Əbülfət bəy Məmmədhəsən bəy oğlu Vəliyev (1871-1918) — aktyor.Mündəricat
1 Həyatı
2 Fəaliyyəti
3 İstinadlar
4 Mənbə
5 Həmçinin bax
Həyatı
Əbülfət bəy Məmmədhəsən bəy oğlu 1871-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Şuşa real məktəbini bitirmişdi. Əbülfət Vəli yüksək istedadlı, mütərəqqi düşüncəli bir aktyor, bacarıqlı rejissor və təşkilatçı idi; xalq arasında teatr sənətinin təbliği sahəsində böyük əhəmiyyətə malik iş görürdü. XIX əsrin sonlarından başlayaraq 1918-ci ilə qədər Azərbaycan teatrının göstərdiyi tamaşaları Əbülfət Vəlisiz təsəvvür etmək qeyri-mümkündür. Həmin illərin dövri mətbuatı məlumat verir ki, Əbülfət Vəli teatr truppasının, demək olar ki, bütün tamaşalarında iştirak etmiş, müxtəlif, bir-birindən həm janr, həm də xaraktercə fərqlənən obrazlar yaratmış, gənc, həvəskar aktyorların yetişməsində böyük zəhmət çəkmiş, eyni zamanda da bir rejissor kimi gərgin fəaliyyət göstərmişdir. Məşhur faciə aktyorumuz Hüseyn Ərəblinskinin istedadının üzə çıxarılmasında, onda mütərəqqi ideyalara meylin güclənməsində Əbülfət Vəlinin də böyük xidməti olmuşdur. Doğrudur, sonralar H. Ərəblinski sənətinin gücü, istedadının qüvvəsi daha gur səslənmiş, müəllim öz tələbəsinin uğurlarına heyran qalmışdır. Lakin inkaredilməz həqiqətdir ki, H. Ərəblinskinin bir sənətkar kimi yetişməsində Əbülfət Vəlinin təsiri həmişə duyulmuşdur.
Əbülfət Vəli və Hüseyn Ərəblinski həmişə yekdil olmuşlar. Qəzet səhifələrində "Ərəblinski, Ə.Vəli... cənabları "Nicat" cəmiyyətindən üz döndərib yeni teatr truppası yaradıblar", "...Ə.Vəlizadə, Ərəblinski birgə tamaşa göstərdilər", "Bu tamaşada Ərəblinski və Ə.Vəli yerli həvəskarlarla birlikdə çıxış etdilər" və s. yazılar, tamaşalar haqqındakı məqalələr, xatirələr sübut edir ki, Azərbaycan səhnəsinin bu iki görkəmli sənətkarı həmişə birgə fəaliyyət göstərmişlər. Ancaq sonralar onlar bir-birindən ayrılmışlar. H.Ərəblinskinin həyatı, yaradıcılığı və sənəti haqqında bir sıra tədqiqatlar aparıldığı, məqalələr yazıldığı halda, Əbülfət Vəlinin fəaliyyəti nədənsə tamamilə unudulmuşdur. Halbuki bu iki peşəkar aktyor arasındakı fikir və sənət birliyini görkəmli dramaturq və teatr xadimi Ə.B.Haqverdiyev də görmüş, duymuş, özünün "Sənət qurbanı" və "Ac həriflər" adlı əsərlərində onların surətini yaratmışdır. [1]
Fəaliyyəti
Əbülfət Vəli faciə aktyoru idi. Rolları rəngarəngliyi ilə seçilirdi. O, qısa bir vaxt ərzində Xəlil ("Hacı Qara"), Cahangir bəy ("Müsibəti Fəxrəddin"), Şah Təhmas, Cavad, Ədhəm və Heydər Şahmar bəy ("Ev tərbiyəsinin bir şəkli"), Dəli Şizavat, Dobçinski ("Müfəttiş"), İkinci İrakli və Murtuzaqulu xan ("Ağa Məhəmməd şah Qacar"), Əbudiyab ("Əbül-üla"), Cənnətəli ("Dəmirçi təbib"), Cəfər ("Qaranlıqla işıq"), Gavə ("Dəmirçi Gavə"), Abdulla ("Dağılan tifaq"), Dayı ("Bahadır və Sona"), ("Bəxtsiz cavan"), Dağıstan qəhrəmanı ("Qafqaz gülü"), Məşədi Kərim ("Pulsuzluq"), fon Moor ("Qacaqlar"), Niyaz bəy ("Dilin bəlası") və s. kimi rəngarəng rollar oynamışdır. Sənətşünaslıq doktoru Cəfər Cəfərovun dediyi kimi, Əbülfət Vəli çox yapışıqlı bir aktyor idi. Tamaşalarda əsas rollarla yanaşı, ikinci, hətta, bəzən üçüncü dərəcəli rollarda da çıxış edər, həmişə də bəyənilərdi.
1911-ci ildə göstərilmiş "Nadir şah" tamaşası (Nadir şahı Ərəblinski, Cavadı isə Cahangir Zeynalov oynamışdır) Əbülfət Vəlinin ən yaxşı quruluşlarından sayılır. Burada onun aktyor sənətkarlığı daha çox fərqlənirdi. Təsadüfi deyil ki, həmin tamaşadan sonra mətbuat səhifələrində Əbülfət Vəli "Qafqazın ən müqtədir aktyorlarından biri" kimi qeyd edilir, onun "bacarıqlı oyunu", "istedadlı ifası", "qüvvətli çıxışı" haqqında yazılar verilirdi. Ə. Vəlinin "parlaq oynadığı Gavə", "yaxşı ifa etdiyi Həsən" ("Qəzavət"), Xəlil bəy ("Bəxtsiz bala"), "nümunəvi artist kimi səmimiyyətlə yaratdığı "Murtuzaqulu" ("Ağa Məhəmməd şah Qacar") rolları və digər obrazları haqqında tez-tez müsbət rəylər eşidilirdi. "Azərbaycan" qəzeti yazırdı: "Gavə rolunda tamaşaçıların vücudunu Vəli kimi lərzəyə salan hansı artistdir? "Əlmənsur"-dakı Həsən rolunu oynayan artistlərin hamısı yenə də Vəlini təqlid etmirlərmi? Nadir şahın Ədhəm və Heydər kimi hiyləgər vəzirlərini Vəli kimi yaradan kimdir? Şillerin qoca qraf Maksimilyan rolunda hansı artist Vəli qədər təsir bağışladı?"
Azərbaycan aktyorlarının Lənkarana ilk qastrolu zamanı Əbülfət Vəli truppanın rejissorluğunu etmişdir; sonrakı qastrol tamaşalarında da truppanın müdiri, rejissoru olmuş, teatrın yaradıcı və təşkilati işində çalışmışdır. [2]
Əbülfət Vəli N. Nərimanovun "Dilin bəlası" əsərinin tamaşasındakı Niyaz bəy rolunda da böyük müvəffəqiyyətlə çıxış etmişdir. Aktyor öz yaradıcılıq üslubuna uyğun olaraq obrazın müsbət cəhətini şişirtməkdən qorxmamış və bu yolla mütərəqqi ideyalarla tərbiyələnmiş: namuslu, təvazökar, xeyirxah bir insan surəti yaratmışdı.
Nəriman Nərimanovun "Nadir şah" əsərində Cavad rolunu oynayan Əbülfət Vəlinin yaratdığı obraz əsərin müəllifi tərəfindən bəyənilmiş, ona heyran olduğunu bildirmişdir. Sonralar N.Nərimanov Tiflis səhnəsində Cavad rolunu oynamağa hazırlaşan M.Mərdanova obrazın xarakter xüsusiyyətlərindən danışarkən Ə.Vəlinin bu roldakı ifa tərzini nəzərdə tutmuş, aktyora bir sıra məsləhətlər vermişdi. Ə.Vəlinin qüvvətli, yapışıqlı ifasını alqışlayan "İrşad" qəzeti (26 noyabr 1906-cı il) yazırdı ki, "...Cavad – Əbülfət Vəli cənabları layiqincə rollarını bilmələri ilə binöqsan oynadı". [3]
Ə. Vəlinin "Nadir şah" əsərinin tamaşasında yaratdığı Nadirin dayısı Cavad obrazı bu baxımdan diqqəti daha çox cəlb etmişdi. Həcmcə kiçik olan bu rol Əbülfət Vəlinin ifasında məzmunu və mahiyyəti etibarilə çox əhəmiyyətli idi. Aktyor obrazın ifasında tamaşanın ideyasını, mübarizə pafosunu xeyli qüvvətləndirirdi.
1907-ci ildə Ə.B.Haqverdiyev və H.Ərəblinskinin rejissorluğu ilə göstərilmiş "Ağa Məhəmməd şah Qacar" əsərinin tamaşasında Əbülfət Vəli əvvəl Murtuzaqulu xan rolunu, sonrakı tamaşalarda isə İkinci İrakli surətini yaratmışdır. İlk dəfə 3 dekabr 1907-ci ildə göstərilmiş "Ağa Məhəmməd şah Qacar" tamaşası görünməmiş bir müvəffəqiyyətlə keçmişdi. Əbülfət Vəli H.Ərəblinski ilə birlikdə tamaşanın tam hazırlıqla keçməsi üçün çalışmışdı. O, özü qrimlənir, digər aktyorların da qrimlənməsinə, geyiminə kömək edir, səhnənin qaydaya salınmasına nəzarət edirmiş. Tamaşanın üstün cəhətlərindən biri qüvvətli aktyor ifası idi ki, burada Əbülfət Vəlinin Murtuzaqulu xan rolundakı çıxışı xüsusi qeyd edilməlidir. [4]
İnqilab Kərimov Əbülfət Vəli haqqında yazdığı "Realist və humanist sənətkar" adlı məqaləsində ("Ədəbiyyat və incəsənət" qəzeti, 1 fevral 1969-cu il) göstərmişdir: "Bu vaxta qədər Ə.Vəlinin vəfat etdiyi il məlum deyildi, onun "harada isə itkin düşdüyü" fikri söylənilirdi. İndi isə dəqiqləşdirilmişdir ki, Ə.Vəli 1918-ci il dekabr ayının 3-də Göyçay şəhərində vəfat etmişdir. "Azərbaycan" qəzeti artistin vəfatı münasibəti ilə həmin tarixli nömrəsində başsağlığı vermişdir".[5]
İstinadlar
↑ İnqilab Kərimov. Əbülfət Vəli. Azərbaycan Elmlər Akademiyasının Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1970, № 2. səh.118
↑ İnqilab Kərimov. Əbülfət Vəli. Azərbaycan Elmlər Akademiyasının Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1970, № 2. səh. 119
↑ İnqilab Kərimov. Əbülfət Vəli. Azərbaycan Elmlər Akademiyasının Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1970, № 2. səh. 122
↑ İnqilab Kərimov. Əbülfət Vəli. Azərbaycan Elmlər Akademiyasının Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1970, № 2. səh. 122
↑ İnqilab Kərimov. Realist və humanist sənətkar. "Ədəbiyyat və incəsənət" qəzeti, 1 fevral 1969-cu il. səh. 12
Mənbə
Azərbaycan teatrının salnaməsi (1850-1920). (toplayanı, tərtib edəni və izahların müəllifi: Qulam Məmmədli). (I hissə). Bakı: Azərnəşr, 1975
İnqilab Kərimov. Realist və humanist sənətkar. "Ədəbiyyat və incəsənət" qəzeti, 1 fevral 1969-cu il.
İnqilab Kərimov. Əbülfət Vəli. Azərbaycan Elmlər Akademiyasının Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1970, № 2.
İnqilab Kərimov. Azərbaycan-Türkiyə teatr əlaqələri. Bakı, 2000.
Ənvər Çingizoğlu, Baharlı oymağı, "Soy" dərgisi, 6 (14) 2008.
Tarix: 06.02.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 513 Bölmə: Aktyorlar