Gəncədə sikkə zərbi və pul dövriyyəsi
Son illərdə aparılan arxeoloji tədqiqatlar nəticəsində, dəfinə və tək şəkildə aşkar edilmiş numizmatik materialların analizi Azərbaycan ərazisində pul dövriyyəsinin e.ə. VII-VI əsrlərdə meydana çıxması təsdiq edir. B.e.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodotun (b.e.ə. 485-425-ci illər) məlumatına görə, Əhəməni şahları Atropatenadan hər il 650 talat vergi yığırdılar. I Daradan başlayaraq Əhəməni şahları öz adlarından qızıl dariklər, satraplar isə onların adından gümüş sikkələr zərb edirdilər. Əhəməni sikkələri Cənubi Azərbaycan və Gürcüstan ərazisində aşkar edilsə də, bu vaxta qədər Azərbaycan Respublikası ərazisində əhəməni sikkələrinin aşkarlanması rəsmi qeydiyyata alınmamışdır.
Y.A.Paxomovun fikrincə, Albaniya ərazisində pul dövriyyəsi e.ə. III əsrin əvvəllərində meydana çıxmışdır. Burada dövr edən pullar Makedoniyalı İskəndərin adından Suriya, Mesopotamiya və Kiçik Asiyada zərb edilmiş gümüş draxma və tetradraxmalar olmuşdur. E.ə. III əsrin sonu – II əsrin əvvəllərində Albaniyada pul-əmtəə münasibətlərinin inkişafı ilə əlaqədar olaraq sikkələrə tələbat artdığından yerli zərbxanalar fəaliyyətə başlamışdır. Yerli zərbxanalarda Makedoniyalı İskəndərin sikkələrinə oxşar gümüş sikkələr zərb edilmişdir. Bu sikkələr bədii baxımdan zəif tərtib edilmiş, sikkənin üzərində Makedoniyalı İskəndərin portreti, arxa tərəfində isə Zevsin kobud təsviri verilmişdir.[1]
Sonrakı dövrlərdə Albaniyanın pul dövriyyəsində Selevki, Frakiya, Vifiniya, Pont, Baktriya, Afina sikkələrindən də istifadə edilmişdir. E.ə. II əsrdən başlayaraq Albaniya ərazisinə pont, arşaki və roma sikkələri də daxil olmağa başlamışdır. 1897-ci ildə Gülüstanda, 1925- 1929-cu illərdə Bərdədə, 1933-ci ildə Ordubadda, 1958-ci ildə Xınıslıda, 1964-ci ildə Zəngilanda, 1966-cı ildə Qəbələdə antik dövrə aid gümüş pul dəfinələrinin aşkar edilməsi Albaniyada pul-maliyyə münasibətlərinin yüksək inkişafından xəbər verir.
III əsrdə Albaniya Sasanilər tərəfindən işğal edildikdən sonra Atropatena ilə birlikdə dörd kustakdan biri, Bahtər adlanan üçüncü şimal kustakına daxil olmuşdur. Bu dövrdə Gəncədə zərbxana fəaliyyətə başlamışdır. I Xosrovun (531-579-cı illər) dövründə Sasani imperiyasında 98 zərbxana, II Xosrovun (590-628-ci illər) dövründə isə 120 zərbxana fəaliyyət göstərmişdir. Sasani gümüş drahmalarında Gəncə zərbxanasının adı GİZ – CANZA monoqramması şəklində verilmişdir. Bu monoqrammaya sasani şahları Firuzun (459-484-ci illər), Valaksın (484-488-ci illər), Qubadın (488-531-ci illər), I Xosrovun (531-579-cı illər), II Xosrov Pərvizin (590-628-ci illər) gümüş draxmalarında da rast gəlinmişdir [2].
Hal- hazırda Milli Azərbaycan Tarixi Muzeyində Sasani hökmdarı II Xosrov Pərvizin (590-628-ci illər) adından Gəncədə zərb edilmiş sikkə qorunur. Sikkənin aversində II Xosrovun surəti, reversində atəşpərəst məbədinin təsviri verilmişdir. Şəklin ətrafında Gəncə zərbxanasının monoqrammı zərb edilmişdir.
VII əsrin ortalarında ərəblər Sasani imperiyasının varlığına son qoymuş və Albaniyanı özlərindən asılı vəziyyətə salmışdılar. Bu dövrdə Albaniyanın digər şəhərləri kimi Gəncə də ərəb sərkərdələrinin nəzarətində olmuşdur. C.Volkerin fikrincə, h. 40-cı ildə (660-cı il) ərəb sərkərdəsi Abdullah ibn Əmir Gəncədə sikkə kəsdirmişdir. [3]
Professor M.Ə.Seyfəddininin fikrincə, Əməvilər dövründə Cənubi Qafqazda 8 zərbxana fəaliyyət göstərmişdir. Bu dövrdə Gəncə zərbxanasında II Xosrovun sikkə tipləri əsasında sasani-ərəb dirhəmləri zərb edilmişdir. Bu tip sikkələr h. 77-ci il (696- cı il) Əməvi xəlifəsi Əbd əl-Məlik Mərvanın pul islahatına qədər zərb olunmuşdur. İslahata görə, pul dövriyyəsinə yeni sikkə nümunələri- qızıl dinar, gümüş dirhəm, mis-fuluslar buraxılmışdır. Sikkəllərin üzərində müsəlman simvolu, Quran ayələri, zərbxananın adı, dörd Raşidi xəlifəsinin adı, hökmdar, vəliəhd və canisinin adı, zərb tarixi verilmişdir. İslam dini sikkələr üzərində insan və heyvan təsvirlərinə qadağan qoymuşdur.
Əməvi dinarları 87,9 əyyarla, 1 misqal (4,265 qr.) çəki ilə qızıldan, dirhəmlər 2,98 q.cəki ilə gümüşdən zərb edilirdi. Yeddi misqal gümüşdən 10 dirhəm zərb edilirdi (7x4,26:10=2,98). Qızılın gümüşə nisbəti 1:10 idi, bir dinar 15 dirhəmə bərabər idi. Mis sikkələr-fuluslar (fels) 2-3 q. cəki ilə zərb edilirdi.
Hal-hazırda Rusiya Dövlət Ermitaj muzeyinin numizmatika fondunda h. 94-cü ildə (712-713-cü illər) xəlifə I Validin adından Gəncədə zərb edilmiş gümüş dirhəm qorunur (İnv. № 237, c = 1,1 qr., d = 27 mm.). Avers: Kufi xətti ilə – "Allahdan başqa Allah yoxdur". Simvolun ətrafında: "Gəncə, 94-cü il" sözləri zərb edilib. Revers: Quranın 112-ci (İxlas) surəsinin 1-4 ayələrindən: "Doğulmaz və heç kim Ona tay ola bilməz" sözləri yazılıb.
Abbasilər dövründə Arran canişinləri xəlifənin adını göstərməklə öz adlarından sikkələr zərb etdirmişlər. Xilafətin zəiflədiyi dövrdə Arrana başçılıq edən ərəb canişini Məhəmməd ibn Yəzid 859-cu ildə öz iqamətgahını Bərdədən Gəncəyə köçürmüş və Gəncədə öz adına gümüş dirhəmlər kəsdirmişdir. Bir müddət sonra Məzyədilər Sacilərin təzyiqi ilə Gəncəni tərk etmiş və öz iqamətgahlarını Şirvana köçürmüşdülər.
X əsrin ortalarında Gəncə şəhəri Salarilərin və Şəddadilərin hakimiyyəti altına düşmüşdür. Şəddadilər Gəncəni paytaxt seçərək onun ətrafında möhkəm qala divarı və dəmir qapı inşa etdirmiş, saraylar, məscidlər, karvansaralar, hamamlar, mədrəsələr, dükanlar və s. tikdirmişlər. Bu dövrdə Gəncə zərbxanasında Şəddadi hökmdarlarının adından gümüş dirhəmlər zərb edilmişdir. MATM- də Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin (986-1035-ci illər) h 404-cü ildə Gəncədə zərb etdirdiyi gümüş dirhəm qorunur (İnv № 51001, c = 4, 2 qr). Avers: Dörd sətirdən ibarət müsəlman simvolu və "əl-Qadir billah" sözləri verilib. Simvolun ətrafında: 404 h. i. sözü yazılıb. Revers: – "Allahdan başqa Allah yoxdur, Məhəmməd Allahın rəsuludur/ xoşbəxt əmir əl-Mansur Fəzl ibn Məhəmməd Şəddadi" sözləri qeyd edilib.
Həmin muzeydə Əli ibn Musa əl-Ləşkərin (1035-1049-cu il) adından Gəncədə zərb edilmiş gümüş dirhəm qorunur (İnv. № 51128, c = 5,2 qr.). Avers: müsəlman simvolu və " əl-Kaim bi-əmr-İllah" sözləri verilib. Sikkənin çərçivəsinin ətrafında: "Gəncə zərbi, 425-ci il"- sözləri zərb edilib. Revers: – "Məhəmməd Allahın rəsuludur, əmir-əzəm Əli ibn Musa əl-Ləşkəri". Çərçivənin ətrafında Quranın IX Tövbə surəsinin 33-cü ayəsi verilib.
MATM-də Şavur ibn Nəsrin (1049-1067-ci illər) h. 443-cü ildə Gəncədə zərb etdirdiyi gümüş dirhəm qorunur (İnv. № 51129, c = 5,7 qr.). Avers: Çərçivənin içərisində müsəlman simvolu və "əl-Kaim bi-əmr-İllah" sözləri, onun ətrafında Quranın IX surəsinin 3-cü ayəsi zərb edilib. Revers: "Şavur ibn Nəsr, əl-əzəm" sözləri yazılıb.
X əsrdə gümüş böhranı ilə əlaqədar olaraq sikkələrdə gümüşün əyyarı azalır, xəlitənin hesabına sikkələrin çəkisi və ölçüsü artırdı. Bu hal özünü Gəncə dirhəmlərində də göstərirdi. Əgər Fəzl ibn Məhəmmədin gümüş dirhəmlərində 40 % gümüş var idisə, Əbüləsvar Şavurun sikkələrində bu 10 % təşkil edirdi.
XI əsrdə Səlcuqlar Şəddadilər dövlətini süquta uğradıb Gəncəni işğal etdikdən sonra şəhər Səlcuq canişinlərinin inzibati mərkəzinə çevrilmiş və Gəncə zərbxanasında səlcuq sultanlarının adından müxtəlif növlü sikkələr zərb edilmişdir. Səlcuq imperiyası zəiflədiyi dövrdə Gəncə İraq Səlcuq sultanlığının tərkibinə daxil olmuşdur. Səlcuq sultanı Məlikşahın oğlu Məhəmməd Azərbaycan, Gürcüstan və Ermənistanın hakimi olmuş və Gəncəni özünə iqamətgah seçmişdir [12, s. 70]. XII əsrin 30-40-cı illərində Gəncə sultan Məsudun (1134-1153-cü illər) varisi əmir Davudun əmir əl-ümərası və atabəyi olan Qara Sunqurun (1134-1141-ci illər) iqamətgahına cevirilmişdir.
1139-cu ildə Gəncədə baş vermiş güclü zəlzələ zamanı şəhər böyük dağıntılara məruz qalmışdır. Bundan istifadə edən gürcü çarı I Demetre Gəncəyə hücum edərək şəhəri qarət ertmişdir. Səlcuq canişini Qara Sunqur Gəncəni gürcülərdən təmizləyərək şəhəri bərpa etməyə başlamışdır.
MATM-də Aranın başçılıq etmiş səlcuq canişini Qara Sunqurun adından h. 534-cü il (1139-cu il) Gəncədə zərb edilmiş mis dirhəmi qorunur (İnv. № 51217, c = 6,0 qr.). Avers: "Əl-Muktafi, əl-sultan, əl-əzəm, Səncər" Ətrafda: "Gəncə 534-cü il". Revers: "Billah, əl-sultan, əl-müəzzəm, Məsud malik əl-üməra Qara Sunqur".
Qara Sunqurun ölümündən sonra Gəncə Atabəy Şəmsəddin Eldənizin hakimiyyəti altına keçmiş və onun oğlu Qızıl Arslanın iqamətgahına çevrilmişdir. Bu dövrdən başlayaraq Gəncə zərbxanasında Atabəy Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Əbubəkr və Özbəyin adından mis dirhəm və fuluslar zərb edilmişdir. Mis sikkələr iki tipdə- mis dirhəm və mis fulus şəklində zərb olunmuşdur. Mis dirhəmlər düzgün zərblə, üzərində "dirhəm", "sim" (gümüş) sözləri vurulmaqla, məcburi kursla tədavülə buraxılmışdır. Mis fuluslar düzgün olmayan zərblə kəsilmişdir. Sikkələrin üzərində Abbasi xəlifələrinin, İraq Səlcuq sultanlarının və Eldəniz atabəylərinin adları zərb edilmişdir.
1225-ci ildə Xarəzmşah Məhəmməd Mənkuburunun oğlu Cəlal əd-Din Azərbaycanı işğal edərək Atabəylər dövlətin varlığına son qoymuş, Gəncəni iqamətgah seçərək burada öz adından pul kəsdirmişdir. Onun mis dirhəmləri 15,5 – 17,0 qr çəki ilə zərb edilmişdir. Bu sikkələr 1231-ci ildə monqolların Azərbaycanı işğal etməsinə qədər buraxılmışdır. Monqol işğalları gümüş böhranına son qoymuş, 1231-ci ildən başlayaraq Azərbaycan zərbxanalarında monqol xaqanlarının adından gümüş dirhəm və mis fuluslar zərb edilməyə başlanmışdır. Sikkələrin aversində "Kaan əl-adil", "Uluq Manqıl", reversində müsəlman simvolu verilmişdir.
Bu dövrdə də Gəncə monqol canişininin iqamətgahına çevrilmişdir. Gəncə zərbxanasında "Ali monqol ulus bəyinin" adından gümüş sikkə zərb edilirdi. MATM-da h. 642-ci ildə (1245-1246-cı illər) Gəncədə zərb edilmiş gümüş sikkə qorunur (İnv. № 5446, c = 2,5 qr.). Avers: Müsəlman simvolu, "Gəncə 642 h." sözləri zərb edilib. Revers: Əlində ox tutmuş süvari, onun üzərində isə "Ali monqol ulus bəyi" sözləri yazılıb.
1256-cı ildə Azərbaycan Hülakü xan tərəfindən işğal edilib Elxanilər dövlətinin tərkibinə qatılmışdır. Bu dövrdən başlayaraq Gəncə zərbxanasında Hülakü xan, Abaqa xan, Əhməd Tekudər xan, Qazan xan, Olcaytu Məhəmməd sultan, Əbu Səid və b. adından gümüş və mis sikkələr zərb edilmişdir. Sikkələr yuxarı (900) əyyarla zərb olunmuşdur. XIV əsrin ortalarında Azərbaycan torpaqları Cəlairilər dövlətinin tərkibinə daxil olmuşdur. Gəncə zərbxanasında Cəlairi hökmdarları Həsən Buzurq, Şeyx Üveys, Sultan Hüseyn və Sultan Əhmədin adından gümüş dirhəm və mis fuluslar kəsilmişdir. Cəlairi sikkələrinin zərbi, fasilələrlə 1410-cu ilə qədər buraxılmışdır.
XIV əsrin sonlarında Azərbaycan Qızıl Ordu dövlətinin başçısı Toxtamış xan və Türküstan-Mavəraunnəhr hakimi Əmir Teymurun hücumlarına məruz qalmışdır. İki fateh arasında gedən mübarizədə Əmir Teymur qalib gələrək öz oğlu Miranşahı Azərbaycanın hakimi təyin etmişdir. 1386-cı ildən başlayaraq Azərbaycan zərbxanalarında Əmir Teymur və Soyurqatmış xanın adından gümüş dirhəmlər zərb edilməyə başlanmışdır. Dirhəmlər Cəlairilər dövlətinin pul-çəki sistemi ilə zərb edilmişdir. XV əsrin əvvəllərində Azərbaycanın pul dövriyyəsinə Cağatay pul sistemindən yeni sikkə vahidləri – təngə və miri nominalları daxil olmuşdur.
1402-ci ildən başlayaraq Gəncə zərbxanasından Əmir Teymur, onun varisi sultan Məhəmməd və Cağatay hakimi sultan Mahmud ibn Soyurqatmışın adından təngə, miri və dirhəmlər zərb edilmişdir. Əmir Teymurun ölümündən sonra onun imperiyası dağılmış, Cəlairi hökmdarı sultan Əhməd və Qaraqoyunlu tayfa birliyinin başçısı Qara Yusif teymuriləri Azərbaycandan qovub çıxarmışdır. Bu dövrdə Gəncə Yar Əhməd Qaraman tərəfindən idarə olunmuşdur. Sultan Əhmədin hakimiyyətə dönüşü ilə Gəncə zərbxanası onun adından sikkə zərbini yenidən bərpa etdirmişdir. Bu sikkələr Cağatay pul-çəki sistemi ilə zərb edilmişdir.
1410-cu ildən başlayaraq Gəncə Qaraqoyunlu dövlətinin tərkibinə daxil olmuşdur. Bu dövrdən başlayaraq 1468-ci ilə qədər Gəncə zərbxanasında Qaraqoyunlu hökmdarları Qara Yusif, Pir Budaq, Qara İskəndər, Əbu Səid, Cahanşahın adından təngə və dirhəmlər zərb edilmişdir. Qaraqoyunlu dövlətinin süqutundan sonra Gəncə zərbxanasında Ağqoyunlu hökmdarlarının adından gümüş təngə və dirhəmlər kəsilmişdir.
XVI əsrin əvvəllərində Gəncə Səfəvilər dövlətinin tərkibinə daxil olmuş, bir az sonra Qarabağ bəylərbəyliyinin mərkəzinə çevrilmişdir. Bu dövrdə Gəncə zərbxanasında yeni tip sikkələr tədavülə buraxılmışdır.
MATM-in numizmatika fondunda I İsmayılın (1500-1501-ci illər) adından h. 916-cı ildə (1510-1511-ci illər) Gəncədə zərb edilmiş ikiqat gümüş şahi qorunur.
Avers: Sikkənin mərkəzində, dairəvi çərçivədə " La ilahə illəllah, Məhəmməd rəsul Allah,Əli vəliüllah / 916". Dairənin ətrafında altı ellips formalı seqmentdə on iki imamın adı verilib.
Revers: Dörd guşəli cərcivənin daxilində " Şah / İsmayıl / Gəncə zərbi. " cərcivənin ətrafında " Sultan əl- adil / sultan əl- kamil / sultan müzəffər / sultan əl-aləm" sözləri zərb edilib.
Yeni sikkələrin aversində şiə dini simvolu, on iki imamın adı, reversində şahın adı, epitetləri, "əl-həmd Allah" sözləri, zərbxananın adı və zərb tarixi zərb edilirdi. Səfəvi şahı I Abbasın (1587-1628-ci illər) hakimiyyəti illərində Səfəvilər dövlətində pul islahatı keçirilmiş və pul dövriyyəsinə "Abbasi", "Mahmudi", "Şahi", "Bisti" adlı gümüş pul nominalları buraxılmışdır. I Abbasın hakimiyyəti dövründə abbasinın çəkisi 9,15 qr. olduğu halda, I Süleymanın dövründə (1667-1694-cü illər) abbasi 7,22 qr. qədər azalmışdır. MATM-də I Abbasın adindan h. 996-cı ildə (1587-1588-ci illər) Gəncədə zərb edilmiş gümüş abbasi qorunur. (İnv. № 8345., c=7.51 qr.) Avers: Düzxəttli, nöqtəvari və yarpaqvari çərçivənindaxilində " La İlahə illəllah, Məhəmməd rəsul Allah, Əli vəliüllüh." onun ətrafında isə on iki imamın adı verilib.
Revers: Çərçivənin daxilində " Allah onun hakimiyyətini daimi etsin / şah Abbas / Gəncə zərbi " sözləri verilib. XVII əsrin sonunda Səfəvilər dövləti ağır iqtisadi böhran keçirdiyi üçün dövriyyədə olan Səfəvi gümüş pullarının əyyarı korlanaraq, mis pullara çevrilmiş və dövriyyədən çıxmışdır.
Səfəvi şahı I Sultan Hüseynin (1694-1722-ci illər) hakimiyyəti illərində Səfəvilər dövlətində yüksək əyyarlı gümüş sikkələr buraxılmışdır. Sikkələrin orta çəkisi 8,65 qr. olmuşdur. Bu tip sikkələrin çəkisi II Təhmasib(1722-1732-çi illər) və III Abbasın (1733-1736-çıillər) hakimiyyəti illərində bir qədər aşağı düşür ki bu da, ölkədə baş verən siyasi və iqtisadi böhranla əlaqədar idi. Səfəvi-osmanlı müharibələri zamanı türklər tərəfindən işğal edilmiş Gənçədə osmanlı sikkələri – beşliklər və onluqlar zərb edilirdi. 1736-cı ildə Nadir xan Əfşar Suqovuşanda özünü şah elan edərək Səfəvilər dövlətinin varlığına son qoymuş. Bu dövrdən başlayaraq Gəncə zərbxanası Nadir şahın adından gümüş "Nadiri" sikkəsi zərb etməyə başlayır. Nadir şahın Mərkəzi Asiyaya və Hindistana yürüşündən sonra Azərbayçanın pul dövriyyəsinə yeni pul vahidi " rupi "daxil olur. Gümüş rupinin çəkisi 11,5 qr. idi və hər birinin çəkisi 5,37 qr. olan iki gümüş abbasiyə bərabər idi. Bu dövrdə Azərbaycan zərbxanaları, o cümlədən Gəncə zərbxanası Nadir şahın Hindistana yürüşünün şərəfinə çəkisi 17,5 qr. olan mis fuluslar zərb etməyə başlayır. Üzərində fil təsviri olan mis sikkələri professor Y.A.Paxomov Gəncə zərbxanasına aid edir. Bu tip sikkələrə son zamanlar Gəncə, Şamaxı və Ağsu ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı daha çox rast gəlinir.
Ağsu tarix və diyarşünasliğıq muzeyində belə bir necə fulus qorunur. (İnv.№ 4., c=17,34 qr., d=26,0-27,0 mm.). Avers: Nöqtəvari və düzxəttli çərçivənin daxilində, üzü sağa baxan fil, onun üzərində isə əlində əsa tutmuş insan təsvir edilib. Revers: Nüqtəvari və düzxəttli çərçivənin daxilində " zərb / fulus "sözləri verilib.
Nadirin ölümüdən sonra 1773-cü ilə qədər Gəncə zərbxanasında Adil şah, Şahrux və İbrahim şahın adından sikkələr kəsilmişdir. 1773-cü ildən Gəncə zərbxanasında Kərim xan Zəndin və III Təhmasibin adından sikkələr zərb edilmişdir. Sikkəllərin üzərində "Ya Kərim" sözləri zərb olunmuşdur.
XVIII əsrin ortalarında Azərbaycan ərazisində yaranmış xanlıqlardan biri də Gəncə xanlığı olmuşdur. Xanlığın əsasını Qacar tayfasının Ziyadoğullar nəslinin nümayəndəsi II Şahverdi xan (1747-1760-cı illər) qoymuşdur. II Şahverdi xanın hakimiyyəti illərində Gəncə zərbxanasında Nadir şahın gümüş sikkələrinə bənzər anonim pullar kəsilmişdir. MATM-da h. 1188-ci il (1774- ci il) Gəncədə zərb edilmiş anonim gümüş abbası qorunur (İnv. № 6770, ç = 3,9 qr.). Avers: Fars dilində – "Zamanın sahibi, İmam sikkəsi, qızılı gümüşə, gümüşü aya çevirdi". Revers: "Gəncə zərbi, 1188", dairənin üzərində "Ya Kərim" sözləri zərb edilib.
Bəzi sikkələrdə "Ya sahib əz-Zaman" şüarı zərb edilmişdir. Bu tip sikkələr 1785-ci ilə qədər buraxılmışdır. Sikkələrin orta çəkisi 3,89 qr. olmuşdur.
1794-cü ildən başlayaraq Gəncə zərbxanası yeni tip sikkələrin zərbinə başlayır və sikkənin aversində – "Ya Əli Vəli Allah" sözləri zərb edilirdi.
1796-cı ildən başlayaraq Ağa Məhəmməd şah Qacarın Azərbaycana hücumu ilə Gəncə sikkələrinin üzərində "Ya Məhəmməd" sözləri zərb edilməyə başlamışdır.
MATM-da h. 1213-cü il (1799-cu il) Gəncədə zərb edilmiş gümüş 3 abbası qorunur (İnv. № 45610, ç = 12,2 qr). Avers: – "Ya Əli Vəli Allah", Revers: Dairəvi çərçivənin içərisində "Gəncə zərbi, 1213", dairənin çölündə "Ya Məhəmməd" sözləri zərb edilib. 1804-ci il yanvarın 3-də Gəncə rus ordusunun hücumuna məruz qalmışdır. Qeyri bərabər döyüşdə Cavad xan və onun oğlu Hüseynqulu ağa qəhrəmancasına həlak olmuşdur. Ruslar şəhər müdafiəçilərinin müqavimətini qıraraq Gəncəni ələ keçirmiş, əhaliyə divan tutmuşdular. General P.D.Sisianovun təşəbbüsü ilə Gəncənin adı dəyişdirilərək I Aleksandrın (1801-1825-cı illər) arvadının şərəfinə Yelizavetpol adlandırmışdır [12,s.185; 17,s.105; 19,s.132]. Bu dövrdən başlayaraq Gəncə zərbxanası da öz fəaliyyətini dayandırmışdır.
Ədəbiyyat
Qurani- Kərim.
Yaqut əl-Həməvi. Mücam əl-buldan. Bakı, 1983
Həmdullah Qəzvini. Nüzhət əl-qülub. Bakı, 1983
Əbdürrəşid əl-Bakuvi. "Təlxis əl-asar və əcaibəl-məlik əl-qəhhar" Bakı,1992.
Мирхонд. Роузат ас-сафа Лукнов, 1904.
Əhməd ibn Lütfüllah Münəccimbaşı. "Kitabi cami əd-düval".
Геродот. История. Лен. 1972
Пахомов Е.А. Монеты Азербайджана. Вып. I Баку, 1959
Раджабли А.М. Нумизматика Азербайджана. Баку, 1997
Сейфеддини М.А. Нумизматика Азербайджана I – III т. Баку, 1997-2000.
Сейфеддини М.А. Монетное дело и денежное обращение в Азербайджане XII – XV вв., Баку, 1981
Бакыханов А.К. Гюлиста-и Ирам. Баку, Элм, 1991, 304 с.
Джафарзаде И.М. Историко-археологический очерк Старой Гянджи. Баку,1949.
Ахмедов Р.Дж. Гянджа средневековья. Баку,1988.
Альтман М.М. К истории Гянджи раннего средневековья. Изв.АН Аз ССР, 1947, №1.
Wolker G. Cataloq. ab.the muham.Coinsis the British museum, vol. I. London, 1967.
İsmayılov Rəşid Bəy. Azərbaycan tarixi. Bakı. Azərnəşr, 1993. 163 s.
Vəliyev Məhəmməd Həsən (Baharlı). Azərbaycan. Bakı. Azərnəşr, 1993, 192 s.
Qarabaği Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Bakı.Yazıçı. 1989.
Quliyev A.A. Ağsu şəhəri orta əsrlərdə. Bakı.2010.
Tarix: 19.03.2013 / 21:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 559 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari