Alfred Nobeli gah «dinamit kralı», gah "ölüm alverçisi", gah da «Avropanın ən varlı avarası» adlandırır, bununla ürəkləri soyumayanda, daha kəskin epitetlərlə onun adını «bəzəyirdilər». O isə bunları oxuyur, amma heç bir şəkildə cavab vermirdi və onun bu cür — daş kimi susub durması qəzet yazarlarını bir daha yenidən yazmağa ürəkləndirməklə bərabər, onları əməlli-başlı qəzəbləndirirdi...
Əslində isə hər şey tamam başqa cür idi və bu məşhur adamın nələr çəkdiyindən kimsənin xəbəri yoxuydu. Hamı elə fikirləşirdi ki, o, milyarderdisə, onun nə dərdi ola bilər ki? Amma…
O, bədbəxt bir milyarder idi və nə evi vardı, nə dostları, nə də onu sevən xanım yox idi bu yer üzündə...
O, dahi bir alim idi, amma onun kəşfi insanlara daha çox dərd gətirən bir kəşf idi...
O, gözəl bir yazıçı, romantik şair, qəribə, möcüzəvari xarakterə malik olmaqla yanaşı, həm də siyasətdə mərkəzçi baxışlı bir insan idi...
O, bütün bunlar azmış kimi həm də ağır xəstəliyə düçar, əzabkeş bir adamdı...
Bəli, cənablar, bu adam Alfred Nobel idi və onun canlı portretini çəksək çox qorxulu bir şəkil alınar...
Ancaq zəif olanlar yaşayır...
Ölüm! Ölüm! Bir daha Ölüm! — bax. Alfred Nobelin həyatının əsas mövzusu bu idi. Hətta buna görə onu bir az dəlibaş da adlandırmaq olar. Təsəvvür edin ki, artıq o, heyrət doğuracaq qədər varlı olan vaxtlarında İsveç kralı ilə görüşündə İsveçdə "İntihar İnstitutu«nun yaradılmasını təklif edir.
— Əlahəzrət, təsəvvürünüzə cənnətə bənzər mənzərəyə malik bir yeri canlandırın. Burada iri, yaraşıqlı binada qalanlar bu dünyada yaşamaqdan bezənlər olacaq. Bura dünyanın hər yerindən axışıb gələcəklər və hər gün ölümə hazır olan adamlar üçün mərasimlər keçiriləcək. Ən yaxşı musiqiçilərdən ibarət orkestr, konyaklar, siqaretlər, həzin musiqi...Hə, axırda isə zəhər içən bəxtəvərlər! Buna razısınızmı, əlahəzrət!
Alfred Nobelin bu təklifi kralı heyrətə gətirir və əməlli-başlı qorxuzur. Hədsiz dərəcədə varlı və dünyanın hər yerində adı məşhur olan bu adamın ruhunda nələr baş verir? Bu suala cavab tapmayan kral tələm-tələsik onunla görüşünü başa vurur. Yox, gəlin, belə deyək ki, qorxudan üşünə-üşünə aradan çıxımağı daha məqsədəuyğun hesab edir.
İlk uşaqlıq illərində Alfred Nobel ağır boğulmalardan, nəfəs çatışmamazlığından əzab çəkirdi. Həkimlər Alfredin yalnız möcüzə baş verərsə, sağ qala biləcəyini onun valideynlərinə bildirirlər. Bu boğulmalar onu tənhalığa, boş otağa qapanaraq özüylə baş-başa qalmağa vadar edir və bu tənhalığın yerini doldurmaq üçün o, kitablara meylini salır. Belə deyək ki, yaşıdlarını bu məsələdə o, çox qabaqlayır: — diqqətlə Petrarkı, Höteni, Bayronu oxuyur, amma əbədilik olaraq onun ən sevdiyi yazıçı sirli və tutqun Şelli olur...
Sonra isə Alfred Nobelin özü şeir yazmağa başlayır, özü də ilk dəfədən onun qələmindən çıxan şeirlər pis alınmır. 18 yaşında isə o, „Tapmaca“ adlı poemasını bir neçə aya yazıb, bitirir. Bu poemanı o, kədərli uşaqlıq illərinə həsr edir.
Alfredin qardaşı Luidviq ailələrinin nəsil tarixi haqqında materiallar toplayan zaman Alfredə həyatını təsvir edən bir yazı hazırlamağı xahiş edəndə belə bir cavab eşidir:
— Özün yaz! Yaz ki, Alfred Nobel bədbəxt, yarımcan bir varlıq idi. Rəhimdil həkimlər gərək bu zavallı varlığın elə ilk dəfə nəfəs alan anda sonuna çıxaydılar. Hə, əlavə edərsən ki, onun əsas xeyirxahlığı onda idi ki, dırnaqlarını təmiz saxlayırdı və heç kimə yük olmaq istəmirdi. Çatışmayan cəhətlərindən söz açarkən yazarsan ki, ailəsi yoxuydu, axmaq xarakteri vardı, zəif səhhətə, yaxşı iştaha və xəstə həzm orqanlarına malik idi. Ən çox qorxduğu şey ölü zənn edilib, diri-diri basdırılmaq hissi idi. Həyatında baş verən əlamətdar hadisə olmayıb və olmayacaq da. Hə, Luidviq, bax, elə-belə də yaz...
Dinamit ziyan vurmaz...
34 yaşında Alfred Nobel dinamiti kəşf edir və bu ona dünya şöhrətiylə bərabər külli miqdarda var-dövlət gətirir. İndi onun hər şeyi vardı, həyatında çatmayan isə — xoşbəxtlik, sağlamlıq və məhəbbət adlı „xırda-para“ şeylər idi...
Alfred yazır:
»Mən, imkan daxilində iri şəhərlərdə yaşamaqdan qaçıram. Ümumiyyətlə, şəhərlərdə yaşanan həyat bacarıqsız rejissorun tamaşaya qoyduğu, ikrahla üz çevriləsi səhnə əsərinə ço oxşayır".
Bu qənaətdə olmasına baxmayaraq Alfred Nobel 1873-cü ildə Parisin Malaxoff — avenyü adlı hissəsindəki dəbdəbəli imarətə köçür.
Burada onun xarakterində qəfil bir dəyişiklik baş verir. Tənhalığa, təkliyə can atan, dərvişlərə bənzər həyat tərzi sürməyə adət eləmiş Alfred böyük və təntənəli qəbul məclisləri təşkil etməyə başlayır. Bu məclislərdə o, özünü həmsöhbətinə xoş və itiağıllı tərəf müqabili kimi göstərsə də, sonluq çox vaxt dəyişməz olaraq — Alfredin çılğınlıqla kəskin sözlərin, ifadələrin köməyi ilə qarşısındakını susdurmasıyla tamamlanırdı.
Burada o, «Cənab gələcək» adlı romanını yazıb, tammalayır. Bu romanda əsasən ideal dövlət haqqında fikirlərini səsləndirir. Alfred Nobelin real həyatda monarxiyanı görən gözü yox idi. O, hakimiyyətin varisə ötürülməsiylə dövlətin formalaşmasını pulun icad edilməsi kimi — «axmaq və ziyanlı icad» — hesab edirdi. Alfred hesab edirdi ki, hər kəs həyatda hər şeyi özü qazanmalıdır, elə hakimiyyəti, taxt-tacı da!
Burası da var ki, Alfred respublika quruluşlu dövlət formasını da qəbul etmirdi. O, hər bir seçkiyə şübhə və kinayə ilə yanaşırdı.
Təsəvvür edin ki, A.Nobel — bu «dinamit kralı», "ölüm alverçisi", çoxsaylı hərbi zavodların aksiyalarının sahibi, nə az-nə çox özünü «allah adamı» sayırdı. Hətta bir dəfə sülh konqresində iştirak edərək, tribunaya qalxıb, söyləyir:
— Mənim dinamit zavodlarım sizin bu sülh konqreslərinizdən daha tez müharibələrə son qoyacaq. Günlərin bir günü üz-üzə gələn iki ordu bu dinamitin hesabına müxtəlif silahlarla bir neçə saat ərzində biri-birini məhv edəndən sonra, inkişaf etmiş mədəni və mütərəqqi xalqlar dəhşətə gələrək ordularını buraxacaqlar. Sonluqda Yer kürəsi ordusuz dövlətlər olan bir planetə dönəcək!
Nobel inanırdı ki, Yer üzündə sülhü qorumağın yeganə yolu qorxunun gücləndirilməsindədir.
Ölümündən bir neçə gün qabaq isə A.Nobel böyük bir etirafını dilinə gətirir.
— Mən, indi böyük bir layihənin üstündə işləyirəm. Sonluqda bu layihənin nəticəsi olaraq mən hərb və sülh məsələləri üzrə Yer kürəsinrdə yeganə diktatora çevriləcəyəm. Onda bu özündənrazı axmaqlar — çarlar, prezidentlər, nazirlər, krallar ağıllı adamlara çevriləcəklər...
Alfred Nobelin həmin vaxt nəyin üstündə işlədiyini indiyədək gizli saxlanılmasını isə hələ də başa düşmək olmur.
Dostlarsız...
Alfred Parisdə nə az- nə çox 18 il yaşadıqdan sonra İtaliyaya köçməyə məcbur olur. Çünki Fransanın polis-ajan birliyinin Baş İdarəsi onu cəsusluqda ittiham edir. Həbs ediləcəyi qərara alınandan bir gün əvvəl Alfred ağıllı tərpənərək, necə deyərlər «sağollaşmamış» Parisi — bu eşqlər yuvasını «dabanına tüpürərək» tərk edir.
O, San-Remo şəhərində «Mio Nido» — «Mənim yuvam» adlandırılan bir villa alır və bu villada supermüasir bir laboratoriya yaradır. Nobel bu laboratoriyada süni yolla qiymətli daşlar əldə etməyə, telefonları mükəmməlləşdirməyə çalışır, uçan aparatların yeni konstruksiyaları üzərində əməlli-başlı tər tökür. Alfred həmin vaxt bir daha "ölüm alverçisi" olduğunu isbat edir: — döyüş raketlərini, «hava torpedolarının» müxtəlif formalarının konstruksiyasını hazırlayır. Bu raketlər havada dörd kilometrə qədər uçmaq qabiliyyətinə malik idilər...
Hə, onun böyük həvəs və inadkarlıqla, üstündə yorulmadan işlədiyi yeni bir ixtira isə ağrısız şəkildə istifadə edilə bilən "İntihar apparatı" idi. Bu əslində elektrik stulunun prototipi olan bir mexanizm idi və Alfredə görə onun «müştəriləri» də yetərincə olacaqdı.
İtaliyada A.Nobel yeni əsərlər üzərində işləyir. Bu əsərlər çox sonralar bədbin və ağır ruhlu olmaları ilə daha çox yaddaşlarda qalacaqdılar.
«Mən, xoşbəxtliyin nə olduğunu bilməyən və onu gələcəkdə tapacağını ağlına belə gətirməyən, özündən hədsiz narazı, tamam yalqız, tənha, ailəsiz, ürəyimi aça biləcəyim dostlarsız, üstünə yeriməyə bəhanə gəzəcəyim düşmənlərsiz bir həyat yaşamaqdayam. Əslində özüm dilsiz-ağızsız ağacların və kolların arasında yaşamağı arzulayan bir adamam. Ağaclar və kollar heç olmasa adamın əsəblərini yerindən oynatmır, nadanlıqlarını nümayiş elətdirmirlər… Etiraf edirəm ki, çox yorulmuşam, dünyaya bu qədər „tamaşa“ edəcəyimi heç vaxt ağlıma gətirməmişdim. Hər şey kimi bu dünya da ola bilər ki, uzaqdan daha gözəl görünsün. Onun içində isə adam özünü daha çox girov kimi hiss edir...» -Alfred həmin vaxtlar bu cür və bu ruhda yazmaqdaydı...
Katibə və ev idarəedicisi...
Gənclik illərində Alfred Nobel qadın məclislərindən, mərkəz və cəmiyyətlərindən, qadınların şərəfinə təşkil edilən ziyafət salonlarından vahiməyə düşür və çox qorxurdu. Ancaq bir dəfə o, madam Derzinin salonuna boylanır və onun qızını, gənc daniyalı Annanı görür. Annanı görən andan isə Alfred qəribə hallar keçirməyə başlayır, özünü-sözünü bilmir, dəymədüşər xasiyyəti daha da ağırlaşır. Əlbəttə onun özü çox gözəl anlayır ki, Annaya aşiq olub və bu sevda ona gələcəkdə xoş bir şey vəd etmir. Anna da Alfredin ona vurulduğunu çox gözəl anlayır, başa düşür. Gözəl olduğu qədər də bic ruha malik olan Anna Alfredin etiraflarına ara-sıra gülməklə cavab verir, onun öpüşlərini güya rədd edirmiş hərəkətlər etməklə Alfredi daha da cürətli olmağa sövq edir. Gecə görüşlərinin birində isə Alfredin qolları üstündə yarımçılpaq şəkildə uzanmaqdan qorxmayan və onunla min oyundan çıxan Anna günlərin bir günü qəfildən ondan üz döndərir. Sən demə, Anna çoxdan «ikibaşlı sevgi oyunu» oynayırmış. Alfredi dəli gününə salan bu gənc gözəlçə, onunla bərabər riyaziyyatçı Frans Lemarjla da görüşürmüş. Frans Lemarj yaraşıqlı, qadınların ürəyini ələ almaqda mahir, lazım olduğundan da artıq ağıllı, daha doğrusu çevik, bic ağıla malik bir adamdı. Təbii ki, son anda Anna seçim qarşısında qalanda üstünlüyü Frans Lemarja verir.
Onların toy günü isə Alfred Nobel dəhşətli bir vəziyyətə düşür, həkimlər belə nə edəcəklərini bilmirlər və o, bir neçə ay ölümlə- olum arasında yataqda çırpınır…
İllər sonra isə dünyanın məşhur riyaziyyatçıları təəccüblənirdilər ki, necə olub ki, Alfred Nobel özünün təsis etdiyi mükafatın- Nobel mükafatının verilməsi siyahısına bu cür lazımlı elmi-riyaziyyatı salmağı unudub? Bax, belə deyək: — Alfred yerli-yerində olaraq elə heç nəyi unutmadığı üçün, bu mükafatın verilməsində «riyaziyyatı unutmuşdu». Riyaziyyatçılar isə Alfreddən çox Frans Lemarjdan incisələr daha doğru olar.
Bu əhvalatdan sonra uzun illər Nobel qadınlarla praktiki olaraq heç bir münasibətdə olmur. Hətta qadınlar ona hansısa şəkildə müraciət edəndə, yaxud onunla münasibət yaratmaq istəyəndə belə «vaxtım yoxdur, məni bağışlayın, xanım» — deyərək yaxasını kənara çəkir.
Amma hərəkətləri hər vaxt gözlənilməz xarakter daşıyan Nobel günlərin bir günü qəzetdə belə bir elan verir. «Parisdə yaşayan, imkanlı və yüksək təhsilə malik, yaşlı bir cənab müxtəlif dillər bilən, kamil və kamallı, yaşca gənc olmayan bir qadını katibə, eləcə də ev idarəedicisi vəzifəsi üçün axtarır».
Bu elandan bir gün sonra A. Nobelin ünvanına məktublar sel kimi axmağa başlayır. Öz namizədliyini irəli verən on minlərlə xanımlar arasından Nobel 33 yaşlı, qrafiniya Berta Kinskini seçir. Berta bu zaman Venada yaşayır və quvernatka kimi varlı bir şəxsin evində çalışırdı.
Alfredlə Berta biri-biriylə məktublaşmağa başlayırlar. Az vaxtdan sonra isə onlar məktublaşmağa son qoyaraq, biri-biriylə görüşürlər və ilk görüşdən hər ikisi biri-birinin xoşuna gəlirlər. Nobel yaxşı bilirdi ki, Berta Venada tərbiyəçisi olduğu gənclə şəhvətli, ehtirasının dalğası bütün Avstriyanı bina-bina silkələyən eşq macərası yaşamış və bununla da az qala Venada ən məşhur xanıma çevrilmişdi. Berta, ümumilikdə «az aşın duzu» olmamaqla yanaşı, həm də «kişilərin qənimi»nə çevrilən bir od parçasıydı. Ona vurulanlar son anda dizlərinə döyməli olsalar da, heç vaxt Bertanı söyüb-yamanlamaq ağıllarına gəlmirdi…
Alfred yalnız anasına etiraf edir ki, «Mən, onu gözəl bir xanım kimi yox, qeyri-adi bir varlıq kimi sevirəm və bir gün evə qayıdanda Bertanı evdə görə bilməyəcəyimi fikirləşəndə ürəyim tir-tir əsir...»
«Dilə gələn başa gələr» — deyiblər… Günlərin bir günü Alfred evə dönəndə Bertanın evdən getdiyinin, onu heç nə olmamış kimi tərk etdiyinin şahidi olur. Alfred yenə dəhşətli sarsıntılar keçirir, amma dözür…
Gözəl Berta isə sən demə sevdiyi gəncin — Arturun intihar etdiyini, ancaq təsadüf nəticəsində sağ qaldığını eşidən anda Alfredi atır və Venaya — sevgilisi Arturun yanına üz tutur. Bertadan Alfred Nobelə isə kiçik bir məktub yadigar qalır...
Pisliyin rəngi...
Bertanın ona verdiyi ağrı-acını gilə-gilə udan Alfred Baden şəhərinə yollanır. Orada gül dükanından orxidey güllərini alan vaxt gül satan qızla- Sofi ilə tanış olan A. Nobel demək olar ki, daha hər gün yolunu oradan salır. Sofinin oyuncaq gəlinciklərin üzünə bənzər üzü, tənasüb bədən quruluşu, sadəlövh baxışları Alfredi özünə məftun etdirir…
Günlərin bir günü isə Alfred Sofiyə onu sevdiyini bildirir. Sofi isə uzun kipriklərini qapayaraq susur və bir gün sonra isə bu eşqə şərik olduğunu bildirir.
Nobel Sofini İtaliyaya gətirir və burada ona bərli-bəzəkli bir ev alır. Üstəlik Sofiyə xidmət etmək üçün qulluqçu, aşbaz və bir neçə müəllim tutur. Aldıqları iri məbləğli əmək haqqına baxmayaraq, Sofinin müəllimləri könüllü olaraq ona dərs deməkdən imtina edirlər. Nobelin özü də buna mat qalmışdı. Nəhayət, Sofiyə dərs verməkdən imtina edən müəllimlərdən biri Alfredə bunun səbəbini açıqlayır.
— Ah, müsyö Nobel, mərc gəlirəm ki, mademuazel Sofinin başı yalnız şlyapa gəzdirməyə yarayır, başqa heç nəyə yox...
Nobel "şirin Sofi" adlandırdığı bu keçmiş gülsatan xanıma on beş otaqdan ibarət villa alır, özü də Avstriya kurortunda. İndi Sofi var-dövlət içində üzməkdəydi və ağlına nə gəlirdisə onu da edirdi...
Nobelə dost-tanışları dəfələrlə işarə vururlar ki, Sofinin məşuqəsi, aşnası var, amma Alfred heç cürə buna inanmaq istəmir. Sofi isə get-gedə lap özündən çıxır və günlərin birində ona bildirir ki, o, hamilədir. Sofi dediklərinə onu da əlavə edir ki, uşağın atası o — yəni Alfred yox, ona at sürmə dərsi keçən macar zabitidir.
Sofi gileylənir ki, Nobel ona verdiyi pulu bir az artırarsa, çox gözəl olar, çünki ayrılan pul azlıq edir...
Nobel Sofinin dediklərinə gülümsəyə-gülümsəyə qulaq asır. Gözləmək olardı ki, bu açıq və əclaf etirafdan sonra o, Sofini qovacaq, unudacaq...
A.Nobel isə bunun tam əksi olan bir hərəkət edir — qiymətli kağızlarını bankda Sofinin adına qoyulması tapşırığını verir. Onlardan gələn faizli gəlirin hesabına isə Sofi və məşuqu-macar zabiti iki yüz il şad-xürrəm, ehtiyacın nə olduğunu bilmədən yaşaya bilərdilər...
Sofi sonralar da hər dəfə Alfreddən pul istəyəndə, o, istədiyi məbləği həmin dəqiqə alırdı, bir sözlə nə sirri-xudaydısa, Nobel bu «gülsatan xəyanətkara» — «yox» — deyə bilmirdi...
Nobel vəfat edəndən sonra da Sofi pisliyini yerə qoymur və onun 216 ədəd sevgi məktubunu Alfredin qohumlarına üç milyon dollara satır...
Sonluq
Nobel hər dəfə şəxsi faciəsini yaşayandan sonra sanki ona ikiqat güc gəlir. Bütün ömrü boyu o, dünyanın iyirmi ölkəsində doxsan üç müəssisə yaradır və kəşflərinə görə 355 patentə sahiblənir. Onun var-dövləti 33 milyon krona həcmində hesablanır ki, bu da milyard dollardan yuxarı olan pul kütləsi demək idi.
Bununla bərabər isə — onun böyründə sona qədər kölgəsiz bir tənhalıq gəzdi...O, ömrünü böyük sarsıntılar və bitməyən bir darıxqanlıq içərisində keçirərək qazandıqlarından heç vaxt ləzzət almadan bu dünyadan köçdü...
Lap elə göydə tək-tənha qanad çalaraq, günbatana sarı üz tutan bir durnasayağı...
Tarix: 08.01.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1723 Bölmə: Alimlər