beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəri xərçəngi

Dəri xəstəliyinin ən ciddisi dəri xərçəngi dərinin epidermal mənşəli bədxassəli şişi olub, ən çox yayılan onkoloji xəstəliklərdən hesab olunur. 70 yaşa qədər insanlarda 45-50% hallarda rast gəlinir. Amerikada il ərzində milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir.

Dəri insan orqanizminin ən böyük orqanıdır. O daxili orqanların üzərini örtür ,onları zədələnməkdən qoruyur, orqan və xarici mühitin mikroorqanizmləri arasında baryer rolunu oynayır, suyun və digər mayelərin bədəndə normadan artıq çıxmasının qarşısını alır, bədən temperaturunu normallaşdırır və bədənin artıq maye və duzlardan xaric olmasına şərait yaradır. Dərinin bəzi hüceyrələri beyinlə əlaqədardır və bu da temperatur, ağrı hissi və toxunmanı hissə etməyə səbəb olur.

Dəri 3 hissədən ibarətdir: epiderma, derma və dərialtı qat. Epidermada melonosit adlanan hüceyrələr var ki, onlar da öz növbəsində qoruyucu piqment olan melanini sintez edirlər. Melaninin hesabına dəri ya sarı-qəhvəyi ya qəhvəyi rəngli olur, bu da dərinin daha dərin qatlarının günəşin ziyanlı şüalarından qoruyur. Dəri xərçəngi əmələ gəlməsinin risk faktorları aşağıdakılardır.

orqanizmin genetik meyli

ultrabənövşəyi və ionlaşdırcı şüalanma

dəri üzərinə düşən müxtəlif konserogen maddələr

tabak tüstüsünün konserogenləri

Beləliklə, əsas səbəb kimi xəstəliyin əsasında epitelin daimi fiziki və kimyəvi konserogenlərlə zədələnməsi və əlbəttə ki, irsi meyllilik də durur. Dəri xərçənginin müxtəlifliyi: indiki dövrdə dəri xərçənginin aşağıdakı formaları mövcuddur:

Bazalhüceyrəli karsinoma

Bazalhüceyrəli karsinoma və ya bazilioma, dəri karsinoidi və s. Dəri xərçəngi içərisində 75% təkcə bu növün payına düşür və uyğun olaraq da yayılmasına görə birinci yerdədir.

Bu xəstəliyə ən çox açıq dərili, açıq rəngli gözə və saça malik insanlar tutulurlar. Şiş adətən, kiçik düyün şəklində başda, boyunda və ya əllərdə əmələ gəlir. Bir qayda olaraq, bu düyün çox yavaş templə böyüyür və bir neçə ildən sonra 1 sm-ə qədər böyüyə bilər. Sonra qanaxma verir, çapıqlaşır, sağalır və hər şey yenidən təkrar olunur. Bəzən bazalhüceyləri karsinoma bədəndə qırmızı ləkələr şəklində də əmələ gələ bilər. Nadir halda metastaz verərək dəri altı toxumalara keçərək onları dağıda bilər.

Yastıhüceyrəli xərçəng- skvamoz hüceyrəli karsinoma

Bu növ karsinoma açıq dərili adamlar içərisində dəri xərçəngi üzrə ikinci ən çox yayılmış formadır. Bu forma dərinin üzərindən bir qədər hündürlükdə yerləşən və ya soyulan qırmızı ləkə şəklində olur, bəzən çox böyük ölçülərə çatır və metastaz verə bilir. Yastıhüceyrəli xərçəngin ən çox lokalizasiya olunduğu nahiyələr üz, dodaq, ağız boşluğu və qulağın sırğalıq nahiyəsidir. Vaxtında qoyulan diaqnoz və düzgün aparılmış cərrahi müalicə nəticəsində bazalhüceyrəli və yastıhüceyrəli xərçəngin sağalma şansı 95% -dir.

Melonoma

Bu xərçəng növü melanosit adlanan hüceyrələrdən inkişaf edir. Onlar embrional dövrdə dəriyə, gözə və mərkəzi sinir sisteminə miqrasiya edirlər.

Melanoma yuxarıda qeyd olunan hər iki növ xərçəngə nisbətən az rast gəlinir, lakin bu daha ciddi xəstəlik hesab olunur. Melanoma bədxassəli şişlərə aid olub, bütün dəri şişlərinin 13%-ni təşkil edir və son illərdə bu xəstəlikdən əziyyət çəkənlər sürətlə artmaqdadır. Melanoma əksər hallarda ağ dərili kişilərin bədənində və ağ dərili qadınların aşağı ətraflarında rast gəlinir. Halbuki xəstəlik hər tip dəriyə malik insanlarda və bədənin müxtəlif yerlərində rast gəlinə bilər. Tünd dərili insanlarda melanomaya tutulma riski daha azdır. Lakin tünd dərili adamların ovuclarında, dırnaqlarının altında və ayaqaltında inkişaf edə bilərlər.

Çox nadir halda melanoma orqanizmdə dəri olmayan nahiyələrdə, məsələn, göz, ağız boşluğu, uşaqlıq yolu və digər daxili orqanlarda inkişaf edə bilər. Xüsusilə də nəsillərində melanoma olan insanlar dəridə hər hansı şübhə doğuran ləkə və ya törəməyə rast gəlsələr, mütləq həkimə müraciət etməlidirlər. Lakin bu yalnız genetik meylli insanlara deyil, bütün insanlara aiddir.

Melanomanın diaqnostika və müalicəsi onkologiyada hələ də çətin bir problem olaraq qalır. 75 % hallarda artıq xəstələrdə yayılmış vəziyyət olur və bu zaman da cəmi 50% hallarda xəstənin ömrü 5 ilə qədər uzadıla bilir.

Ortalama olaraq hər insan 20 anadangəlmə xala malikdir, lakin il ərzində 100000 insandan yeddisi bu xəstəlikdən əziyyət çəkir. Hər il melanomadan 30-50% insan həyatını dəyişir. Lakin melanoma da bütün bədxassəli şişlər kimi erkən mərhələlərdə müalicəyə tabe olur.

Diaqnoz biopsiyaya əsasən qoyulur. Metastazları istisna etmək üçün PET-KT aparılır.

Müalicə isə mərhələdən, pasientin yaşından və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişilir. Üstünlük çox zaman cərrahi əməliyyat vasitəsilə şişin götürülməsinə verilir, lakin bundan əlavə radioterapiya, kimya terapiyası, immunoterapiya da tətbiq olunur.


Tarix: 24.12.2014 / 16:32 Müəllif: Aziza Baxılıb: 143 Bölmə: Xərçəng