İyulun 20-nin Beynəlxalq şahmat günü olduğu artıq hamıya məlumdur. Lakin dünyanın ilk şahmatçı qadını barəsində, yəqin ki, çoxlarınız eşitməmisiniz. Elə isə, keçək mətləbə...
Söhbət Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvidən gedəcək. Məhsəti Gəncəvinin adı, ümumiyyətlə, bir çox sahələrdə birincilik qazanmış insan kimi tarixə düşüb. O, şahmatçı qadın olmaqla yanaşı, həm də məşhur Azərbaycan şairəsi, görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımız olub.
Sən hamıdan böyüksən...
Məhsəti GəncəviMəhsəti Gəncəvi, təqribən, 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər də burada yaşamışdır. Əsl adı Mənicə imiş. Deyilənlərə görə, Sultan Səncərlə söhbətlərinin birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir: «To, meh-həsti». Yəni «Sən hamıdan böyüksən». Beləliklə də, «meh-həsti» - «Məhsəti»yə çevrilərək şairənin təxəllüsü olur. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabət məhəlləsində yaşamış, vaxtını məclislərdə, musiqi və rəqs yığıncaqlarında keçirmişdir. Azərbaycan Əlyazmalar İnstitutunda,İstanbulda və Londonda saxlanan XIII əsrə aid «Məhsəti və Əmir Əhməd» dastanından da göründüyü kimi, Məhsətinin şahmatla tanışlığı elə bu məclislərdən başlanıb və bu oyun həyatının bütün mərhələlərində onu müşayiət edib. Dastanda deyilir ki, Bəlx şəhərində yaşayan bir ilahiyyat aliminin qızı olur. Münəccimlər qızın böyük gələcəyindən xəbər versələr də, bildirirlər ki, qızın taleyi xərabət-meyxana ilə bağlı olacaq. Beləliklə, Məhsəti atasının xüsusi səyi ilə mükəmməl təhsil alır, həmçinin, musiqini dərindən mənimsəyir. Atasının vəfatından sonra Məhsəti Gəncəyə, Xərabət məhəlləsinə köçür. Burada o, savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə hamının rəğbətini qazanır. Gələcək sevgilisi və həyat yoldaşı - Gəncə xətibinin oğlu Əmir Əhmədlə də elə burada tanış olur. Məhsəti tezliklə Gəncədə ən güclü şahmat ustası kimi də ad çıxarır. Gəncə şahı onu tez-tez saraya dəvət edirdi. Belə görüşlərin birində şah Məhsəti ilə şahmatda gücünü sınayır. Məhsətinin ilk şahmatçı qadın kimi tanınmasında da məhz bu oyunun müstəsna rolu olur. Çılğın şahmat azarkeşi və oyunçusu olan Mahmud şahı dəfələrlə məğlub etdikdən sonra, Məshətinin şahmatçı kimi sorağı İraqa, Misirə, Orta Asiyaya qədər gedib çıxır. Amma oyunların birində şah qəzəblənib Məhsətini zindana atdırır. Altıgünlük həbdsən sonra şairə Bəlx şəhərinə qaçır və burada da çılğın oyunu ilə saraydakı şahmat ustalarını, yaradıcılığı ilə saray şairlərini aciz qoyur.
ŞahmatXanalardan səmaya yol...
Ümumilikdə götürdükdə, Məshəti üçün şahmat fəlsəfə idi. Sufizmin "Əxi" qolunda ruhi rahatlıq tapan ilk şahmatçı qadınımız hesab edirdi ki, şahmat onu ALLAHa qovuşduran vasitələrdən biridir. Sufizm düşüncəsinə görə, insanda azarkeş duyğusu, müsbət mənada asılılıq yaradan, onu bu dünyadan alıb-aparan digər hisslər, əslində, ruhun göyə üçması, başqa aləmə, Tanrının dərgahına gedən yola qovuşması deməkdir. Bu yolda sufilər üçün şahmat və musiqi məclisləri əvəzsiz vasitə idi. Rəvayətlərdə qeyd edilir ki, Məhsəti musiqiyə qulaq asanda, özü udda ifa edəndə və nəhayət, şahmat oynayıb gedişlərinə aludə olanda sanki bu dünya ilə əlaqəsini itirirdi. Maraqlıdır ki, çox-çox sonralar Məhəmməd Füzuli, Mövlanə Cəlalədin Rumi kimi sufilərlə yanaşı, Höte, Mendeleyev kimi sufizmə aidiyyəti olmayan dahilərdə da oxşar düşüncə tərzinə rast gəlinmişdi. Onlar da təqribən, eyni fikirləri paylaşaraq bildiriblər ki, "Şahmat insanı başqa dünyalara aparan qeyri-adi qüvvədir və ya bu qüvvənin himayə etdiyi sehrli aləmə aparan yoldur". Məhsəti qadın sələflərindən fərqli olaraq, şahmata konkret həyat amalı və yaşam fəlsəfəsi kimi ümumi yox, konkret çalarlarla yanaşıb. Məhsəti necə varsa, elə də yaşadı, yaratdı..
Tarix: 04.12.2014 / 17:42 Müəllif: Aziza Baxılıb: 135 Bölmə: Şahmat