Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aleksandr Alyoxin | Dahi şahmatçının həyatı

Tacı heç kimə vermədən həyatla vidalaşan yeganə dünya çempionu Aleksandr Alyoxin 1892-ci il oktyabrın 31-də Moskva şəhərində anadan olub. Dördüncü dünya çempionu olan Alyoxin bu titula 1927-35 və 1937-46 cı illərdə sahib çıxıb. Rusiyalı şahmatçı "gözübağlı" oyunda dünya rekordçusu sayılır. L. İ. Polivanov adına klassik gimnaziyanı bitirən (1901-10) şahmatçı ardından İmperator hüquq məktəbində (1911-14) təhsil alıb. Hüquq məktəbini bitirən Alyoxinə titullu məsləhətçi rütbəsi verilib. Bu amil onun yüksək şahmatçı keyfiyyətlərindən xəbər verirdi.

Alyoxin şahmatda ilk addımlarını 7 yaşında atıb. O, 12 yaşından etibarən şahmata ciddi münasibət bəsləməyə başlayıb. Alyoxinin beynəlxalq aləmdə debütü 1908-ci ilə təsadüf edib. İlk beynəlxalq turnirdə 4-5-ci yerləri bölüşüb. Qrossmeyster qismində qatıldığı ilk beynəlxalq yarış isə 1914-cü ildə Manheymdə olub. Lakin turnir 11-ci turdan sonra yarımçıq dayandırılıb. Buna səbəb I dünya müharibəsinin başlamasıdır. 16 yaşında M. İ. çiqorinin xatirəsinə həsr olunmuş ümumrusiya turnirinin qalibi adını qazanan Alyoxinə maestro titulu verilib.

Aleksandr AlyoxinRusiyalı şahmatçı 1914-cü ildə Sankt-Peterburqda keçirilən "çempionlar turniri" yarışında üçüncü yerə çıxmaqla, dünya birinciliyinin əsas iddiaçılarından biri sayılıb. Alyoxinin "şahmat üsulu ilə xarakterimi tərbiyə etdim" sözü şahmat dünyasında geniş yayılıb. 1916-cı ildə I dünya müharibəsinə qatılan Alyoxin kantuziya alır. O, müharibədə yaralı əsgərləri xilas etdiyinə görə, müxtəlif medallara layiq görülüb. 1919-cu ildə Ukraynada şahmat qastrollarında iştirak etmək üçün Odessa şəhərinə gələn Alyoxin burada həbs edilir. O, ağ qvardiyaçılarla əməkdaşlıq etməkdə günahlandırılıb. Lakin məsələyə yüksək rütbəli məmurların müdaxilə etməsi onu həbsxana həyatından xilas edib. Bundan sonra Alyoxin milis və təhlükəsizlik orqanlarında işləmək imkanı qazanıb.

Revanş matçında qələbə qazanan ilk çempion - Alyoxin 1920-cu ildə Sovet Rusiyasında ilk dəfə keçirilən şahmat çempionatının qalibi adına yiyələnib. 1921-ci ildə isveçrəli jurnalist Anne-Lize-Ryueqq ilə ailə quran Alyoxinin evlilik həyatı uzun sürmür. Lakin bu evlilik sayəsində şahmatçı Rusiydan xarici ölkələrə maneəsiz hərəkət etmək imkanı əldə edir. O, 1921-ci ildə Fransaya köçür. 1921-27-ci illər arasında 22 beynəlxalq turnirdə çıxış edən Alyoxin bunların 14-də qələbə qazanıb. Onun qalib gəldiyi turnirlər arasında Qastinq, Baden-Baden və Keçmet kimi iri yarışlar da olub. O, 1921-ci ildə Berlində özünün "Sovet Rusiyasında şahmat həyatı" adlı ilk kitabını nəşr edib. Bu kitab şahmatda "Alyoxinin müdafiəsi" adlı məşhur teoriyanın əsasını qoyub. Bu teoriya şahmatda ilk gedişin e4 kf6 olmasına əsaslanır. Bundan başqa, qrossmeyster şahmatda bir sira yeni sistemlərə də imza atıb.

Fenomenal yaddaşa malik Alyoxin 1924-25-ci illərdə eyni zamanda keçirilən gözübağlı oyun seanslarında bir neçə dünya rekordu da qazanıb. Belə ki, o, Nyu-Yorkda (1924) 26 oyun keçirib ki, bunların 16-da qalib gəlib, 5-də uduzub və 5 görüşdə heç-heçə edib. Parisdə isə (1925) 27 görüşün 22-də qələbə çalıb, 2-də "sülh bağlayıb" və 3 partiyanı uduzub. Alyoxinin elmi fəaliyyəti də uğurlu alınıb. Belə ki, o, 1925-ci ildə "çində həbsxana sistemi" mövzusunda dissertasiyanı müdafiə etməklə, hüquq elmləri üzrə doktor adını qazanıb. Alyoxin şahmat tarixində dördüncü dünya çempionu adına kubalı şahmatçı X. R. Kapablankanı 6-3 hesabı ilə məğlub etməklə sahib çıxıb. Bu, 1927-ci ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində baş tutub. Alyoxin 1937-ci ildə şahmat tarixində revanş matçını qələbə ilə başa çatdıran ilk dünya çempionu olur. Belə ki, 1935-ci ildə dünya çempionluğu titulunu M. Eyveyə təhvil verən şahmatçı 1937-ci ildə keçirilən revanş matçında Eyve üzərində inamlı qələbə çalıb.
Aleksandr Alyoxin dahi şahmatçı şahmat oyunu

Kasıblıq və tənhalıq içərisində başa çatan ömür - O, Bleda şəhərində (Yuqoslaviya, 1931) keçirilən beynəlxalq turnirdə qalib gəlməklə, xal hesabı baxımından yeni rekorda imza atır. Tanınmış qrossmeyster şahmatın bütün dünyada kütləviləşməsində böyük rol oynayıb. O, bu məqsədlə dünya çempionları arasında ilk dəfə olaraq, şahmat üzrə dünya səyahətinə çıxıb (1932, sentyabr-1933, may). Belə ki, Alyoxin ABŞ, Meksika, Kuba, Havay adaları, Yaponiya, çin. Honqkonq, Filippin. Sinqapur, İndoneziya, Yeni Zelandiya, Seylon adası, Misir, Fələstin və İtaliyada ümumilikdə 1320 görüş keçirib ki, bunların 1161-də qələbə qazanıb və ancaq 65 partiyada uduzub. O, Fransa komandasına ümumdünya Şahmat Olimpiadalarında 4 dəfə rəhbərlik edib (1930, 31, 33, 39). Alyoxin 1946-cı ildə SSRİ çempionu M. M. Botvinnik tərəfindən görüş keçirmək barədə çağırış alır.

Lakin ona bu görüşü keçirmək qismət olmur. Buna səbəb şahmatçının 1946-cı ildə Portuqaliyanın "Park-Otel" mehmanxanasında vaxtsız vəfat etməsidir. Portuqaliyanın Eştoril şəhərində dəfn edilən dahi şahmatçının qəbri sonradan 1956-cı ildə Parisə gətirilərək Monparnas qəbiristanlığında basdırılıb. Onun qəbiristandakı abidəsinin üzərində bu sözlər yazılıb: "Rusiya və Fransa şahmat dahisinə". ümumlikdə Alyoxin peşəkar karyerası ərzində qatıldığı 87 turnirin 62-də çempion olmağı bacarıb.

Dünya çempionu statusunda 23 görüş keçirən şahmatçı 17 qələbə qazanıb, 4 qarşılaşmada heç-heçə edib və 2 görüşdə yenilib (V. Nenarkov,1909 və Eyve, 1935). ümumilikdə 1264 partiya oynayan Alyoxin 735 dəfə qələbəyə sevinib. 127 matçı uduzan şahmatçı 402 dəfə xalları bölüşüb. Dahi şahmatçı ömrünün son aylarını Portuqaliyada kasıblıq və tənhalıq şəraitində keçirib. 1980-ci ildə SSRİ-də Alyoxinə həsr olunmuş "Rusiyanın ağ qarları" adlı film çəkilib.


Tarix: 04.12.2014 / 17:41 Müəllif: Aziza Baxılıb: 103 Bölmə: Şahmat
loading...