Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Emmanuil Lasker

Şahmat taxtası üzərində yalana və riyakarlığa yer yoxdur.
Şahmat kombinasiyasının gözəlliyi ondadır ki, bu kombinasiya-həmişə doğruçudur.
E. Lasker.

1894-cü il mayın 26-da dünya şahmat həvəskarları yeni çempionun elan olunduğundan xəbər tutdu. Əl ağacına söykənərək, kreslodan ağır-ağır qalxan Steynits yeni dünya çempionu Laskerin şərəfinə üç dəfə «ura» deyərək onu təbrik etdi...
Emanuil Lasker 1868-ci il dekabrın 24-də Almaniyanın Berlinxen şəhərində anadan olmuşdur. Uşaqlıqdan riyaziyyata sonsuz həvəs göstərirdi. Ona görə də valideynləri onu Berlinə oxumağa göndərdilər. Laskerin şahmata müraciət etməsinin iki səbəbi olmuşdur. Birincisi, yanında yaşadığı böyük qardaşı yaxşı şahmat oynayırdı. Bir dəfə Lasker xəstə olarkən qardaşı ona şahmat oynamağı öyrətmiş və şahmat dərsliyi hədiyyə vermişdir. Ikinci səbəb isə, onun oxuduğu məktəbin direktorunun yerli şahmat klubunun çempionu və prezidenti olması idi. Direktor gələcək çempionun şahmat qüvvəsinin inkişafına böyük kömək etmişdir. Məktəbi qurtardıqdan sonra Lasker Berlin universitetinin riyaziyyat fakültəsinə daxil olur. 1889-cu ildə çıxış etdiyi bir sıra turnirlərdə qazandığı qələbələr onu Almaniyanın güclü şahmatçılarının ön cərgəsinə çıxarır. Bu müvəffəqiyyətdən sonra 22 yaşlı Lasker öz qarşısına dünya çempionu adını qazanmaq kimi, məsul və cəsur vəzifə qoyur. Steynitslə gələcək görüşə hazırlaşaraq, 1880-ci ildə Ingiltərəyə gedir. Burada o, 2 dairəvi sistem üzrə keçirilən turnirdə ingilis şahmatçıları, sonra isə ingilislərin sevimlisi Blekbern üzərində inamlı rələbə qazanır. Üç il sonra ABŞ-da qastrol səfərində olarkən Lasker yerli şahmatçılarla görüşdə bir sıra qələbələr qazanır, Nyu-York turnirində birinci mükafata yiyələnir. Özü də, o, turnirdə iştirak edən 13 şahmatçının hamısına qalib gəlir və ən yaxın rəqibindən 4,5 xal (!) aralanır. Indi onun Steynitslə görüşmək üçün real imkanı var idi.
1894-cü il martın 15-də şahmat tacı uğrunda başlanan növbəti mübarizə +10—5=4 hesabı ilə Laskerin qələbəsi ilə başa çatır. 25 yaşlı şahmatçı ikinci dünya çempionu olur və 27 il ərzində bu adı özündə saxlayır. Bu illər ərzində o, 7 dəfə öz titulunu müdafiə etmiş, bir sıra iri miqyaslı beynəlxalq turnirlərdə uğurla çıxış etmişdir. 1895—1896-cı ildə Londonda, 1900-cu ildə Parisdə, 1900—1914-cü illərdə yenə də Peterburqdakı beynəlxalq turnirlərdə birinci mükafatlara layiq görülür.
Emmauel Lasker şahmat çempionu1921-ci ildə 53 yaşlı Lasker tac uğrunda mübarizədə 33 yaşlı kubalı şahmatçı Xose Raul Kapablanka-ya məğlub olur. Lakin iki il sonra Moraziya adasında keçirilən beynəlxalq turnirdə yenidən qələbə qazanır. Daha bir il sonra Nyu-Yorkdakı beynəlxalq turnirdə qazandığı qələbə sensasiya doğurur. O, Kapablanka, Alyoxin, Reti və Marşalı geridə qoyaraq, inamla birinci yeri tutur. Nəhayət,67 yaşında yenidən Moskvada keçirilən beynəlxalq turnirdə uğurla çıxış edir. Turnirin qalibləri olan Botvinnik və Flordan cəmi yarım xal geri qalaraq «əbədi» rəqibi Kapablankaya bir daha qalib gəlir.
Bəs onun uğurlarının sirri nədədir? Niyə Lasker tez-tez çətin vəziyyətlərə düşsə də, axırda tamam uduzulmuş görüşləri öz xeyrinə başa çatdırır? Sadəcə olaraq Laskerin oyunu məqsədyönlülüklə, mübarizə yanğısı ilə dolu idi. O, şahmat taxtası üzərində yaranan hər hansı bir şəraitdə mübarizə aparır, qələbəyə doğru inadkarlıqla can atırdı. Bundan əlavə o, həm də mütəfəkkir və filosof idi. Lasker şahmat tarixində birinci olaraq psixologiyanı mübarizə silahına çevirmiş, nəinki rəqiblərin görüşlərini, həm də onların xarakterini, zəif və güclü tərəflərini öyrənməyə başlamışdır.
E. Lasker 1941-mi il yanvarın 13-də vəfat etmişdir.
A. Alyoxin onun haqqında fikirlərini belə izah etmişdir: Mən belə hesab edirəm ki, Laskeri tənqid etmək mümkün deyil. Mən ona bir şəxsiyyət, rəssam və şahmat yazıçısı kimi heyranam. Lasker indiki və gələcək şahmatçılar üçün nümunədir.


Tarix: 04.12.2014 / 17:40 Müəllif: Aziza Baxılıb: 119 Bölmə: Şahmat
loading...