beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xərçəngin müayinə üsulları

Onkoloji xəstəliklərin diaqnostikasında xəstəliyin və xəstənin həyatının anamnezinin də böyük əhəmiyyəti vardır. Yaxşı toplanmış anamnez bəzən xəstəliyin erkən mərhələlərini, habelə xərçəngqabağı vəziyyəti aşkar etməyə imkan verir.
Diaqnostika üçün xəstəliyə irsi meylliliyin də əhəmiyyəti vardır. Obyektiv yoxlamaya xəstənin müayinəsi, ələlxüsus onun limfa düyünlərinin yoxlanmasına aiddir. Şişi əllədikdə onun sərhədlərini, mütəhərrikliyini, ətrafındakı üzvlər və toxumalarla əlaqəsini, şişin ağrılı olub-olmamasını və konsistensiyasını müəyyən etmək lazımdır. Qadın cinsiyyət üzvlərinin patologiyasına və kiçik çanaq üzvlərinin şişlə ikincili zədələnməsinə yol verməmək üçün onkoloji xəstəliyi olan bütün qadınlar bimanual ginekoloji müayinədən keçirilməlidir. Bədxassəli xəstəliklərin diaqnostikasında laboratoriya tədqiqatının böyük əhəmiyyəti vardır. Çox vaxt ifrazatda (nəcis, sidik, bəlğəm) gizli qan olması xərçəng simptomudur.
Bir çox üzvlərin şişlərində rentgenoloji tədqiqat böyük rol oynayır. Rentgenoskopiya, rentgenoqrafiya və tomoqrafiya tədqiqat üzvün qatlar üzrə təsvirini almağa imkan verir, Endoskopiya metodları onkologiyada əhəmiyyətli yer tutur. Hazırda ezofaqoqastroduodenoskopiya, laparoskopiya, bronxoskopiya, rektoskopiya, sistoskospiya, kolposkopiya və s. geniş tətbiq edilir. Bu metodlar vasitəsilə şişi nəinki gözlə görmək, həmçinin ondan yaxma və yuyuntu hissəsi götürmək, habelə biopsiya keçirmək mümkün olur.

Biopsiya üçün götürülmüş material xəstənin adı, atasının adı və familiyası, anadan olduğu il, gün və ay xəstəlik tarixinin və ya ambulatoriya vərəqinin nömrəsi, toxuma tikəsinin hansı üzvdən götürüldüyü və ehtimal edilən diaqnoz göstərilməklə xəstəxanaya göndərilir. Göndərilən sənədlərin tətbiq edilməsində səhv yol verilməməlidir. Əks təqdirdə xəstənin müalicəsində ciddi nöqsanlar buraxıla bilər. Histoloji tədqiqin nəticələri isə xəstənin gələcək müalicə tədbirlərini müəyyən edir. Yoğun iynə və ya troakarla (yumşaq toxumaların və sümüklərin şişlərində) aparılan punksiya biopsiyası geniş tətbiq edilir. Bu zaman əldə edilən material sütuncuğu adi mikroskopik tədqiqatdan keçirilir. Mikroskopik tədqiqin nəticələri cərrahi müdaxilənin həcmini müəyyən edir. Məsələn, bütün süd vəzisi şişləri təcili biopsiya keçirilməklə sektoral rezeksiya edilir. Xərçəng olması təsdiq edildikdə radial mastektomiya aparılır. Bədxassəli yeni törəmələrin diaqnostikasında sitoloji tədqiq geniş tətbiq edilir. Limfa düyünlərinin, daxili üzvlərin (qaraciyər, dalaq, böyrək və s.) şişlərindən alınmış punkatlar, habelə müxtəlif sekret və ekskretlə tədqiq edilir.
Şiş yaraları səthlərinin izləri, selikli qişaların və yara səthlərinin yuyuntuları da tədqiq edilir. Punksiyalar bütün aseptika qaydalarına riayət edilməklə aparılır. Punksiya əməliyyatında əldə edilmiş materiallardan yaxma hazırlanır və bu yaxma qurudulub rəngləndikdən sonra mikroskopla tədqiq edilir.


Tarix: 24.12.2014 / 16:11 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Xərçəng