beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan ilk dəfə xərçəng olduğunu eşidəndə…

İnsan həyatında böyük dəyişikliklərə səbəb olan xəstəliklər arasında xərçəng ilk yerlərdən birini tutur. Xərçəng diaqnozu qoyulan xəstənin həm fiziki, həm də psixoloji vəziyyətində çətin bir dövr başlanır. Diaqnoz qoyulmuş xəstənin xəstəliyə yüklədiyi anlam, xəstəliyin özündən xeyli irəliyə keçmiş olur. Xəstəyə dərman terapiyası ilə yanaşı, psixoloji dəstək də çox vacibdir. Xəstəlik tibbi-fizioloji xəstəlik olduğu qədər, ruhi və psixo-sosial mexanizmləri də olan bir xəstəlikdir. Xəstə yaranan vəziyyətlə bağlı bir böhran yaşayır, amma onu bu böhrandan çıxarmaq mümkündür. Xərçəng diaqnozu ilə bərabər baş verən ruhi periodlar bu şəkildə sıralanır:
Xərçəng xəstəliyi. ŞOKÖNCƏ ŞOK YAŞAYIR
Vəziyyətini öyrənən xəstə şok keçirir. Ətrafda bu cür hallarla çox rastlaşsa da, o özündə yaranan problemi qəbul etməkdə çətinlik çəkir. Öz bədəninə yadlaşmağa, ögeyləşməyə başlayır, gələcəklə bağlı bütün planları alt-üst olur. Gerçəyi şüurlu olaraq qəbul etmək istəmir, əksər hallarda inkar edir. Psixoloji müdafiə mexanizmlərindən istifadə edir. Sanki kənardan deyilənləri duymur, gerçəyi qəbul edə bilmir. Bəlkə diaqnoz yanlışdır deyə, başqa həkimlərin də qəbulunda olmaq istəyir.
REAKSİYA VERİR
Şok yaşayan insan zamanla bunu qəbul edir. Artıq baş verənləri duyğuları ilə ifadə etməyə başlayır. Bu müddətə reaksiya mərhələsi deyilir. İnsan yoxluq, ayrılıq, ölüm düşüncələri ilə və bədəninə ögeyləşmə duyğuları ilə qarşı-qarşıya qalır. Xərçəng olduğunu bildiyi halda bunu ağzına almaqdan çəkinir. Bu dövrdə müalicə həkimlərinə, ailə üzvlərinə qarşı əsəbilik yaranır. “Niyə mən?”, “Niyə mənim başıma gəldi?” sualları ilə tez-tez özünü, xəstəliyini, vəziyyətini sorğu-sual edir və cavab tapmağa çalışır.
MÜQAVİMƏT GÖSTƏRMƏYƏ BAŞLAYIR
Üçüncü mərhələ müqavımət mərhələsidir. Bu mərhələ müalicədə aktiv müddətin başa çatması, xəstənin yeni vəziyyətə adaptasiya olmağa çalışması müddətini ifadə edir. Ölümə bu cür yaxınlaşmaq, həyata baxış, anlam, bundan sonrakı həyatı necə dəyərləndirəcəyi ilə bağlı mövzular gündəmə gəlir. Tez-tez analizlər vermək, müayinələrə getmək, bədənində yeni baş verən hər şeyi xəstəliklə əlaqələndirmək daim zehnini məşğul edir, qayğılarını daha da artırır.
GERÇƏYİ QƏBUL EDİR
Bu mərhələdə insan artıq gerçəyi qəbul edir, bütün enerjisini və ruhi gücünü yeni həyat tərzinə uyğunlaşdırmağa çalışır. Sanki bu vəziyyətinə uyğunlaşır, xəstəliyi ilə birgə yaşamağı öyrənir. Bu mərhələdə insan həyatını, keçmişini, gələcəyini, var oluşunu yenidən gözdən keçirməyə başlayır, bir yandan da kim olduğunu, həyatının məqsədləri və seçimlərini sorğulayır.
PSİXOLOJİ DƏSTƏK NƏ ÜÇÜN LAZIMDIR?
Xərçəng xəstəsinə psixoloji dəstəkXəstənin davranışında baş verən dəyişiklikləri aradan qaldırmaq, həyatını daha maraqlı etmək üçün aparılan fərdi terapiya və ya qrup terapiyası onun həyatını asanlaşdırıb, duyğu yükünün xəfifləməsinə yardım edir. Gündəlik həyatına və müalicəyə uygunlaşmasına, yeni yaşamı ilə aktiv şəkildə başa çıxa bilməsinə imkan yaradaraq, insanın xəstəliyi ilə birgə yaşamağı öyrənməsinə yardım edir. Xərçəng xəstələrində ən çox istifadə edilən psixoterapiya növü koqnitiv terapiyadır. Koqnitiv terapiyada düşüncə xətaları üzərində iş aparılır. Xəstənin depressiya vəziyyətinin irəliləməsinin qarşısı alınır.
DƏSTƏK DAVAMLI OLMALIDIR
Xəstəyə olan dəstəyin davamlı olmasına diqqət edilməlidir. Yalnız qalmasıyla özünü çökmüş, bitmiş hiss edə bilər. Digər vacib məqamlardan biri də xəstəyə xəstə olduğunu hiss etdirməməkdir. Xəstə olduğunu hiss etdirmək getdikcə onun hər şeydən uzaqlaşmasına, edə biləcəyi işi belə etməməsinə, getdikcə həyatdan qopmasına, soyumasına səbəb olur. Tam tərsinə çalışmaq lazımdır ki, insan bacara bildiyi qədər, özünü çətinə salmadan gün ərzində bacardığı işlərlə məşğul olsun. Bu bir növ məşğuliyyət terapiyasıdır.
Xərçəng xəstələriylə mənəvi söhbətlərin aparılması psixo-sosial yardıma böyük dəstəkdir. Dini inancları olan, Allaha inanan insanlar inanclarına söykənərək başına gələnləri üsyankarlıqla deyil, səbrlə qarşılamağa çalışır. Necə olsa hər insanın həyatında belə halların yaşanacagına, bunun bir imtahan olduğuna inanır.
Bu xəstələr yaşadığı ağrılar və psixoloji gərginlik səbəbiylə ailəsində və yaxın ətrafında olan insanlara əziyyət verə bilər. Amma bunu daha səbrlə qarşılamağınız, onlardan inciməməniz də bir dəstək növüdür. Xəstə özü də bunu anlayır.


Tarix: 26.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 146 Bölmə: Xərçəng