Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sədr

Sədr – Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Qiyasəddin Məhəmməd bin Əmir Yusifi vilayət sədrinə nümunə olaraq göstərmək olar. I Şah İsmayıl hicri 916 (1510)-cı ildə Xorasanı tutduqdan sonra Əmir Qiyasəddini "şəriətin bütün işlərində vahid və müstəqil hakimiyyətlə" Xorasana qazi təyin etdi. Hicri 922 (1516)-ci ildə Təhmasib Mirzə Xorasan hakimi təyin edilərək oraya göndəriləndə, onun lələsi olan Əmir sultan (Əmir xan Türkman) əməli hakim oldu. Əmir Qiyasəddin isə şahzadəyə sədr təyin edildi.

Sədr dini idarəyə rəhbərlik edir və antifeodal bidətçi hərəkatların qarşısının alınmasıkökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı. İskəndər bəy Münşi ilk Səfəvilər dövründə sədrin aşağıdakı vəzifələrini göstərirdi: "Onlar seyidlərə və əmmaməlilərə himayə göstərməli və onların işlərində nümayəndələr kimi fəaliyyət göstərməlidirlər (yəni onların mənafeyini müdafiə etməlidirlər); vəqfləri (övqaf) idarə etməli və şəriət məqsədləri (məarif) üçün pul verməlidirlər"55. Sədr vəzifəsi və onun vəzifələri ilk dəfə Səfəvilərdə meydana gəlməmişdir. Teymurilər dövründə, Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti zamanı da biz sədrlərə təsadüf edirik56. Səfəvilər dövründə ilk sədr Mövlana Şəmsəddin Lahici (Gilani) olmuşdur. İsmayıl Lahicanda, Kərkiya Mirzə Əlinin sarayında olanda Mövlana Şəmsəddin İsmayılın tərbiyəçisi olmuşdur. İsmayıl Quranı onun yanında öyrənmiş, habelə fars və ərəb dillərini mənimsəmişdi57. O, hicri 906 (1501)-cı ildə sədr təyin olunmuş, "vilayətlərin vəqf idarələrini (mövqufat-i məmalik) əlinə alaraq, inam sığınacağının qapılarını açmışdır".

Hicri 909 (1503-1504)-cu ildə Qazi Məhəmməd Kaşani "sədarət"liyə irəli çəkildi. Lakin o, hicri 915 (1509-1510)-ci ildə günahsız adamların öldürülməsində və digər qəbahət işlərdə təqsirləndirilərək edam edildi. Xondəmirin hekayəsindən göründüyü kimi, Qazi Məhəmməd Kaşaninin edam edilməsinə sədrin həddən çox nüfuzuna paxıllıq edən və onun dövlətin bütün işlərinə qarışmasından narazı qalan vəkil Nəcməddin Məsudun fitnə-fəsadları səbəb olmuşdu. Sədr vəzifəsi əmir Seyid Şərifəddin Əli Şiraziyə verildi. Lakin çox keçməmiş, hicri 917 (1511-1512)-ci ildə vəkil Nəcmi Saninin düşməncəsinə münasibəti üzündən, o, istefaya çıxmağa məcbur oldu və şiələrin müqəddəs yerləri olan Kərbəlanı, Nəcəfi ziyarət etmək bəhanəsiilə sarayı tərk etdi. Boş qalmış vəzifəyə Nemətulla Kirmaninin nəslindən olan Əmir Nizaməddin Əbdülbaqi Yəzdi təyin olundu. Xondəmir yazırdı: "Əmir Nəcmin (ona) böyük iltifatı sayəsində onun mənsəb və ləyaqət ulduzu xoşbəxtlik və səadətin yüksək zirvəsinə çatdı". Mavəraünnəhrə yürüşə yola düşərkən Nəcmi-Sani onu özünə vəkil vəzifəsində müavin təyin etmişdi. Nəcmin ölüm xəbərini alan kimi, Şah İsmayıl əmir Nizaməddini rəsmi olaraq vəkil kimi tanıdı. Bu zaman sədr vəzifəsinə bərpa edilmiş Əmir Şərifəddin Əli Şirazi yenidən sarayda peyda oldu63 Hər ikisi (vəkil və sədr) Çaldıran vuruşmasında hicri 920 (1514)-ci il64 həlak olana qədər öz vəzifələrində qaldılar.

Çaldıran döyüşündən sonra vəkil və sədr vəzifələri boş qaldı. Əvvəlcə sədr təyin edilən, Azərbaycanın tanınmış seyidlərindən olan Şəhabəddin Abdulla Lalə öz vəzifəsinin öhdəsindən gələ bilmədi və tezliklə işdən kənar edildi. Əmir Cəmaləddinh Məhəmməd Astrabadi bu vəzifəyə təsdiq olundu65 O, "böyük hakimiyyət və qüvvə" sahibinə çevrildi və 11 il ərzində – hicri 931 (1524-1525)-ci ildə vəfat edənədək sədr vəzifəsini yerinə yetirdi. Vəkil Mirzə Şah Hüseyn ona həsəd aparır və ondan qorxurdu. Buna görə də, Əmir Qiyasəddin Mənsuru saraya çağırdı ki, o, sədr vəzifəsini Cəmaləddin Astrabadi ilə bölüşdürsün. Lakin bu kələkdən nəticə hasil olmadı.

Həsən bəy Rumlunun məlumatına görə, hicri 935 (1528-1529)-ci ildə "I Şah Təhmasib Əmir Nemətulla Hillini Əmir Qəvaməddin Hüseynlə birgə sədarət vəzifəsinə qoydu". Lakin elə həmin tarixçi yazır ki, çox keçmədən, sonrakı hicri 936 (1529-1530)-cı ildə Əmir Nemətulla Hilli ilə birgə Əmir Qiyasəddin Mənsur da sədr təyin olundu O dövrdə tanınmış astronom olan əmir Qiyasəddin Mənsur hicri 938 (1531-1532)- ci ildə vəzifədən azad edildi. Onun yerinə əmir Müizzəddin Məhəmməd İsfahani təyin olundu. Sonuncu hicri 943 (1536-1537)-cü ildə vəzifədən kənar olundu, Əmir Şəmsəddin Əsədulla Məraşi Şüştəri) ilə əvəz edildi. O vəfat edəndən, yəni hicri 963 (1555-1556)-cü ilədək öz vəzifəsini yerinə yetirdi. Onun yerini Mir Zeynəddin Seyid Əli tutdu. Qəffarininməlumatına görə, hicri 964 (1556-1557)-cü ildə keçmiş sədr Müizzəddin Məhəmmədin oğlu Mir Təqiəddin sədr təyin olundu. Əmir Təqiəddin sədr vəzifəsini hicri 970 (1562-1563)-ci ildə tərk etdi. Həsən bəy Rumlunun məlumatlarına görə, sədarət Əmir Məhəmməd Yusif və Əmir Zeynəddin Əli Şüştəri arasında bölüşdürüldü (ərazi üzrə). Salnaməçi xəbər verirdi: "Zülqədədə (iyun, iyul 1563-cü il) İraq, Fars və Xuzistanın sədarəti Astrabadın üləma seyidlərindən olan Əmir Məhəmməd Yusifə həvalə olundu. Zülhiccənin (iyul-avqust 1563-cü il) ortalarında isə Xorasan, Azərbaycan və Şirvanın sədarəti Əmir Şəmsəddin Əsədulla Məraşinin oğlu Əmir Zeynəddin Əliyə verildi". Sədr vəzifəsinə sonrakı təyinat II Şah İsmayılın dövründə rəbbi ələvvəlin 26-da (1577-ci il iyunun 13-də) Mövlana Şah İnayətulla İsfahaninin simasında oldu. Sonrakı ildə Məhəmməd Xudabəndə Mir Şəmsəddin Məhəmməd Xəbisi Kirmanini sədr təyin etdi. Mənbələrdən götürdüyümüz yuxarıdakı misallar onu təsdiq edir ki, İsmayıl və Təhmasibin şahlığı zamanı vəzir və sədr vəzifələri tez-tez iki əyan tərəfindən, eyni vaxtda yerinə yetirilirdi. Biz artıq əmin olduq ki, vəzifənin ərazi əlaməti üzrə iki şəxs arasında bölünməsi yalnız sıdarıtı deyil, həm də vəzarətə aid idi. Göstərilən iki vəzifənin maraqlı xüsusiyyətlərini qeyd edərək R.Seyvori belə hesab edirdi ki, onların ərazi üzrə bölgüsü təsadüfi, müvəqqəti idi. Həm də bu iki şəxsdən hər biri bərabər hüququlara malik olub oxşar vəzifələri yerinə yetirirdi. İngilis tədqiqatçısının fikrincə, bu, onların hakimiyyətini məhdudlaşdıprmaq məqsədilə edilirdi. Bu faktlara izah tapmağa cəhd göstərən R.Seyvori, fikrimizcə, yeganə mümkün olan fərziyyədən imtina edir. O da bundan ibarətdir ki, sədr və vəkilin ikili olması məmalik və xassə vilayətlərinin mövcudluğu (bu barədə mənbələrdə bilavasitə müvafiq göstərişə rast gəlməsək də) ilə bağlı idi. V.F.Minorski Şardenə əsaslanaraq göstərirdi ki, xassə idarəsi ilk dəfə Şah I Səfinin (1629-1642) dövründə tətbiq edilmişdi. Fikrimizcə, bu barədə aşağıdakıları yazan A.Lembton həqiqətə daha yaxındır: "Şarden dövlət və səltənət torpaqları arasında fərqin I Şah Səfinin hökmranlığına qədər məlum olmadığını qeyd edir.

Həqiqətən, onun bölgüsü I Şah Səfinin dövründə dəqiqləşmişdir. Lakin divani (dövlət) və xassə (səltənət) torpaqları arasında bir qədər geniş, daha ümumi fərq mövcud idi. Bununla belə, R.Seyvori XVI əsrdə ilk Səfəvilər dövründə dövlətin ərazisinin məmalik və xassələrə bölünməsinin mümkünlüyünü yolverilməz hesab edir. Bizə elə gəlir ki, bu mənada "Təzkirət əlmülükün" mətnində olan göstəriş çox mühümdür. Öz əsərini təqribən 1726-cı ildə bitirmiş naməlum müəllifin fikrincə, sədarət vəzifəsinin xassə və əmmaya (məmalikə) görə bölgüsü adi təcrübədən irəli gəlirdi. O yazırdı: "Bəzi hökmdarların vaxtında sədr-i xassə və əmma (vəzifələri) təkcə bir şəxsə tapşırılırdı".

Keçmişdə bu iki vəzifənin (sədr-i xassə, sədr-i əmma) bəzən bir şəxsin simasında birləşdirilməsinə dair sitat gətiddiyimiz göstəriş, nəzərdən keçirilən və Səfəvilər dövlətinin bütün tədqiqatçılarının sərfnəzər etdikləri məsələni aydınlaşdırmağa da kömək edir. Əks təqdirdə, əgər onların arasında vəzifə bölgüsü yox idisə, bu vəzifəyə iki şəxsin təyin olunmasını nə ilə izah etmək olardı. R.Seyvorinin iddia etdiyi kimi, iki sədrin, iki vəzirin Səfəvilər dövlətinin bütün ərazisində bərabər hüquqlarla, eyni vəzifələri yerinə yetirdiyini söyləmək məntiqi cəhətdən ağlasığmazdır. Deməli, vəzifə bölgüsü olmalı idi və bu bölgünün dövlət, şah vilayətləri əlamətləri üzrə olmadığını söyləmək üçün əlimizdə əsaslar yoxdur.


Tarix: 12.02.2015 / 18:56 Müəllif: Feriska Baxılıb: 384 Bölmə: Ümumi
loading...