beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qalxanabənzər vəzin xərçəngi

Qalxanabənzər vəzin xərçəngi qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. 3:1 nisbətində. Statistika göstərir ki, İsraildə hər il 500 nəfər, Amerikada isə 20000 nəfər bu xəstəliyə düçar olur. Bu xəstəlik hər yaşda meydana çıxa bilər, ən çox isə 30 yaşdan sonra olub, vaxtında effektiv müalicə edildikdə proqnozu yaxşıdır.

Xəstələrin 90 %-də qalxanabənzər vəzin xoşxassəli törəmələrinə rast gəlinir. Lakin bir qayda olaraq, vəzin xərçəngi xoşxassəli törəmələrin fonunda yaranır. Bununla endemik zonalarda qalxanabənzər vəzi xəstəlikləri və xüsusilə bu vəzi xərçənginin sayının sürətlə artmasını izah etmək olar.

Qalxanabənzər vəz xərçənginin əlamətləri:

Səsin xırıltılı olması

Boyunda ağrılar

Boyun limfa vəzilərinin böyüməsi

Udqunmada və nəfəsalmada çətinlik

Dərialtı damarların genəlməsi və dəridə "ulduzcuq"ların əmələ gəlməsi

Başlanğıc mərhələlərdə klinik simptomatika demək olar ki, nəzərə çarpmır. Nəzərə almaq lazımdır ki, əksər bədxassəli şişlər uzunmüddətli xoşxassəli xarakterli zobdan sonra yaranır. Ən ilk və obyektiv simptomlardan biri artıq mövcud olan zobun qalınlaşması və qabarıqlaşması nəzərə çarpır. Çox hallarda xəstəyə baxış zamanı qalxanabənzər vəzidə simptomsuz keçən və sürətlə inkişaf edən düyün tapılır. Sağlam vəzidə şiş mənşəli düyün adətən bir payda rast gəlinir, ən çox onun aşağı hissələrində. Nadir hallarda isə düyün boyunda əmələ gəlib, hər iki paya yayılır. Şiş başlanğıcda dairəvi, hamar və vəzin özünün toxumasına nisbətən, daha qalın konsistensiyaya malik olur. Böyüdükcə o, qabarıq olub, sərhədlərinin kəskinliyi itir, hər iki ya bir payı əhatə etmiş olur. Bütün bunlardan sonra yuxarıda göstərilən əlamətlər özünü göstərməyə başlayır.

Histoloji təsnifata görə, qalxanabənzər vəzin xərçəngi aşağıdakılara bölünür:

Qalxanabənzər vəzin papillyar ya da qarışıq-follikulyar ya da yüksəkdifferensasiyalı xərçəngi. Bu növ 78 % hallarda rast gəlinir.

Qalxanabənzər vəzin follikulyar xərçəngi, 17%-ni təşkil edib, yaşlı insanlarda daha çox rast gəlinir. Follikulyar xərçəng papillyar xərçəngə nisbətən daha aqressiv sayılır. O, qan damarlarına və daha uzaq məsafələrə yayıla bilir, əsasən də ağciyər və sümüklərə.

Vəzin medullyar xərçəngi, bütün növlərin 4%-ni təşkil edir. Bu növ erkən mərhələlərdə boyun limfa düyünlərinə, qaraciyər və beynə metastaz verir.

Qalxanabənzər vəzin anaplastik xərçəngi. Anaplastik xərçəng ən aqressiv növ olub, cəmi 1% hallarda rast gəlinir. Ən çox kişilərdə və 65 yaşından sonra rast gəlinir.

Qalxanabənzər vəz xərçənginin diaqnostika və müalicəsi

Bu xəstəliyin diaqnostikasında müxtəlif metodlar tətbiq olunur, qan analizi (əsasən, vəzin funksiyası ilə bağlı), USM, PET, MRT, izotop, biopsiya, larinqoskopiya, angioqrafiya və s. Bu diaqnostik metodlar şişin mərhələsindən, yaxın orqan və toxumalara metastaz verməsindən asılı olaraq dəyişir.

Müalicə taktikasını xərçəngin histoloji növü, aqressivlik dərəcəsi, yayılması, yaş və s. müəyyən edir. Hər bir halda müalicəyə individual yanaşılmalıdır. Diaqnoz dəqiqləşdirildikdən sonra ən müvafiq müalicə seçilir. Ən yayılmış müalicə növü qalxanabənzər vəzin bir payının və ya bütövlükdə cərrahi əməliyyat vasitəsilə götürülməsidir. Bundan başqa, radioaktiv yodla da müalicə aparılır ki, bu da şişin dağılmasına səbəb olur. Aparılan müalicələrdən sonra pasient endokrinoloqun nəzarəti altında dispanserdə nəzarətdə olmalıdır. Xəstələrə əvəzedici hormonal terapiya təyin olunur, buna görə də qanda qalxanabənzər vəzin hormonları daimi olaraq yoxlanılmalıdır.

Proqnoz prosesin mərhələsindən asılı olaraq təyin edilən müalicə növündən və şişin histoloji formasından asılıdır. Qalxanabənzər vəz xərçəngindən ölüm nadir hallarda olur. Zəif dərəcəli bədxassəli şişlərdə isə sağalma xəstələrin demək olar ki, 70-80% hallarında baş verir.


Tarix: 24.12.2014 / 16:53 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Xərçəng