

1999-cu ildən Azərbaycanın Milli Elmlər Akademiyası Rəyasət Heyəti yanında Daimi Komissiyanın həmsədri və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü təyin olunmuşdur[1].

2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurası Sədrinin müavini təyin olunmuşdur.

2001-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Avstriya, İnsbruk) həqiqi üzvü (akademiki) və Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti seçilmişdir[4].

2001-ci ildən Beynəlxalq Elmlər Akademiyasının Zəlzələlərin Proqnozu və Öyrənilməsi üzrə Elmi-Tədqiqat institutunun baş direktorudur.

2002-ci ildə elmi tədqiqatlarına görə "Beynəlxalq Elmlər Akademiyasının qızıl döş nişanı ilə təltif olunmuşdur.

2003-cü ildə E.Xəlilov, Nobel mükafatı laureatı P.N. Kapitsanın "Elmi kəşfin müəllifinə" adı altında, gümüş medalla təltif edilmişdir.

2003-cü ildə AMEA akademiki Şəfaət Mehdiyev, REA Akademiki V.E. Xain, RTEA Akademiki T.A. İsmayıl-Zadə ilə birlikdə "Vulkan püskürmələrinin zaman-məkan paylanmasının qanuna uyğunluğu" adında elmi kəşfin 239 №- li diplomunu almışdır. 2003-cü ildə Beynəlxalq Elmlər Akademiyasının və EURASIA PACIFIC UNINET Beynəlxalq Təşkilatının (Avstriya, Vyana) "Seysmik risk və seysmodavamlı tikinti üzrə Beynəlxalq Komissiya"nın sədri secilmişdir.

2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer Elmləri üzrə Ekspert Şurasının sədri təyin olunmuşdur.

2006-cı ildə "Zəlzələyə davamlı tikinti üzrə yeni texnologiya" NATO Beynəlxalq Layihəsinin Direktoru təsdiq olunmuşdur (NATO PROJECT SFP 982167). Layihə Cenevrədə patent almış Elçin Xəlilovun iki ixtirasına əsaslanmışdır. Layihədə üç ölkə iştirak edir – Türkiyə, Azərbaycan və Qazaxıstan[5].

2007-ci ildən seysmodavamlı tikintidə və zəlzələlərin proqnozlaşdırılmasında yeni texnologiyalar üzrə İndoneziyada Gada Mada Universiteti ilə birlikdə Beynəlxalq Proqrama başçılıq edir.

2007-ci ildə Beynəlxalq Elmlər Akademiyasının S&E Vitse-Prezidenti secilmişdir.

2008-ci ildə Rusiya Təbii Elmlər Akademiyasının akademiki seçilmişdir[2].

2008-ci ildə Ümümdünya Elmi Əməkdaşlıq Təşkilatının (London) vitse-prezidenti seçilmişdir[3].

2009-cu ildən Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (GNFE) -nin(London) baş direktorudur [6]

2009-cu ilin dekabrında, geoloji ətraf mühitin global dəyişikliklər üzrə beynəlxalq komitənin əsaslı iclasında, 30 ölkənin alimlərini birləşdirən Geodəyişiklik Beynəlxalq Komitəsinin Prezidenti seçilmişdir.

Ailəlidir. İki oğul atasıdır


Tarix: 11.01.2013 / 13:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 711 Bölmə: Alimlər
loading...