beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müasir texniki avadanlıqlar mədədə və ürəkdə ağrılar yaradır

Müasir texniki avadanlıqlar, elektron cihazlar həyatımıza elə daxil olub ki, onlarsız günümüz çətin və maraqsız olar. Amma digər tərəfdən bu cihazlardan düzgün və yerində istifadə etməməklə orqanizmimizi təhlükə qarşısında qoyuruq. Məsələn, günlərlə uzun müddət kompüter qarşısında oturmaq sağlamlıq üçün kifayət qədər fəsadlar törədir.

Gündəlik ünsiyyətdə olduğumuz elektron cihazlardan biri televizordur. Müasir televiziya qəbulediciləri kineskoplu, son vaxtlar isə həm də LCD və plazma ekranlıdır. Azərbaycan Texniki Universitetinin televiziya və radio sistemləri kafedrasının professoru Çingiz Əfəndiyev televizorun insan orqanizminə təsirindən danışarkən, rentgen şüalanması ilə bağlı deyilənlərin bir o qədər təhlükəli olmadığını qeyd edir. Onun sözlərinə görə, televizorun kineskopunun verdiyi rentgen şüalanması o dərəcədə aşağıdır ki, insan üçün heç bir təhlükə yaratmır. Amma bir şərtlə:

“Əvvəla TV standartları elə tərtib olunub ki, keyfiyyətli izlənmək üçün tamaşaçı ekrandan ən az beş ekran yüksəkliyi qədər uzaqda oturmalıdır. Bu zaman izlənmənin, təsvirlərin keyfiyyəti standarta uyğun olur. Yaxın oturanda rentgen şüalanmasını demirəm, başqa fəsadlar meydana çıxa bilər. Məsələn, ekranın sayrışan parlaqlığı yaxın məsafədən baxarkən insanın gözünə mənfi təsir göstərə bilər”.

Ancaq mütəxəssis sahəsi böyük olmayan otaqlarda iri ekranlı plazma televizorlarından istifadənin ziyanlı ola biləcəyini vurğulayır. İstehsalçı firmalar həmin televizorların hansı şüalanma buraxması ilə bağlı məlumat verməsə də, mütəxəssislər bu zaman ultrabənövşəyi şüaların yayılmasını istisna etmirlər.

Televizorun ekranında olduğu kimi, kompqterin monitorunun quruluşu da eyni texniki prinsiplərə əsaslanır. Amma kompüterlə işləyən adam onun monitoruna xeyli yaxın məsafədən baxmalı olduğu üçün burada şüalanmanın orqanizmə təsiri də qaçılmazdır:

“Televizordan xeyli uzaqda otururuqsa, monitora daha yaxın otururuq. Burada yalnız rentgen şlüalanması deyil, digər şüalanmalar da var. Məsələn, ultrabənövşəyi şüalanmalar. Onlar daha təhlükəlidir. Ultrabənövşəyi şüalar orqanlara təsir edir. Amma hər halda gözə daha çox ziyan vurur”.

Həkim-psixoterapevt Fəxriyyə Şahəliyevanın sözlərinə görə, kompüterlə işləmə zamanı ən çox təsirə məruz qalan gözlər və baş nahiyəsi olur. Ona görə də bu ümumi yorğunluğa, yuxusuzluğa, narahatçılığa, əzginlik, qıcığa qarşı həssaslığın artmasına səbəb ola, gözlərin qızarması, sulanması, göz ağrıları baş verə, ürək döyüntüləri, bədən temperaturunun yüksəlməsi, hər hansı xəstəlik varsa bu, kəskinləşə, mədədə, ürəkdə ağrılar meydana çıxa bilər. Bundan başqa, təzyiqin enib-qalxması, boyun ağrılarına da rast gəlinir”.

Müasir monitorlardan fərqli olaraq, kineskoplu köhnə kompüter monitorlarının daha çox ultrabənövşəyi şüa yaydığı bildirilir. Ç. Əfəndiyev belə monitorlara qoruyucu təbəqə qoyulmasının heç bir əhəmiyyəti olmadığını deyir. Bununla sadəcə ekranın parlaqlığı azalır, şüalanma isə olduğu kimi qalır.

Televizor və kompüterlə müqayisədə, mobil telefonların buraxdığı elektromaqnit şüalanması insan üçün daha təhlükəli hesab olunur: ”Onların şüalanma gücü xeyli böyükdür. Bildiyim qədər, bəzi telefonların 2 vatta qədər şüalandırıcı gücü var. Əsas insana zərər gətirən bunlardır. İnsanlar başa düşməlidir ki, mobil telefon qısa danışıq üçündür. Uzun danışmaq üçün normal telefondan istifadə olunmalıdır”.

Həkimlər mobil telefonların da orqanizmə, xüsusən baş-beyin və eşitmə orqanlarına mənfi təsirini qeyd edir. Ona görə mobil telefonla bir dəqiqədən çox danışmaq məsləhət görülmür. Ümumiyyətlə, bir çox elektron cihazların bir otaqda cəmləşməsi yolverilməzdir. Xüsusən yataq və istirahət otaqlarında. Əgər elektron cihazlar işləyibsə, otağın havası dəyişdirilməlidir.

Bəzi hallarda isə insanlar müasir avadanlıqlara elə alışqan olur ki, bu, onlarda psixoloji problemlərə gətirib çıxarır: F.Şahəliyevanın sözlərinə görə, internetdən-kompüterdən, mobil telefondan asılılıq, televizora aludəçilik ona gətirib çıxarır ki, insan hətta istirahətə gedəndə, təbiət qoynuna çıxanda da nəyinsə çatışmazlığını hiss edir, özünə yer tapa bilmir.

Son zamanlar ətraf mühitdə radiasiyanın artması dəri xəstəlikləri, onkoloji xəstəliklərin sürətlə inkişafına səbəb olan amillərdəndir. Odur ki, həkimlər belə bir şəraitdə orqanizmin sağlam qalmasını təmin etmək üçün diqqətli olmağı lazım bilir. Həkim xüsusən oturaq şəraitdə kompüterlə işləməyə məcbur insanlara işə fasilələr verməyi, vaxtaşırı istirahət etməyi, havaya çıxmağı, yaşıllığa baxmağı məsləhət görür. Otağın havasını tez-tez dəyişdirmək, vitaminlərlə zəngin qidanın qəbulu da müasir elektron cihazlarla təmasda olan adamların sağlamlığına müsbət təsir edə bilər.


Tarix: 08.01.2015 / 15:11 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Saglamliq