beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sədərək

Sədərək – Azərbaycanda, Naxçıvan Muxtar Respublikasının tərkibində rayon. Rayonun əhalisi (2007-ci ilin əvvəlinə) 13,3 min nəfər, sahəsi isə 151,34 kvadrat kilometrdir.#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Sədərək qəsəbə bələdiyyəsi7013
2Qaraağac kənd bələdiyyəsi3749
3Heydərabad qəsəbə bələdiyyəsi1771
4Cəmi12533
Mündəricat
1 Umumi məlumat
2 Təbiəti
3 Əhalisi
4 İqtisadiyyatı
5 Tarixi-arxeoloji və memarlıq abidələri
6 Mənbə
7 İstinadlar


Umumi məlumat

Cənub-qərbdən Türkiyə ilə 11 km, şimal-qərbdən Ermənistanla 24 km məsafədə həmsərhəddir. Sahəsi 151,34 km²[1]-dir. Mərkəzi Heydərabad qəsəbəsidir. Rayonda 1 qəsəbə və 3 kənd yaşayış məntəqəsi var.

Təbiəti

Səthi şimalda və şərqdə dağlıq, Arazboyu hissədə bir-birindən tirə və yüksəkliklərlə ayrılan maili düzənlikdən (bax Sədərək düzü) ibarətdir. Cənub-şərqdə Dəhnə və Vəlidağ yüksəklikləri vasitəsilə Şərur düzündən ayrılır. Şimal-qərbdən isə Sarıbulaq dağlarının cənub-şərq ətəkləri ilə sərhədlənib Ağrı düzü ilə birləşir. Ucubiz, Əjdəkan, Tejkar, Vəlidağ və Saraclı dağları ilə əhatələnmişdir. Düzənlikdə başıaşağı olaraq allüvial və allüvial-prolüvial, dağlıq hissədə, xüsusilə mütləq yüksəkliyi 1100-1200 m-ə çatan Vəlidağda Devon, qismən Təbaşir çöküntüləri yayılmışdır. Ərazidə gil, mərmərləşmiş əhəngdaşı yataq və təzahürləri, mineral su yataqları var. Quru kontinental iqlimə malikdir. Yayı isti, qışı soyuq olur. Ərazisindən Qaraçay, Çapan çayı və Türkiyə sərhədi boyunca Araz çayı axır. Ərazidə, əsasən, boz torpaqlar yayılmışdır. Sədərək düzünün Arazyanı hissəsində yeraltı sular səthə yaxın olduğundan çəmən-ot bitkiləri yaxşı inkişaf etmişdir.

Əhalisi

Rayonun əhalisi 13,6 min nəfərdir (1 iyun 2008). Orta sıxlıq 1 km²-də 86 nəfərdir. Yaşayış məntəqələri Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki (19-20 yanvar 1990 ildə erməni-rus silahlı qüvvələri tərəfindən işğal olunmuşdur) kəndləridir.

İqtisadiyyatı

Sədərək rayonunun sosial infrastrukturunun möhkəmləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, sərhəd bölgəsinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi və gücləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Rayon mərkəzində və kənd yaşayış məskənlərində yeni inzibati və ictimai obyektlər inşa edilmiş, bərpa, tikinti-quruculuq və abadlıq işləri aparılmışdır. Yeni yaşayış qəsəbəsi salınmış, Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən Sədərək-Dilucu körpüsü ("Ümid körpüsü") tikilmişdir. Heydərabad qəsəbəsində ermənilər tərəfindən dağıdılan 100-ə yaxın yaşayış binası təmir olunmuş, su, elektrik və rabitə xətləri bərpa edilmiş, 35/10 kvt-lıq yarımstansiya quraşdırılmışdır. Türkiyənin Aralıq bölgəsindən Sədərəyə 35 kvt-lıq fasiləsiz elektrik xətti çəkilmişdir. Elektrik enerjisi ilə təmin olunması sahəsində xeyli işlər görülmüşdür. Rayonun suvarma sistemləri tamamilə yeniləşdirilmiş və yaxşılaşdırılmışdır. "Bulaqbaşı" kəhrizi əsaslı şəkildə təmir olunaraq Sədərək rayonuna 5 km məsafədən yeni içməli su xətti çəkilmiş, 7 subartezian quyusu qazılmış, su kəmərləri təmir olunmuş, ərazidə 15 bulaq-abidə tikilib istifadəyə verilmişdir. 4 pilləli nasos stansiyasında yenidənqurma işləri aparılmışdır. Əsası 1992-ci ildə qoyulmuş aqrar islahatların aparılması 1996-cı ildən etibarən daha da sürətləndirilmiş, 1999-cu ildə Sədərək rayonu üzrə tamamilə başa çatdırılaraq, əhali torpaq payları ilə təmin olunmuşdur. Kənd təsərrüfat məhsulu istehsalının həcmini və məhsuldarlığını yüksəltmək üçün özəl təsərrüfatların inkişaf etdirilməsi istiqamətində fermerlərə, torpaq mülkiyyətçilərinə xeyli güzəştlər edilmişdir. Hazırda rayon ərazisində BMT-nin İnkişaf Proqramının və İslam İnkişaf Bankının vəsaiti hesabına bir sıra işlər görülmüş və həyata keçirilməsi planlaşdırılmışdır.

Rayon iqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq və heyvandarlıq təşkil edir. Rayonda sənaye müəssisələrindən 2 şərab emalı zavodu, Naxçıvan Tikiş Fabrikinin filialı var. 2004-cü ildə muxtar respublika sənaye məhsulunun 3,0 %-ə qədəri Sədərək rayonunun sənaye müəssisələrində istehsal olunmuşdur. Bakı-Yerevan dəmir yolu (Naxçıvanın ermənilər tərəfindən blokadaya alınması səbəbindən işləmir), Naxçıvan-Türkiyə avtomobil yolu rayonun ərazisindən keçir. Sədərək gömrükxanası fəaliyyət göstərir.

Rayonda təbii su mənbəyi olmadığından suvarma, əsasən, 4 pilləli nasos stansiyaları və 3 qoldan ibarət kanallar, onların üzərindəki hidrotexniki qurğular vasitəsilə həyata keçirilir. Əhalinin içməli suya tələbatı isə "Bulaqbaşı" adlanan kəhriz və artezian quyuları vasitəsilə təmin edilir. Naxçıvan MR Ali Məclisi "Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında" 2001-ci il 15 mart tarixli xüsusi qərar qəbul etmişdir.

Tarixi-arxeoloji və memarlıq abidələri

Son illər aparılmış arxeoloji qazıntılar nəticəsində Sədərək rayonu ərazisində Eneolit, Tunc dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri və qəbir abidələri aşkara çıxarılmış və öyrənilmişdir. Sədərəyin cənubunda e. ə. IV-III minilliyə aid yaşayış yeri aşkar olunmuşdur. Ərazidə Əjdəkan, Cin təndiri, Cəhənnəmdərə, Şir arxı, Dəhnə, Qırmızılar, Fərhad arxı, Kültəpə, Ağoğlan, Karvansara, Ələddin, Qaraburun və s. tarixi yer adlan mövcuddur.

Sədərəyin cənub-şərqində, Araz çayının sol sahilində geniş bir ərazini əhatə edən orta əsrlərə aid yaşayış yeri tapılmışdır. Sədərək qalasının izləri bu günədək qalmaqdadır. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, bölgədə e. ə. 4-cü minillikdən başlayaraq fasiləsiz həyat davam etmişdir. Rayon ərazisində tarixi-memarlıq abidələrindən 3 məscid, orta əsrlərə aid qala xarabalığı, müdafiə istehkamı, karvansara, Ağoğlan piri, XIX-XX əsrin əvvəlində tikilmiş hamam binası və s. mühafizə olunmuşdur. Mühüm elmi və tarixi əhəmiyyət kəsb edən nadir abidələr bərpa olunur. Böyük Vətən müharibəsində (1941-45) və Azərbaycan torpaqları uğrunda şəhid olanlara abidə kompleksi inşa edilmiş, Şəhidlər xiyabanı salınmışdır. Mədəni quruculuq və səhiyyə. Sədərək rayonunda təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülmüşdür. Rayonda bir sıra inzibati və sosial-mədəni binalar, Qaraağac kəndində yeni məktəb binası tikilmiş, kəndlərin mərkəzi meydanları abadlaşdırılmış, asfalt örtük salınmış, milli memarlıq üslubunda işlər görülmüşdür. Mədəniyyət sarayının, rabitə evinin binalan təmir edilmiş, bərpa və abadlıq işləri aparılmışdır. Rayonun girəcəyindəki 4 km-lik qoşa yolun əsaslı təmiri başa çatdırılmış, 3 körpü yenidən qurulmuşdur. Rayonda 3 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi. 5 kitabxana, 4 klub, 1 uşaq-musiqi məktəbi, uşaq-gənclər şahmat məktəbi, tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir.


Tarix: 17.03.2013 / 13:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 669 Bölmə: Tariximiz ve rayonlarimiz