Dünyada öz yaradıcılığının üstündən özü xətt çəkən bir sıra dahilər olub. Bu məşhur insanların həyatlarının müəyyən çağında atdıqları gözlənilməz addım bütün bəşəriyyəti heyətləndirib. Qoqolun öz əlyazmalarını yandırması, Şalyerin öz notlarını cırması, Fişerin şahmat tacından könüllü əl çəkməsi...
Dünyanın ən məşhur şahmatçılarından söz düşəndə heç şübhəsiz birinci yada düşənlər sırasında Bobbi Fişer də olur. Fişeri tərkidünya dahi də adlandırırlar. Bu, onun haqqında elə-belə deyilmiş söz deyil. B.Fişerin təkliyə qapanmağa, qapalı mühitdə qalmağa, insanlarla ünsiyyətdən ifrat dərəcədə qaçmağa həvəsi o qədər böyük olub ki, bəzən illərlə bütün dünyada axtarılmasına baxmayaraq gizlənməyi bacara bilib. Karyerası boyunca çox nadir hallarda uduzan ifrat müstəqil və qalmaqalçı Fişer ömrü boyu dünyanın diqqət mərkəzində olub. 1943-cü ildə ABŞ-ın Çikaqo şəhərində yəhudi ailəsində doğulan Bobbi şahmatı 6 yaşında öyrənib, 15 yaşında ən gənc beynəlxalq qrossmeyster olub, 29 yaşında isə dünya tacını qazanıb. O, bu tacı heç kəsə uduzmayıb, onu sadəcə sovet şahmatçısı Karpova bağışlamaqla şahmatdan gedib...
Kapitalizm-kommunizm qarşıdurması
Bobbi Fişer və Boris SpaskinAmerikalı şahmatçı Bobbi Fişer Sovet İttifaqının çempionu Boris Spaskini məğlub edəndən sonra dünya şöhrəti qazanmışdı. 1972-ci ildə İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən Fişer-Spasski görüşü adi bir idman hadisəsi deyildi, o bütün dünyanın nəzərində kapitalizm-kommunizm qarşıdurması kimi qiymətləndirilirdi. Reykyavikdə dünyanın iki hakim ideologiyası yarışırdı. Bobbi Fişerin şahmat taxtasında etdiyi hər bir gediş Qərb paytaxtlarında kommunizmə ilişdirilən şapalaq kimi qimətləndirilirdisə, Boris Spasskinin hər bir gedişi sosialist ölkələri düşərgəsində kapitalizmə endirilən yumruq zərbəsi kimi dəyərləndirdi. Ona görə də bu görüş adi nüfuz məsələsi deyildi, şərəf məsələsi idi. Şərəf məsələsi olduğu üçün tərəflər öz oyunçusu üçün heç bir şeyi əsirgəmirdi.
Fişerin şıltaqlığı
Boris Spasskidən fərqli olaraq Bobbi Fişerin şıltaqlığı ABŞ hökuməti rəhbərlərini canını boğazına yığmışdı. Amma onun tələbləri yerinə yetirilirdi. Bobbi Fişerin tələbi ilə görüşün keçirildiyi salonda ilk sıralarda olan oturacaqları söküb apardılar, televiziya kameralarını səhnədən uzaqlaşdırdılar, təcili olaraq ABŞ-dan bu şıltaq şahmatçı üçün xüsusi kreslo gətirməli oldular. ABŞ hökuməti kommunizmə qarşı mübarizə üzündən onun bütün şıltaqlıqlarına boyun əyməyə məcbur olmuşdu. Həmin görüşdə Fişerin qalib gəlməsi Qərb dünyasında kapitalizmin kommunizmə qələbə çalması kimi qiymətləndirildi. Qeyd etmək lazımdır ki, o vaxtadək dünya şahmat tacının estafeti sovet şahmatçılarına məxsus idi. Fişer bu estayevti ələ keçirməklə Qərb dünyası üçün fenomenə çevrildi.
Prezidentlə görüşdən imtina
Dünya çempionu adını qazanan Fişer ABŞ prezidentinin görüşünə getməli idi. Görüş üçün vaxt təyin edilsə də şahmatçı ölkə başçısının qəbuluna getməkdən imtina edərək yenə hamını təəcübləndirdi. Onu prezidentlə görüşə getmədiyinə görə hədələyəndə heç vecnə də deyildi. Çünki Fişerin tələbini yerinə yetirməmişdilər. O, görüş üçün qanorar istəmişdi: «Madam ki, prezident şahmatın pərəstişkarıdır və mən iştahını ödəmək üçün oynayıram, onda pul ödəyin!»
B.Fişer öz hərəkətlərilə Beynəlxalq Şahmat Federasiyasına-FİDE-yə də meydan oxuyurdu. O, daim nələrisə tələb edirdi. Gah daha yüksək qanorar, gah oyun zamanı tam sakitlik, gah da şənbə günlərinə təyin edilən oyunların ləğvini. Bu tələblərdən hansısa qəbul olunmasa Fişer, sadəcə qapını çırpıb gedirdi, ardınca isə onu yalvar-yaxarla geri qaytarırdılar.
Dünyanı şoka salan qərar
1975-ci ildə FİDE dünya şahmat tacı uğrunda növbəti final görüşünü keçirirdi. Beynəlxalq təşkilat bu dəfə də şıltaq Fişerin şərtlərinin əksəriyyətini yerinə yetirmişdi. Həmin oyuna az qalmış 32 yaşlı Bobbi Fişer bütün dünyanı şoka salan addım atdı, o, şahmata olan marağının öldüyünü deyərək görüşə gəlməkdən imtina edərək tacı SSRİ-dən olan Anatoli Karpova bağışladığını bildirdi. Fişerin bu hərəkəti Qərb aləmini bir-birinə vurdu, ABŞ hökumətinin rəhbərlərini isə sanki vəhşi canavara döndərdi. Amma bu, Bobbi Fişer idi və heç kəs onu heç nəyə məcbur edə bilməzdi.
Fişerin itməyi
Həmin hadisənin ardından Bobbi Fişer əlli-ayaqlı itdi, həm də düz 20 illiyə. Onu bütün dünyada axtarırdılar, amma tapa bilmirdilər. Bu axtarışlar ta qəfildən Fişerin özü üzə çıxanadək davam etdi. 1992-ci ildə müharibə alovunda qovrulan Yuqoslaviyada peyda olan məşhur şahmatçının üzə çıxmasına səbəb şahmatı dəlicəsinə sevən bir serb qızının xahişlərinə qulaq asması olmuşdu. Həmin il Yuqoslaviyanın paytaxtı Belqradda Bobbi Fişerlə Boris Spasski arasında yenə şahmat yarışı təşkil edildi. Kommersiya xarakterli bu görüşdə yenə Fişer qalib gəldi.
Cinayət işi
ABŞ-ın Belqrada qarşı sanksiyalarına məhəl qoymayan Fişerin hərəkətləri Vaşinqtonun səbr kasasını daşdırdı. Nəticədə 20 il qabaq kommunizmə qarşı mübarizə üzündən onun bütün şıltaqlıqlarına boyun əyən ABŞ-da Bobbi Fişerin barəsində cinayət işi açıldı. Cinayət işinin açılmasının səbəblərindən biri də Fişerin Belqrada ABŞ-ın siyasi quruluşunu təndiq etməsi oldu. Bundan sonra məşhur şahmatçı ABŞ vətəndaşlığından imtina edərək yenidən yoxa çıxdı. Bir neçə ildən sonra o, Yaponiyada peyda oldu.
"ABŞ-a ölüm"
Tokioda Fişer bir yapon şahmatçı qızla evləndi, amma burada uzun müddət yaşamaq ona nəsib olmadı. Çünki Vaşinqton israrla Yaponiyadan onun ABŞ-a təhvil verilməsini tələb edirdi. Yaponiyada evlənəndən sonra Bobbi Fişer yenidən yoxa çıxdı. 2001-ci ilin dekabrında o, yenidən peyda oldu. Bu dəfə Fillipin radiosunun efirində. 11 sentyabr terror aktları haqqında gedən radioverilişə zəng vuran Fişer birbaşa efirdə «ABŞ dağıdılmalı və məhv olmalı ölkədir. Mən Bin Ladenin əməllərini bəyənirəm. Amerikaya ölüm!» cümlələrini səsləndirdi. Dərhal Fişerin axtarışına başlanıldı. 2005-ci ildə ABŞ-ın qəzəbindən qoxmayan İslandiya Bobbi Fişerə siyasi sığınacaq verdi. Beləcə tərkidünya dahi Reykyavikdə yenidən üzə çıxdı. 2008-ci ildə şahmat üzrə sabiq dünya çempionu 65 yaşında Reykyavikdə dünyasını dəyişdi. O, böyrək problemləri səbəbi ilə uzun müddətli xəstəlikdən sonra Reykyavik xəstəxanasında vəfat etdi.
Tarix: 04.12.2014 / 17:36 Müəllif: Aziza Baxılıb: 212 Bölmə: Şahmat